Aqrar sahə: yeni inkişaf mərhələsində

Aqrar sahə: yeni inkişaf mərhələsində
  02 Oktyabr 2015    Oxunub:10017
Hər dəfə torpaqdan söhbət düşəndə xalq arasında zərb-məsəl kimi işlədilən bir ifadə yadıma düşür: “Pis torpaq yoxdur, pis əkinçi var”.
Bir vaxtlar kəndlərində yaşayanlar arasında torpaqdan küsüb başqa yerlərə üz tutanlar az olmayıb. Çünki kolxozun aylıq məvacibi 30-40 manatı keçmirdi. Torpaq xalqın milli sərvəti, elin var-dövləti olsa da təəssüf ki, sovetlər dönəmində bu müqəddəs toxunulmaz əmanət 1969-cu ilə qədər öz həqiqi sahibindən uzaq salınıb. Təsərrüfatsızlıq üzündən külli miqdarda torpaq dövriyyədən çıxarılıb.
Azərbaycan yenidən öz müstəqilliyinə qovuşduqdan sonra xalqımızın ümummilli lideri Heydər Əliyev ötən əsrin 70-80-ci illərində başladığı aqrar islahatları davam etdirdi, öz təbib əlləri ilə “xəstə torpaqlarımızın yaralarına məlhəm qoydu”, bu milli sərvəti onun əsl sahibinə – kəndliyə qaytardı...
İndi o vaxtdan illər ötüb.
Artıq 2015-ci ildir. Bu il isə kənd təsərrüfatını inkişaf etdiriləcək, yeni texnikalar alınacaq, bu sahəyə dövlət yardımları ayrılacaq. Axı bu il “Kənd təsərrüfatı ili” dir.
Amma hazırda ili başa vurmağımıza bir iki ay qalıb. Odur ki, bizə sadəcə bu ildə görülən işlərdən danışmaq qalır.

Bu gün dünyanın qlobal ərzaq problemi ilə üz-üzə qaldığı vaxtda aqrar sektorun inkişaf etdirilməsi Azərbaycanın iqtisadi siyasətində strateji istiqamət elan olunub. Məhsul istehsalçılarının, demək olar, bütün vergilərdən azad edilməsi, onları yanacaq və motor yağlarına, eləcə də əkin sahələrinə görə subsidiyaların verilməsi, fermerlərə texnika və cins mal-qaranın güzəştli qiymətlərlə satılması və bu kimi digər tədbirlər son nəticədə istehsalın artmasına nəticə də isə ölkəmizin ərzaq sarıdan idxaldan daha az asılılığına səbəb olub.
Amma Azərbaycan bununla kifayətlənmək fikrində deyil. Nazirlər Kabinetinin iclaslarından birində Prezident İlham Əliyev dövlətin bu sahədə növbəti məqsədini belə açıqlamışdı: “Ərzaq təhlükəsizliyi bu sahədə prioritet təşkil edir... İstehsalı mümkün olan bütün məhsullar Azərbaycanda istehsal edilməlidir və biz idxaldan asılılığımızı azaltmalıyıq... Eyni zamanda biz ixrac imkanlarımızı da artırmalıyıq. Mən əminəm ki, indi kənd təsərrüfatında aparılan islahatlar - məhsuldarlığın artırılması, subsidiyalarda şəffaflığın təmin edilməsi, kənd təsərrüfatı texnikasının daha da böyük həcmdə alınması və digər tədbirlər nəticəsində bizdə daha da böyük ixrac potensialı yaranacaq və bizim artan daxili tələbat Azərbaycanda istehsal olunacaq kənd təsərrüfatı məhsullarını həzm edə bilməyəcəkdir. Ona görə ixrac imkanlarımızı artırmalıyıq. İxraca çıxarılan məhsullar ən yüksək dünya standartlarına cavab verməlidir. Biz yeni ixrac bazarları axtarmalıyıq və o bazarlara çıxmalıyıq. Belə olan halda biz gələcəkdə sahibkarlığın və kənd təsərrüfatının yüksəlişi üzrə çox dinamik inkişaf yolu ilə gedəcəyik, bu inkişafı təmin edəcəyik”.

Sitatdan göründüyü kimi, aqrar sektor üzrə qarşıya qoyulan vəzifələr son nəticədə ölkənin ərzaq təhlükəsizliyinin tam təmin edilməsi ilə yanaşı, bu sahədə rəqabətə davamlı ixrac potensialının yaradılmasıdır. Bunun üçünsə təbii ki, ilk növbədə kənd təsərrüfatı bölməsində islahatlar davam etdirilməli, qabaqcıl dünya təcrübəsi öyrənilməlidir.




Elə Prezidentin 16 aprel 2014-cü il tarixli "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" fərmanı məhz bu məqsədə xidmət edir. Hər bir bəndinin aqrar sektorun daha sürətli, daha təkmil, daha etibarlı inkişafına yönələn fərmanda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, eləcə də Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə, Əmlak Məsələləri Dövlət komitələri, "Meliorasiya və Su Təsərrüfatı" və "Azərbaycan İnvestisiya Şirkəti" ASC-ləri və digər hökumət və dövlət qurumları qarşısında konkret vəzifələr qoyulub.
Həmin vəzifələrdən biri Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələrinin yaradılmasıdır. Qeyd edək ki, hazırda sözügedən nazirliyin yalnız bir neçə rayon mərkəzində ərazi idarələri fəaliyyət göstərir və onlar, sözsüz ki, bu gün aqrar sektorun qarşısında qoyulan vəzifələri yerlərdə icra etmək imkanına malik deyillər. Başqa sözlə desək, hər bir rayon və şəhərdə Kənd Təsərrüfatı Nazirliyinin idarələrinin yaradılması yerlərdə aqrar siyasətin həyata keçirilməsinin təmin edilməsi, kənd təsərrüfatına dövlət dəstəyi tədbirlərinin təşkili, aqrar sahə ilə bağlı problemlərin həllində müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının struktur bölmələri ilə səmərəli əməkdaşlığın qurulması məqsədini daşıyır.



2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi 2014-cü ildən etibarən Azərbaycanda aqrar islahatların yeni mərhələsinin başlaması ilə bağlı Prezident tərəfindən verilən siyasi qərarların məntiqi davamı oldu. Yəni ölkədə aqrar sahənin inkişafı ilə bağlı strateji vəzifələr artıq dövlət başçısı tərəfindən müəyyən olunub. Nazirlik də buna uyğun olaraq müvafiq fəaliyyət planlarını hazırlayıb. İlk növbədə, fermerlərin istehsal vasitələri ilə təminatının daha da gücləndirilməsi üçün mövcud mexanizmlərin təkmilləşdirilməsi prioritet vəzifələr sırasındadır. Hələ ötən ildən “Aqrolizinq” ASC tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan kənd təsərrüfatı texnikalarının ilkin dəyərinə 40 faiz həcmində güzəşt tətbiq edilib. Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldilir. Müasir meliorasiya, irriqasiya sistemləri dövlət investisiyaları hesabına qurulur. Mineral gübrələrin dəyərinin 50 faizdən çoxu, texnikanın dəyərinin 40 faizi dövlət büdcəsinin vəsaitləri hesabına kompensasiya olunur. Mineral gübrələrin satış qiymətinə tətbiq edilən güzəştin həcmi 50 faizdən 70 faizə yüksəldilib. Ölkəmizdə hər il təqribən 600 min kənd təsərrüfatı məhsulları istehsalçısı dövlət dəstəyindən bəhrələnir. Tətbiq edilən güzəştlərin həcminin artırılması hesabına 2014-cü ildə fermerlər texnikanı əvvəlki ilə nisbətən 50 faiz, gübrəni isə 30 faiz aşağı qiymətlə əldə ediblər. Bu da məhsulun maya dəyərinin əhəmiyyətli dərəcədə azalması nəticəsində fermerlərin gəlirlərinin artmasına və investisiya imkanlarının genişləndirilməsinə müsbət təsir göstərib. Bitkiçiliyin inkişafına birbaşa dəstək tədbirləri çərçivəsində 2014-cü ilin məhsulu üçün buğda və çəltik səpininə görə 20,1 milyon manat, əkin sahələrinin və çoxillik bitkilərin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə isə 51,8 milyon manat yardım göstərilib.



Dövlət başçısının tapşırığı ilə hazırda yanacaq və motor yağlarına görə verilən güzəştlərin həcminin artırılması, habelə təkrar əkinlərə görə, subsidiyaların verilməsi ilə bağlı təkliflər hazırlanır. Fermerlərin məhsuldar toxum sortları ilə stabil şəkildə təminatını həyata keçirtmək üçün Toxum Fondunun yaradılması ilə bağlı zəruri tədbirlərin görülməsi Prezidentin verdiyi tapşırıqlar sırasındadır.
Onu da deyək ki, cari mövsümün əvvəlində əsas meyvə-tərəvəz məhsullarının daxili bazardakı satış qiymətləri ötən illə müqayisədə təqribən 10-20 faiz aşağı idi. Bu o demək idi ki, fermerlər öz məhsullarının minimal marja ilə, hətta ziyanla satmalı olurdular. Lakin yerli iri ixracatçılarla əməkdaşlıq şəraitində görülən tədbirlər nəticəsində ixrac kanallarının intensivləşməsi hesabına qiymətlər əvvəlki mövsüm səviyyəsinə çatdırıldı. Eyni ilə, özəl biznes subyektləri ilə yaradılmış əməkdaşlıq sistemi sayəsində bazara natural məhsullarla “intervensiya” tədbirləri nəticəsində həm Qurban bayramı, həm də Yeni il bayramı ərəfəsində bazarlarda tələbata uyğun məhsul bolluğu yaradıldı, qiymət dəyişmələri baş vermədi.



2015-in ən mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də məhz idarəetmədə şəffaflığın və səmərəliliyin artırılması üçün “Elektron kənd təsərrüfatı” sisteminin yaradılmasıdır. Dövlət başçısının tapşırığı əsasında qısa müddət ərzində “Elektron kənd təsərrüfatı” sisteminin yaradılmasına başlanılıb. Yeni yaradılan bu sistem Avropa təcrübəsinə uyğun “İnteqrasiya Olunmuş Nəzarət Sisteminin” prinsiplərinə əsaslanmaqla 7 alt moduldan ibarət olacaq. Bu modullar digər məsələlərlə yanaşı,torpaq sahələrinin və fermer təsərrüfatlarının, subsidiyalar üçün müraciətlərin qəbulu və ödənişlərin edilməsi sisteminin tam avtomatlaşdırılmasını əhatə edir. Hazırda “Elektron kənd təsərrüfatı” sistemi Avropalı ekspertlərin iştirakı ilə qurulur. Artıq “Aqrolizinq” ASC tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan kənd təsərrüfatı texnikalarının və cins heyvanların əldə edilməsi üçün müraciətlər tam şəkildə onlayn rejimində həyata keçirilir. Həmçinin kənd təsərrüfatı məhsullarının sahə, topdansatış və pərakəndə satış qiymətləri üzrə gündəlik monitorinq məlumatları əsasında elektron informasiya bazasının yaradılması layihəsinə də başlanılıb.

Kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunun daha da inkişaf etdirilməsi növbəti prioritet vəzifələr sırasındadır. Topdansatış bazarlarının genişləndirilməsi və yenilərinin yaradılması, “yaşıl marketlər” şəbəkəsinin və “fermer mağazalarının” yaradılması, müasir standartlara uyğun ət kəsimi məntəqələrinin tikilməsi, ixrac bazarlarında logistik mərkəzlərin qurulması, bu işə müvafiq dövlət dəstəyinin verilməsi Kənd Təsərrüfatı Nazirliyinin əsas vəzifələrimizdəndir. Bu tədbirlər bazar infrastrukturunun effektivliyini artırmaqla, istehsalçılar üçün əlverişli bazar şərtlərinin daha da yaxşılaşdırılmasında mühüm rol oynayacaq.
Hazırda da Kənd Təsərrüfatı Nazirliyi tərəfindən seçmə qaydasında, həmçinin yerlərdən daxil olan müraciətlər əsasında yerlərdə monitorinqlər aparılır, torpaqların təyinatından kənar istifadə halları ilə bağlı müəyyən edilən faktlar əsasında müvafiq tədbirlər görülür. Lakin bu tədbirlər kifayət qədər əhatəli deyil. Bunun başlıca səbəbi müvafiq kompleks məlumat bazasının olmamasıdır. Amma torpaqların elektron uçot və qeydiyyat sisteminin yaradılması hesabına torpaqların təyinatından kənar istifadəsi hallarına qarşı daha çevik və əhatəli nəzarət tədbirlərini həyata keçirməyə imkan verəcək.

Gültəkin Ələsgər

“Kənd Təsərrüfatı Nazirliyi tərəfindən jurnalistlər arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir”


Teqlər:  





Xəbər lenti