Sələfi liderdən çağırış: İŞİD-ə aldanmayın

Sələfi liderdən çağırış: İŞİD-ə aldanmayın
  11 Sentyabr 2015    Oxunub:10346
“İŞİD-də daxil olmaqla emənilər və digər qruplar hər an Azərbaycanda terror hadisələri törədə bilərlər. İnsanlar ehtiyatlı olmalıdırlar. İŞİD-çilərin şüarlarına aldanmamalıdırlar”.
Bunu AzVision.az-a açıqlamasında Azərbaycanın sələfi təriqətinin lideri, “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanov deyib.

O, İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının Nyu-Yorkda 11 sentyabr terror aktının 14 illiyi ilə bağlı Azərbaycan da daxil olmaqla dünyanın bir sıra ölkələrinin təşkilat, bank və dövlət qurumlarının saytlarına təşkil etdiyi haker hücumuna münasibət bildirib.

Sələfi lideri qeyd edib ki, İŞİD-in Azərbaycana gəlməsi mümkündür: “İŞİD qısa müddətdə yaradılmış bir terror təşkilatıdır. Onların ayrı-ayrı ölkələrdəki bankları hədələmələri quldurluq xarakteri daşıyır. Yəni bankların hamısı İŞİD-ə vergi verməlidirlər. Hazırda onlar iqtisadi cəhətdən bir az zəifləyib. İŞİD nəinki Azərbaycanda, hətta dünyanın əksər ölkərindəki bankları onlara pul ödəmələri üçün hədələyir. Onlar Bilqeyts də daxil olmaqla dünyanın əksər ölkələrində yaşayan bir çox milyarderləri də hədələyib pul istəyirlər. Hətta həmin milyarderləri pul vermədikləri təqdirdə bir həftə müddətində qətlə yetirəcəklərini bəyan edirlər. Bu informasiya müharibəsidir”.

Din xadiminin sözlərinə görə, İŞİD Azərbaycana da gələ bilər: “Amma onlar özləri gəlmirlər ki, gətirənlər var. Bu həmin rəhbərlərin qərarlarından aslıdır. Qərar verilərsə, Azərbaycana da gələcəklər. Onlar özbaşına deyillər. Himayədarları var. İki ölkənin yarı hissəsini işğal edib, dövlət qurmaq hər adamın işi deyil. Xüsusilə indiki şəraitdə bu, heç mümkün deyil. İŞİD-in Azərbaycanda güclü maliyyə bazası yoxdur. Amma Azərbaycanda onların tərəfadarları və özlərini İŞİD ordusu adlandıran şəxslər var. İŞİD-in Azərbaycanda hər hansı bir təşkilatları fəaliyyət göstərmir. Hazırda onlar başqa üsullara əl atıblar.

Ərəb və digər imkanlı ölkələrdən olan jurnalistləri və pullu insanları oğurlayıb pul istəyirlər. Pul verilməyincə, həmin şəxsləri qətlə yetirirlər. İŞİD-in daha çox zühr etdiyi yerlər dövlətçiyin zəif olduğu ölkələrdir. Güclü dövlət və ordunun olduğu yerlərə İŞİD-çilər zühr etməzlər”.



Azərbaycanın sələfi təriqətinin lideri həmçinin ermənilərlə İŞİD-çilərin əlaqələrinin olub-olmamasına da münasibət bildirib: “İŞİD-çilər ermənilərin işağl etdikləri Azərbaycan torpaqları olan Qarabağa getməzlər. İŞİD ermənilərlə heç vaxt saziş bağlamaz. Onlar heç bir dövləti sıralarına qəbul etmirlər. Erməniləri də qəbul etməzlər. İŞİD-çilər sadəcə olaraq bizimlə erməniləri ayırmırlar. Hamını bir gözlə görürlər”.

Q.Süleymanov həmçinin öz tərəfdarlarına və bütün insanlara çağrış edib. Qeyd edib ki, heç kəs İŞİD-çilərin şüarlarına aldanmasın: “Ölkələri idarə edən bəzi güclü adamlar İŞİD-çiləri istədikləri dövlətlərə göndərə bilərlər. Bizim ölkənin içində də İŞİD-çiləri dəstəkləyən adamlar var. İŞİD-çilər daha çox “Facebook”-da yaydıqları şüarlarla insanları öz torlarına salırlar. Onlar informasiya texnalogiyalarında çox yaxşı işləyirlər. Buna görə də hazır bir dövlət sistemi qurublar. Biz artıq 20 ilə yaxındır ki, radikal dindarlara mübarizə aparırıq. Onların təqiblərinə məruz qalmışıq. İnsanlara demək istəyirik ki, günahsız və səbatsız adamları öldürən İŞİD-çilərə qulaq asamayın, onların yolu ilə getməyin. Bu bizim mövqeyimizdir”.

Sonda isə Q. Süleymanov qeyd edib ki, İŞİD Azərbaycanda daxil olmaqla dünyanın istənilən ölkəsində hər an terror hadisələri törədə bilər: “İŞİD güclü dövlətlərdə heç nə edə bilmir. Amma ola bilər ki terror hadisələri təşkil etsin. Azərbaycanda da İŞİD hər an terror törədə bilər. Bu nəinki Azərbaycanın, bütün dünyanın problemidir. İŞİD-çilər daxil olmaqla digər qruplar Bakıda da hər an terror törədə bilərlər. Amma bundan qorxmaq lazım deyil. Onlara qarşı hər şeydən öncə fikir ilə mübarizə aparmaq lazımdır. Çox təəssüflənirəm ki, bu gün İŞİD-çilərin fikirlərinə qarşı olan əks-fikirlər Azərbaycanda təbliğ olunmur, səsləndirilmir. Təbii ki, İŞİD-çilər sünnilərin tərəfindəndirlər. Onların fikirlərini ancaq biz bilirik. Bizdən başqa onların fikrini bilənlər yoxdur. Amma bizim fəaliyyətimiz də məhdudlaşdırılıb. Məscidimiz də yarımçıq qalıb. Amma İŞİD-çilərin fikirlərini qəbul etmirik və onlara qarşı çıxırıq. Onlara qarşı fikir mübarizəsini bizdən yaxşı heç kəs apara bilməz. İnsanlarımız hər an ehtiyatlı olmalıdırlar. Çünki Azərbaycanın düşmənləri çoxdur”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti