Kilsədə bəxtini açdıran hicablı qız... - Reportaj

Kilsədə bəxtini açdıran hicablı qız... - Reportaj
  07 Oktyabr 2015    Oxunub:36620
Azərbaycan dini baxımdan Qafqazın ən tolerant ölkəsidir. Burada müsəlmanlar sayca çoxluq təşkil etsə də, xristian, yahudi və digər dinlərin nümayəndələri kompleks şəklində yaşayır, birgə həyat sürürlər.

Dinindən, milli mənsubiyyətindən aslı olmayaraq dövlət tərəfindən hər kəsin ibadət etməsi üçün lazımı şərait yaradılıb.Təkcə Bakıda deyil, bölgələrdə də xristianlar, yahudilər üçün ibadət ocaqları tikilib istifadəyə verilib.


Kilsə və sinaqoqda bir gün…

Reportaj hazırlamaq üçün ilk üz tutduğumuz məkan metronun “28 May” stansiyası yaxınlığında yerləşən “Rus Pravoslav” kilsəsi oldu.



Günorta vaxtları olduğundan ibadətə gələnlərin sayı günün digər saatlarına nisbətən az idi. Kislədə kimisi şam yandırırdı, kimisi isə İsa Məsihin ikonası qarşısında dayanıb dualar oxuyurdu.

Kilsədə əsasən qadınlar çoxluq təşkil edirdi. Bir-iki nəfər kişi isə kənarda dayanıb, gənc keşişə yaxınlaşmaq üçün məqam axtarırdı. Bəndəniz isə ruslara aid heç bir dini ayini, duanı bilmədiyimə görə kənarda dayanıb, gənc keşişlə qadınların söhbətinə qonaq oldum.

Keşiş qadınlara bir həftə ərzində şam yandırmağı, bir həftədən sonra şamın kötüklərini ona gətirməyin vacin olduğunu deyirdi. Qadınlar isə keşişin hər bir tapşırığını xüsusi diqqətlə dinləyir, yerinə yetirəcəklərinə dair söz verirdilər.



Keşişə yaxınlaşmağa imkan tapan orta yaşlı bir azərbaycanlı kişi ona işlərinin qaydasında getmədiyi, borca-xərcə düşdüyündən şikayətlənirdi. Buna görə keşişin onun yolunu açmasını, məsləhətlərini verməsini xahiş edirdi….



Kilsənin digər tərəfində isə nisbətən yaşlı keşiş dua masasında insanlar üçün dualar oxuyur, onların üzərlərində olan ağırlıqları götürürdü.

Öz aləmimdə fikirləşdim ki, elə gəlmişkən keşiş mənim də ağırlığımı götürsün. Elə bu məqsədlə ona yaxınlaşmağa hazırlaşırdım ki, gördüm məndən əvvəlki ağırlığını götüzdürən xanım keşişin cibinə 10 manat qoydu. Sakitcə keçib yerimə oturdum. Prosesləri müşahidə etməklə kifayətlənirdim.



Diqqətimi çəkən məqamlardan biri də azərbaycanlı bir qadının yanında gətirdiyi xanımın ağırlığını keşiş götürdükdən sonra, ona telefonda şəklini göstərdiyi oğlan uşağının da ağırlılığını götürməsini xahiş etməsi idi. Keşiş telefonu dua masasının üstünə qoyub üzərini örtdü və dualar etdi. Sonda qadın keşişə 2 manat uzadarkən keşiş əsəbləşib, `mənə pul verməyin` dedi. Masasını yığışdırıb getdi…



Məni isə təəccüb bürümüşdü. Özünə məxsus saç düzümü ilə fərqlənən keşişin bayaqdan cibinə qoyulanlardan guya xəbəri yox idi? Yoxsa, yaşıl onluğu saqqız kağızı kimi görürdü?

Elə bunları fikirləşirdim ki, yanımda hicablı bir xanım əyləşdi. Təəccübləndim. Öz-özümə sual verdim: “Mən məsciddəyəm yoxsa….”.

- Siz müsəlman xanımlarına məxsus şəkildə geyinmisiniz, düzünü desəm, bir az mənə bu qəribə gəldi.

Cavabında xanım:

- Bəli, azərbaycanlıyam. Burada gördüklərinizin də əksəriyyəti azərbaycanlıdır. Xrisitanlar bura səhər və axşamlar gəlirlər. Mən özüm elə indicə məsciddə namaz qılıb bura gəlmişəm. Hamımızın Allahı birdir. Nə fərqi var ki, məscid və ya kilsə…

Bizim mollalar heç nə bacarmır. Onların etdikləri kefiyyətli olmur. Ona görə də bura keşişin yanına gəlmişəm ki, mənim ağırlılığımı götürsün. Bağlanmışam. Gəlmişəm keşişin yanına ki, yolumu açsın.



-Keşiş sizin bəxtinizi necə açır və bunun müqabilində sizdən nə qədər pul alır?

- Sözün düzü hələ bilmirəm. Məni bura göndəriblər, bu gün ilk dəfə danışacam keşişlə

…Beləliklə, birinin şam yandırdığı, dua oxuduğu, digərinin bəxtini açdırdığı bu məkandan uzaqlaşıb getmək istiyirəm ki, kilsənin önündə iki xanımla qarşılaşdım.

Aralarında təxminən belə dialoq gedirdi:



-Yox, keşiş Vasiliy yaxşıdır. Mənə kömək etdilər, evim satılmırdı, satdım. İndi də yenə gəlmişəm.

Digər xanım:

-Burada biri var idi, mənə köməyi dəymədi, ara yerdə 80 manatım getdi. Mənə dedi, bal gətir, balı gətirdim, ona dualar oxudu, dedi, bir həftə ye. Amma xeyri olmadı. Hara gedirəmsə, bir ay işləyirəm. Bir aydan sonra, elə bil it asqırır, ya işdən çıxarırlar, ya da özüm çıxıram. Tilsimə düşmüşəm. İndi yaxşı bir keşiş axtarıram.

Reportajımızın ikinci hissəsini Bakıda yerləşən Alman kilsəsində davam etdiririk.

Kilsəyə daxil olarkən gördüyümüz mənzərə bizi təəccübləndirdi. Burada Almaniyadan gəlmiş musiqiçi məşq edirdi. Məlum olur ki, almanların ibadət günü isə yalnız həftədə bir dəfə, bazar günlərinə təsadüf edir.

Həftənin qalan günləri isə burada klassik musiqilərdən ibarət konsertlər keçirilir.



Yəhudlərinin Bakıdakı ibadətgahında isə mənzərə tam fərqli idi. Sinaqoqa daxil olarkən mühafizəçi qarşımızı kəsərək hansı məqsədlə gəldiyimizi soruşur:

-Məgər Allahın evi deyilmi?-, deyə sual versək də, mühafizəçi üstümüzü yoxladıqdan sonra içəri buraxdı. İbadətgah bomboş idi. İçəridə Ravvindən başqa heç kim yox idi.

Soruşanda ki, nə üçün heç kim yoxdur, Ravvin bildirdi ki, yəhudilər ibadətə əksər hallarda axşam saatlarında gəlirlər.

Fürsətdən istifadə edib, Ravvinlə ölkəmizdəki dini vəziyyət barədə söhbət etdik. O bizə yəhudilərin dini adət ənənlərindən tutmuş, yəhudilərin bura gün ərzində neçə dəfə gəlməklərinə qədər məlumat verdi.



Bildirdi ki, yəhudlər Azərbaycanda özlərini çox sərbəst hiss edirlər, onlara hər hansı təzyiq olunmur. Əksinə, dini ayinlərini icra etmək üçün yahudlər müsəlmanlarla bərabər hüquqa malikdirlər.

“Müsəlmanlar bizim dostlarımızdır. Xüsusən də Azərbaycanda yaşasaq da onlarla bizim çox dərin bağlarımız var. Ailəvi dostluq edirik, xoş münasibətlər qururuq. Biz onların dininə, onlar da bizim dinimizə hörmətlə yanaşırlar. Bu baxımdan heç bir problemimiz yoxdur. Çox razıyıq”.



Ravvin qeyd edir ki, yəhudilər həftədə bir dəfə Şabat ( şənbə günü-red) müqəddəs gün hesab olunur. Həmin gün yəhudilər axsam saat 7-dən sonra işləmirlər, maşın sürmür, pul xərcləmirlər. Həmin gügn yəhudilərin istirahət günü kimi qeyd edilir.



Beləcə, hamını bir Allahın adı ətrafında birləşdirən ibadət evlərini tərk edib geri dönürük.

Şahanə Rəhimli
Fotolar : Elvin Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti