`Xoşqədəmlə problemim yoxdur...` - MTRŞ sədri

`Xoşqədəmlə problemim yoxdur...` - MTRŞ sədri
  07 Oktyabr 2015    Oxunub:3133
“Televiziya kanallarının çəkdiyi seriallar bizi qane etmədi. Bu kanalların əksəriyyəti onlara verilən vəsaitdən lazımınca istifadə etmədi. Bəlkə də şəxsi məqsədlər üçün istifadə etdilər. Artıq bir telekanalı məhkəməyə vermişik, bəzilərini də verəcəyik”.
AzVision.az xəbər verir ki, bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

O bildirib ki, seriallar üçün ən aşağı səviyyəli mövzular seçilib: “Ailə-məişət məsələsi, ailədə xəyanət, varlı-yoxsul arasında olan münasibətlər seriallarda əsas mövzu kimi qoyulub. Biz seriallarla bağlı məsələni artıq bir qədər səngitmişik. Gördüyünüz kimi, xeyli müddətdir ki, bununla bağlı hər hansı bir yenilik yoxdur”.

MTRŞ sədri qeyd edib ki, bu səbəblərə görə də Azərbaycan ictimaiyyəti serialları qəbul etmədi: “Təbii ki, yaxşı seriallar çəkildi. Seriallara çəkilən xərclər bu sahədə müəyyən canlanma yaratdı. Müəyyən aktyor və aktrisalar işə cəlb olundu. Bu sahədə infrastrukturun qurulmasına böyük dəstək oldu. Yəni bu sahədə xeyli iş görüldü. Hətta ssenaristlərin sayı artdı. Amma təbii ki, ümumi keyfiyyət bizi qane etmir. Özəl kanalların əsas gəlir yeri reklamlardır. Biz Türkiyədə, Rusiyada çəkilən serialları Azərbaycanda çəkilən seriallardan üstün tuturuq. Amma Türkiyədə efirdə yayımlanan reklamın dəqiqəsi 40-50 min dollar, bizdə isə 1000 manat həcmindədir. Təsəvvür edin ki, onların bizdən 50 dəfə çox maliyyə gəliri var. Bu sahədə dəyişikliklər ölkəmizin iqtisadi qüdrəti artdıqca özünü göstərəcək. Biz birdən-birə bu sahədə inqilabi dəyişiklik edəcəyimizi gözləmirdik”.

O, təəssüflə qeyd edib ki, ANS-lə MTRŞ-nın arasında olan məsələ kimi qələmə verilir: `Bunu ANS özü bu formaya salıb. Bu onların stilidir. Hər hansı bir məsələni onlara qarşı kampaniya kimi qəbul edirlər. Burda hər hansı kampaniya yoxdur. Tam səmimiyyətlə deyirəm burada hər hansı qərəzdən söhbət gedə bilməz. Sadəcə, Azərbaycan efirində küçə mədəniyyəti, küçə tərbiyəsi, küçə psixologiyasında verilişlərin verilməsi onlara haqq qazandırmır`.

`Sizin Xoşqədəm Baxşəliyeva və ya digər aparıcı ilə hər hansı bir probleminiz var?`sualına cavabında isə N.Məhərrəmli:

`Çox təəssüf ki, bu da ANS kanalının üslubudur. Artıq ANS kanalının üslubu, metodu hamıya məlumdur. Mən burda dövləti təmsil edirəm və bizim televiziya kanallarında işləyən sıravi insanlarla hər hansı bir problemimiz yoxdur. Bizim problemimiz televiziya kanalının özü ilədir, onu idarə edənlərlədir. Ona görə də bizim hər hansı aparıcı ilə, rejissorla, operatorla işimiz yoxdur. Sadəcə, efirdə qanun pozuntusu varsa, onu televiziya kanallarının rəhbərləri ilə müzakirə edib fikir bildiririk. Bizim heç kəslə problemimiz yoxdur. Nə o tip adamlarla, nə Mirşahin tipli adamlarla, nə də Vahid Mustafayev tipli adamlarla`- deyə cavablandırıb.

N. Məhərrəmli müsahibəsində məhkəməyə verilən telekanalın adını açıqlamasa da, APA-nın əldə etdiyi məlumata görə, MTRŞ-nın məhkəməyə verdiyi televiziya kanalı İTV-dir. İTV "Qarabağnamə" çoxseriyalı bədii televiziya filmini yarımçıq dayandırdığına görə bu addım atılıb.


Teqlər:  





Xəbər lenti