Mahatma da Qandi, amma Arif qanmadı... – FELYETON

Mahatma da Qandi, amma Arif qanmadı... – FELYETON
  16 Avqust 2015    Oxunub:26857
Sovet vaxtı Şəkidə məşhur `Фантомас разбушевался` filmi göstəriləcəkmiş. Şəhərin hər yerinə vurulan afişlarda filmin adının tərcüməsi belə yazılıb: `Fantomas qızıtdı`. İndi Fantomas söhbəti olmasın, deyəsən, `bizim səfir` də qızıtdı – söhbət özünü hər dəfə “Sizin səfir” kimi təqdim edən Arif Məmmədovdan gedir.

`Bizim səfir`in facebook profilində hərarət çox yuxarıdır. Deyəsən, Avropada da havalar isti keçir, mister Məmmədovun da siyasi temperaturu yüksəlib. O, yazır: “Məni hərdən Saakaşvili ilə müqayisə edirlər. Bilin ki, Saakaşvili mənimlə müqayisədə sülh göyərçinidir. Tezliklə buna özləri əmin olacaqlar”.

Yəni `bizim səfir` demək istəyir ki, işdi-şayəd, özünə lider saydığı Əli Kərimli-Cəmil Həsənli cütlüyü hakimiyyətə gəlib, buna nəsə bir iş versələr, dağırdacaq, sökəcək, heç kimə mərhəmət göstərməyəcək... Deyəsən, səfir `Rembo` filminə çox baxıb. Yadınıza gəlir, orada belə bir dialoq var idi:
- O, kimdir bəyəm? Allahdır?
- Xeyr. Allah rəhimlidir, o isə yox!


Bura qədər olanlar pis-yaxşı, aydındır. Amma əsas sual qalır: nə ilə?! Yəni `bizim səfir` nə ilə hakimiyyətə gəlməyi düşünür? Ən maraqlısı da budur: Ağ qərənfillərlə.

Bu yerdə vəziyyət dəyişir. Məsələ ondadır ki, Arif Məmmədov insanları Bakıda üç-üç, beş-beş gəzişməyə çağırır. Əyinlərində ağ paltar, əllərində ağ qərənfil. Özü də qərənfillər balaca olmalıdır ki, cibə yerləşsinlər - əgər imkan verilməsə, gizlətmək üçün. Yəni inqilab etmək üçün küçəyə çıxırıq, amma hər ehtimala qarşı, özümüzlə balaca gül götürək ki, icazə verməsələr, gizlədə bilək. İşdir-şayəd, gül tapılmasa və ya almağa pul olmasa, kağızdan da düzəltmək olar.



Yayda kağız gül təhlükəlidir – birdən, kiminsə siqaretindən od düşdü, alışdı, səfirin özünü də yandırdı, aksiyaya çıxardığı üç-üç, beş-beş adamları da. Əsas odur `bizim səfir` donorlarına göstərə bilsin ki, hansısa bir işə yaraya bilir – məsələn, beş nəfərin əlinə kağız gül verib, küçəyə çıxarmaq kimi. Yoxsa bir də görər ki, ona “İnterpoldan qorxma, biz deyənləri elə, oğurladıqlarını ye” deyənlər dalından çəkiliblər. Əsl yanmaq onda olacaq...

Avropada otura-otura Bakıda keçirmək istədiyi aksiyanın ideyasını izah etmək istəyən səfir daha sonra `sizin səfir` öz facebook profilində yazır: “Ağ Marşın müəlliflik hüququ dahi tarixi şəxsiyyət Mahatma Qandiyə aiddir. Düşünürəm ki, o sağ olsaydı, bizi dəstəkləyərdi. Dünyada hər bir şeyin olduğu kimi, Ağ rəngin də müəlliflik hüququ yalnız uca Allaha aiddir”.

İndi necə başa düşək: ağ rəngin müəlliflik hüququ kimə aiddir: Mahatma Qandiyə, yoxsa Allaha? Və ümumiyyətlə, Qandinin ingilis müstəmləkiçiliyinə qarşı başlatdığı dirəniş hərəkatı ilə dövlətin puluna özünə BMW X5 alıb, sonra satan, səfirliyin pulunu mənimsəyən, indi isə Qərbdən qrant almaq üçün gülünc bir aksiya təklifi irəli sürən Arif Məmmədovun yaratdığı sirkin nə əlaqəsi var? Hətta Mahatma da Qandi, amma Arif Qanmadı...

`Avropada yaşayan azərbaycanlılardan xahiş edirəm ki, Brüsseldə bir araya gəlib, bu proqram üzərində işləyək. Bu yöndə ingilis dilini mükəmməl bilmək, beynəlxalq təşkilatlarla işləmə bacarığı vacibdir və işin zəhmət haqqı müvafiq şəkildə ödəniləcək” - bunu da `bizim səfir` yazıb. Maraqlıdır, hansı pulla ödəniləcək? Deməli, dolayısı ilə təsdiq edir ki, artıq donorları ona pul ayırmağa başlayıblar...

Ağ qərənfilə gəlincə, o, kədər simvoludur. Bütün bunlar doğrudan da, kədərli olardı, əgər bu qədər gülməli olmasaydı...



Teqlər:  





Xəbər lenti