`Mirşahinin qanundan xəbəri yoxdur` - MTRŞ-dan etiraz

`Mirşahinin qanundan xəbəri yoxdur` - MTRŞ-dan etiraz
  01 Oktyabr 2015    Oxunub:4049
ANS Müstəqil Yayım və Media Şirkətinin (MYMŞ) “Sən Tək deyilsən!” və “Xoşqədəmlə axtarıram səni” verilişlərinin MTRŞ tərəfindən bağlanması televiziya rəhbərliyi tərəfindən narazılıqla qarşılanıb.
Milli Televiziya və Radio Şurasının aparat rəhbəri Toğrul Məmmədov verilişlərin bağlanmasına etiraz edən şirkətin vitse-prezidenti Mirşahin Ağayevə cavab verib. MTRŞ rəsmisi AzVision.az - a bildirib ki, adıçəkilən verilişlərin bağlanmasına etiraz edənlərin qanundan xəbəri yoxdur.Onun sözlərinə görə, MTRŞ-nın Monitorinq şöbəsinin araşdırmalarında da ANS telekanalında efirə gedən “Sən Tək deyilsən!” və “Xoşqədəmlə axtarıram səni”verilişlərində çoxsaylı qanun pozuntuları olub.

T. Məmmədov onu da qeyd edib ki, verilişlərdə “Reklam haqqında qanunun” tələbləri, “Televiziya və Radio Yayımı Haqqında qanunda” proqramlara verilmiş tələblər var ki, onlar da pozulub:

“Televiziya və Radio Yayımı haqqında”qanuna dəyişiklik olunub. 23.1-ci maddəyə əsasən Şura şəxsən özü lisenziyanı və ya hər hansı proqramın yayımını dayandıra bilər. Bundan başqa 2015-ci il sentyabr ayında Televiziya və Radio Şurası haqqında əsasnamənin 8.11-2-ci bəndinə əlavə edilib ki, həmin əsasnamənin bu bəndinə əsasən Şura qanunun və lisenziyanın tələbləri pozulduğu təqdirdə proqramı 1 ay müddətinə və ya lisenziyanı müvəqqəti dayandıra bilər”.

T. Məmmədov deyir ki, Şuranın qərarına görə həmin proqramların yayımı bir ay müddətinə dayandırılıb:

“Qanunvericilikdə də nəzərdə tutulub ki, əgər verilişlərin yayımı 1 ay müddətində dayandırılıbsa onlar öz siyasətində dəyişiklik etməlidir. Şuranın qərarında da göstərildiyi kimi bir ay müddətində efiri dayandırılmış verilişlərin vaxtında mədəni, maarif, intellektual xarakterli verilişlər yayımlanmalıdır”.

Aparat rəhbəri onu da qeyd edib ki, bir aylıq cəza müddəti bitdikdən sonra həmin verilişlər qanunun tələblərinə riayət edərsə yenidən yayımlana bilər.

Gültəkin ƏLƏSGƏR


Teqlər:





Xəbər lenti