Suriyaya gedənlərə 1000 dollar verirlər - Azərbaycanlı İŞİD-çilər

Suriyaya gedənlərə 1000 dollar verirlər - Azərbaycanlı İŞİD-çilər
  30 Sentyabr 2015    Oxunub:8026
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında monitorinq keçiriblər.
AzVision.az xəbər verir ki, AzNews.az-a açıqlama verən Elçin Behbudov MTN-də saxlanılan vəhabi təriqətinə qulluqda təqsirləndirilən 3 şəxslə görüşdüklərini bildirib:

“Monitorinq zamanı Lənkəran sakini Heydərov Zaur Naib oğlu, Ağsu sakini Əhmədov Taleh Mahir oğlu və Xaçmaz sakini Ağcabəyov Rüfan İsrafəddin oğlu ilə görüşdük. Hər üç şəxs dövlət tərəfindən vəkillə təmin olunub. Saxlanma şəraitlərindən şikayətləri, istintaqın gedişatından narazılıqları yoxdur. Hər üçü Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratma) maddəsinə əsasən təqsirləndirilir. Onların hər biri Suriyaya getdiklərinə görə çox peşmandırlar. Özlərini günahkarlar bilirlər. Çünki qaçaq yolu ilə Türkiyədən Suriyaya keçiblər.

Zaur Heydərov və Taleh Əhmədov bildirdilər ki, Suriyaya getsələr də onları orada qəbul etməyiblər. Rüfan Ağcabəyov isə 2013-cü ildə Suriyada gedən döyüşənlərə görə ona hər ay 50 dollar verildiyini dedi. İndisə ora gedənlərə 500-1000 dollar verirlər. Əvvəl gedib gəlmək asan idi. Hazırda isə gedənləri geri qayıtmağa qoymurlar. Suriyaya gedən kişilər mütləq saqqal saxlamalıdırlar. Saqqal saxlamayan kişilər karserə salınır və saqqalı uzanana kimi orada qalır. Namaz qılmayanlara 40-50 şallaq vurulur”.

Elçin Behbudov MTN-də saxlanılan Sülh və Demokratiya İnstitutunun əməkdaşı Arif Yunus, Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov, Bayraq Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədovla görüşə bilmədiyini qeyd edib:

“Hər üçü ilə görüşə bilməsəm də, onların həkimi ilə görüşüb danışdım. Mənə bildirildi ki, hər üçü həkim nəzarətindədir. Səhhətlərində heç bir problem yoxdur”.


Teqlər:





Xəbər lenti