Babasının yadigarını satan şəxs tutuldu

  03 Avqust 2015    Oxunub : 1991
Babasının yadigarını satan şəxs tutuldu
Azərbaycanın daxili işlər orqanları cinayətkarlıqla mübarizə sahəsində daha bir uğurlu əməliyyat tədbiri həyata keçirib. AzVision.az -ın məlumatına görə, bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Binəqədi rayon sakini Azər Xudaverdiyevin qanunsuz olaraq odlu silah saxlaması barədə əməliyyat məlumatı daxil olub. Baş İdarənin əməkdaşları Azər Xudaverdiyevi saxlayıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman 3 ədəd tapança patronu aşkar edilsə də, həmin silah tapılmayıb. İlkin araşdırmalar zamanı Azər Xudaverdiyev silahı satmaq üçün Elzami adlı şəxsə verdiyini bildirib. Keçirilən növbəti əməliyyat-tədbirləri nəticəsində 33 yaşlı Yevlax rayon sakini Elzami Əliyev də polislər tərəfindən tutularaq məsuliyyətə cəlb edilib. Əməliyyat tədbirinin davamı olaraq Baş İdarə əməkdaşları tərəfindən Elzami Əliyevin tapançanı satmaq niyyəti ilə verdiyi Nərimanov rayon sakini Elşad Həsənov da tutulub. Onun yaşadığı evə baxış keçirilən zaman Almaniya istehsal “Valter-P38” tipli tapança götürülüb.

Azər Xudaverdiyev nadir tipli tapançanın ona İkinci Dünya Müharibəsində iştirak edən babasından yadigar qaldığını, onu uzun illər xüsusi qulluq göstərərək qoruduğunu bildirib.

Faktla bağlı Baş İdarənin İstintaq şöbəsində cinayət işi başlanıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


AzVision.az

Foto


Teqlər: