Yapon səfir Gəncədə açılış etdi

Yapon səfir Gəncədə açılış etdi
  14 İyul 2015    Oxunub:2665
Bu gün “Təhsil” Respublika İdman Mərkəzi Gəncə filialında “Gəncə şəhər İdman Mərkəzinin təkmilləşdirilməsi” layihəsinin başa çatması ilə əlaqədar tədbir keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə cüdo və ağırlıq qaldırma zallarının açılışı olub. Mərasimdə Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Naqif Həmzəyev, Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşini, “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” üzrə məsləhətçisi Seto Hiroşi, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Naqif Həmzəyev ölkə prezidenti İlham Əliyevin hərtərəfli qayğısı sayəsində idmanın inkişafına xüsusi diqqət yetirildiyini, bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirildiyini, son illər idmançıların böyük uğurlar qazandığını, Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi olaraq tanındığını bildirib. “

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşini çıxışında layihənin Gəncə şəhər rəhbərliyinin təşəbbüsü ilə həyata keçirildiyini, Yaponiya Səfirliyi ilə “Gənclərin Sosial Problemlərinin Həllinə Yardım” İctimai Birliyi arasında 6 fevral 2015-ci ildə saziş imzalandığını diqqətə çatdırıb. Bildirib ki, layihənin əsas məqsədi Gəncə şəhər İdman Mərkəzini təmir etməklə, Azərbaycanın Qərb hissəsində yaşayan gənclər arasında idman mədəniyyətini yüksəltmək, gənclərin cəmiyyətdə sağlam inkişafına töhfə verməkdir.

Sonra Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Naqif Həmzəyev və Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşini cüdo və ağırlıq qaldırma zallarının qırmızı lentini kəsiblər. Mərasimdə yapon idman növü olan cüdo və karate üzrə 130 idmançının iştirakı ilə nümunəvi çıxışlar göstərilib.


Teqlər:





Xəbər lenti