`Qapı-qapı gəzənlərdən deputat olmaz...` – Müsahibə

 `Qapı-qapı gəzənlərdən deputat olmaz...` – Müsahibə
  08 Oktyabr 2015    Oxunub:4568
“MSK bizə irad tutdu ki, sizin imzalar çox səliqəlidir”

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzovun AzVision.az-a müsahibəsi:

- Siyavuş müəllim, artıq deputatlığa namizədlərin qeydə alınması prosesi yekunlaşmaq üzrədir. İndiyə qədərki mərhələni necə xarakterizə edərdiniz?

- Bu ilki parlament seçkiləri aktivliyi ilə digərlərindən fərqlənir. Bunu bir dairədən namizədliyini irəli sürənlərin sayı da sübut edir. Yəni, orta hesabla hər dairədən 8-10 nəfər namizəd deputat mandatı uğrunda mübarizə aparacaq. Partiyamız isə 117 dairədən namizəd irəli sürüb. Onlardan 116 namizəd müvafiq DSK-lar tərəfindən deputatlığa namizəd kimi qeydə alınıb. Bir nəfər isə namizədliyini geri götürüb. Bu gün YAP 116 namizədlə seçkidə iştirak edir.



- Oktyabrın 9-dan etibarən təbliğat-təşviqat kampaniyasına start veriləcək. Hakim partiya seçkiyə hansı şüarla gedir?

- Yeni Azərbaycan Partiyası parlament seçkilərinə “Yeni Hədəflərə Doğru” şüarı ilə gedəcək. Bununla bağlı artıq partiyanın proqramı hazırlanıb. Yeni Azərbaycan Partiyasının seçki proqramı bukletlər şəklində çap olunub və təbliğat-təşviqat kampaniyası müddətində seçicilərə çatdırılacaq. Yeni Azərbaycan Partiyasının deputatlığa namizədləri üçün vahid plakatlar da hazırlanıb. Namizədlər üçün hazırlanan plakatlar sadəcə üzərlərinə vurulan dairələrin nömrələri ilə fərqlənir. Biz təbliğat-təşviqat kampaniyası dövründə qanunvericiliyin verdiyi bütün üsul və vasitələrindən istifadə edəcəyik.

- YAP ödənişsiz efir vaxtından imtina edəcəkmi?

- Qanunvericilikdə qeyd olunur ki, siyasi partiyanın 60-dan artıq dairədən namizədi qeydə alınarsa, ödənişsiz efir vaxtı əldə edə bilər və partiya şəkilində vahid təbliğat apara bilər. Yeni Azərbaycan Partiyasının 116 dairədən irəli sürdüyü namizədlər müvafiq Dairə Seçki Komissiyaları tərəfindən qeydə alınıb. Yəni, partiya olaraq bizim hüququmuz var ki, ödənişsiz efir vaxtından istifadə edək. Ancaq, Yeni Azərbaycan Partiyası alternativliyin təmin olunmasını istəyir. Təəssüflər olsun ki, digər siyasi partiyalar kifayət qədər namizəd irəli sürə bilmir və verdikləri namizədlərin indiyə qədər olan qeydə alınma sayı göstərir ki, bizə hər hansı bir alternativ partiya olmayacaq. Belə olan tərzdə, ötən seçkilərdəki təcrübəni də nəzərə alsaq, partiyanın rəhbər strukturu ödənişsiz efir vaxtından imtina barədə qərar qəbul edir. Ancaq, bu günə qədər bu qərarı rəsmi qəbul etməmişik. Əgər partiya bununla bağlı qərar qəbul etsə, Mərkəzi Seçki Komissiyasına öz müraciətimizi göndərəcəyik. Partiya ödənişsiz efir vaxtından imtina etmə ilə bağlı rəsmi qərar versə, bunu deputatlığa namizədlərin qeydə alınması prosesi yekunlaşdıqdan sonra açıqlayacaq.

- Hakim partiya ödənişli təbliğat kampaniyası üçün seçki fondu yaradıbmı?

- Sentyabrın 16-da partiya seçki fondu yaradıb. Artıq seçki fonduna vəsaitlər daxil olub. Bu vəsait təbliğat-təşviqat materiallarının çap olunmasında, müxtəlif ödənişli əsaslarla görülən işlərin haqqının ödənilməsi, eyni zamanda qərargahda çalışan insanların əmək haqqının ödənilməsi üçün istifadə olunur. Əgər gələcəkdə qərar qəbul edilsə ki, ödənişli efirdən də istifadə edək, bu zaman öz seçki fondumuz vasitəsi ilə ödənişləri həyata keçirəcəyik. Artıq partiyanın mətbuat xidməti bir sıra KİV-lərlə müqavilələr imzalayıb.

Bu gün Azərbaycanda sərbəst internet geniş yayılıb. Ona görə insanların böyük əksəriyyəti televiziyalardan daha çox internetdən məlumat alır. Ona görə də bu il onlayn media üzərindən daha çox təbliğat aparılacaq. Həmçinin sosial şəbəkələr üzərindən də geniş təbliğat kampaniyası aparılacaq.



- Hakim partiya təbliğat-təşviqat kampaniyası çərçivəsində mitinqlər keçirəcəkmi?

- Qanunvericiliyin tələblərinə uyğun olaraq təbliğatın bütün növlərindən istifadə edəcəyik. Biz bütün seçkilərdə olduğu kimi üstünlüyü fərdi qaydada hər bir seçici ilə görüşə verəcəyik. YAP hər bir kənddə, qəsəbədə görüşlər keçirəcək. Biz bütün sosial qrup insanlarla görüşlər keçirməyi planlaşdırırıq. Çünki, onların hər birinin öz maraqları var. Ona görə də bütün sosial qrup insanları bir yerə yığıb görüş keçirib, mesaj çatdırmaq alınmır. Biz insanların hər birinə ayrı-ayrılıqda mesajlar verəcəyik.

- YAP seçkiləri neçə müşahidəçi ilə izləyəcək?

- Artıq YAP bütün dairə və məntəqələrə müşahidəçi təyin edib. Onların sayı 5000-dən yuxarıdır. Həmçinin 5000-dən çox məşvərətçi səs hüquqlu üzv təyin edib. Onların da qanunla seçkiləri müşahidə etmək hüququ var. O cümlədən biz bütün respublika ərazisində müşahidə hüququna malik insanları müəyyən etmişik. Artıq onların da sənədləri hazırdır. Yaxın günlərdə İdarə Heyətinin qərarı ilə sənədləri MSK-ya təqdim olunacaq.

- Müxalifət iddia edir ki, onların irəli sürdüyü namizədlərin qeydə alınması zamanı müxtəlif əngəllər törədilir. Bu iddialarla razısınızmı?

- Bununla bağlı kifayət qədər tədqiqat aparmışıq. Əgər deputatlığa namizəd özü qapı-qapı düşüb, özünə imza toplayırsa, artıq məsələ burada həll olunur. Deməli, bu deputatlığa namizədin heç bir sosial bazası, elektoratı yoxdur. Düzdür, bəzən müxalifət bitərəf namizədləri hədəf alır ki, rabitə qovşağında çalışan birinin namizədliyi qeydə alınır, onlarınkı yox. Əslində rabitə qovşağında çalışan adam daha çox insanlarla ünsiyyətdə olur və bilirlər ki, kimlərdən imza almaq daha rahatdır.

Məsələn, televizor ustası ay ərzində azı 15 evdə olur, nəinki hansısa siyasi partiyanın nümayəndəsi. Ona görə də müxalifətdən namizədliyini irəli sürənlər imza toplaya bilmir. Müxalifət partiyaları 15-16 səlahiyyətli nümayəndə təyin edib. Axı, bu qədər az sayda səlahiyyətli nümayəndə bütün partiyanın namizədlərinin hüquqi prosedurun həyata keçirə bilməz. Biz hər dairəyə iki nəfər səlahiyyətli nümayəndə təyin etmişik. O cümlədən hər namizəd üçün 10 nəfər imza toplayan. Bunlarda isə bir nəfər namizəd tapıb atıblar ortaya, əlinə imza vərəqəsi veriblər ki, imza toplasın. Bu da gedib imza yığa bilmir və sonra başqa-başqa hallar ortaya atmağa başlayır.

Biz tədqiqat aparmışıq ki, bir namizədin qardaşı 3 ay öncə oğurluq üstündə tutulub. Həmin namizəd isə yalandan öz partiya sədrinə məlumat verir ki, seçkidə iştirak etdiyinə görə qardaşını həbs ediblər.

Hətta elə namizədlər var ki, onların Azərbaycan vətəndaşlığı yoxdur. Bu cür hallar var və müxtəlif bəhanələr gətirirlər. Hesab edirəm ki, belə məlumatlar ictimaiyyəti çaşdırmağa yönəlib. Əgər bir namizəd 450 seçicinin imzasını alıb seçkidə iştirak edə bilmirsə, onun iştirakının heç bir mənası yoxdur. Kim namizəd kimi qeydiyyatdan keçə bilmirsə, problem onun özündədir.



- Bu seçkidə radikal müxalifət təmsilçilərinin Milli Məclisə düşmə imkanları nə qədərdir?

- Hansı namizədin Milli Məclisə düşəcəyini seçici həll edəcək. Eyni zamanda onların təbliğat-təşviqat kampaniyası dövründə hansı proqramla seçici qarşısına çıxmasından asılı olacaq. Əgər, köhnə nağılları oxuyacaqlarsa, yaxud 90-cı illərdən bir addım irəli getməyəcəklərsə, seçkidən qalib gəlmək şansları sıfıra bərabər olacaq. Yəni, bu gün seçicinin maraqları tamam başqadır. Onlar seçicini maraqlandıran məsələləri tədqiqat nəticəsində öyrənib, ona uyğun mesajlarını çatdırmalıdırlar. Yenə “xalq qırılır”, “xalq ölür” kimi keçmişdən qalma şüarlar səsləndirsələr, heçnə əldə edə bilməyəcəklər. Çünki, xalq öz yaşayış tərzini də bilir, iqtisadiyyatın inkişafını, abadlıq-quruculuq işlərini, ictimai-siyasi sabitliyi də görür. Ona görə də gözünün içinə baxa-baxa yalan danışanları qəbul etmir.

- Yaxın günlərdə mətbuatda dindarların seçkini boykot etmə çağırışı ilə bağlı xəbərlər yayılıb. Bu barədə də fikirlərimizi bilmək istərdik.

- Bir nəfər dindarın hər hansı bir çağırışı Azərbaycan dindarlarının adına yazıla bilməz. Yəni, kiməsə bütün dindarlar, yaxud xalqın adından danışmağa hüquq verilməyib. Bunlar nə qanunvericilik, nə də mənəvi hüquqla bu haqda danışa bilməzlər. Bu baxımdan kimin nə danışmağının heç bir əhəmiyyəti yoxdur.

- Beynəlxalq müşahidəçilərdən, xüsusən ATƏT-in Demokratik Təsisatlar Bürosu seçkiləri izləməyəcək. Bəzi dairələr bunu əsas gətirərək seçkinin nəticələrinin beynəlxalq ictimaiyyət tərəfindən tanınmayacağını bəyan edir.

- Hakimiyyətin mənbəyi xalqdır. Dünyanın bir çox ölkələrində müşahidəçilər dəvət edilmədən seçkilər keçirilir. Məsələn, ABŞ-da keçirilən seçkilərə ATƏT-in Demokratik Təsisatlar Bürosunu buraxmadılar. Bu o demək deyil ki, ABŞ-da seçilənlərin mandatı tanınmır. Biz Avropa Şurasının üzvüyük və qanunla onlar müşahidə aparmaq hüququna malikdirlər və 36 nəfərlə seçkilərin müşahidəsini aparacaq. Biz ATƏT-in Demokratik Təsisatlar Bürosuna da seçkiləri müşahidə etmək təklifini etmişdik ki, hər dairəyə bir qısamüddətli müşahidəçi, ümumilikdə isə 10 nəfər uzunmüddətli müşahidəçi təyin olunsun. Yəni müşahidəçinin sayının çoxluğu məsələni həll etmir. Onlar isə deyir ki, 360 nəfər müşahidəçi göndəririk. Sual olunur: Ukraynanın ərazisi, əhalisi, seçki dairələrinin, məntəqələrinin sayı Azərbaycandan çoxdur. Ukraynaya 200 civarında, yaxud Rusiyadakı seçkilərə cəmi 47 nəfər müşahidəçi göndərilir. Bizə niyə 360 müşahidəçi göndərilir? Yaxşı, bu müşahidəçinin saxlanılmasına vəsaiti haradan alırsan? Başqa yerlərə müşahidəçi tələb olunanda deyirlər ki, vəsait çatışmır. Bəs Azərbaycana gələndə niyə vəsait artıqlaması ilə çatışdı? Yəni, belə maraqlara xidmət edən yanaşma müşahidə missiyasının qərəzli olmasına dəlalət edir.

Biz seçkilərə müşahidəçi göndərməsi üçün bütün ölkələrin parlamentlərinə dəvət göndərmişik. Bu ilki seçkiləri MDB Parlament Assambleyası, İCAPP (Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı) müşahidə edəcək.



- YAP-ın namizəd siyahısında yer alan Leyla Abdullayeva seçkidə iştirakdan imtina etdi. Bundan sonra YAP-ın bu dairədən irəli sürdüyü namizəd olmasa da partiya üzvü olan namizəd var. YAP həmin namizədi dəstəkləyəcəkmi?

- Bu seçkilərdə Yeni Azərbaycan Partiyasının üzvü olan 53 nəfər öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürüb. Hansı ki, həmin dairələrdən YAP namizəd irəli sürmüşdü. Hansı dairədən biz namizəd irəli sürməmişik və ya başqa namizədi dəstəkləyiriksə, oradan partiya üzvlərinin namizədliyini irəli sürməməsini bəyan etmişdik. YAP-ın icazəsi olmadan namizədliyini irəli sürən partiya üzvlərinin 40 nəfəri artıq namizədliyini geri götürüb. Digər 13 nəfərin isə qarşıdakı mərhələdə hansı addımı atacağını görəcəyik.

YAP-ın namizəd siyahısında olan Leyla Abdullayeva namizədliyini geri götürüb. Bu dairədən namizədliyini irəli sürən partiya üzvü fəaldırsa, bizim qərarın ruhuna uyğundursa, onu dəstəkləyəcəyik.

- YAP-ın icra katibinə yeni müavin təyinatı gözlənilirmi?

- Mübariz Qurbanlı YAP icra katibinin müavini kimi fəaliyyətini davam etdirir. Onun sahəsi əsasən ideoloji işdir. Yəni, Mübariz Qurbanlı dini problemlərin həllində partiyanın gücündən istifadə edir. Bu baxımdan bir problem yoxdur. Eyni zamanda partiyada şöbə müdirləri var. Yəni, icra katibləri olmadıqda həmin işlərlə onlar məşğul olurlar. Ən böyük aksiya seçkilərdir və gördüyünüz kimi heç bir çətinliyimiz yoxdur.

- YAP-ın namizədlərinin DSK-lara təqdim etdiyi imzalardan etibarsız sayılanı olubmu?

- Biz bütün seçkilərdə ciddi şəkildə məsələ qoyuruq ki, saxta imza vərəqəsi ola bilməz. Sual oluna bilər ki niyə? Çünki, bizim ən kiçik rayon təşkilatımızda 2000 üzvümüz var. Yəni, buradan 500 imza toplamaq çətindirmi? Əlbəttə yox. Eyni zamanda partiya imzaların yoxlanılması üçün xüsusi ekspertlər dəvət edir. Bir sözlə biz imzaları DSK-lara təqdim edənə qədər öz ekspertizamızdan keçir. Ona görə də imzaların etibarsızlığı məsələsindən söhbət belə gedə bilməz. Ötən prezident seçkilərində partiya imzaların yoxlanması üzrə xüsusi ekspertlərlə müqavilə bağlamışdı. Onlar bir neçə gün ərzində imzaları bir-bir yoxladı. Bundan sonra MSK-ya təqdim etdik. O zaman MSK bizə irad tutdu ki, sizin imzalar çox səliqəli şəkildə toplanılıb. Ona görə də bizdə belə məsələlər ola bilməz.

Elvin Abdulqədirov
Foto: Elvin Abdulla


Teqlər:  





Xəbər lenti