Nazir prezidentin keçirdiyi iclasda nədən danışdı?

Nazir prezidentin keçirdiyi iclasda nədən danışdı?
  14 İyul 2015    Oxunub:2817
Azərbaycanda nüvə materialları yataqlarının arxeoloji axtarışına başlanılıb.
AzVision.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Nazir çıxışında qeyd edib ki, hesabat dövründə elektron xidmətlərin verilməsi, elektron imza və "Elektron hökumət" portalının inkişafı təmin olunub: "Artıq 44 hökumət və dövlət orqanlarından "Elektron hökumət" portalına 421 xidmət inteqrasiya olunaraq vahid elektron pəncərə sistemi vasitəsilə vətəndaşlara və iş adamlarına verilir. Portalın istifadəyə verilməsindən 2 il 6 ay müddətində əhali, fiziki və hüquqi şəxslərə 12 milyondan çox elektron xidmət verilmişdir. Portalın istifadəçilərinin sayı isə 2 mln.-dan çoxdur. Vergilər Nazirliyinin elektron imza sertifikatlar mərkəzində verilən "ASAN imza" sistemi İslam Konfransı Təşkilatının rəhbərliyinin diqqətini cəlb etmiş və təşkilat ölkələri arasında standart elektron imza kimi istifadə olunması müzakirə olunur".

Ə.Abbasov bildirib ki, elektron informasiya resurslarının yaradılması və regional İT xidmətlərinin verilməsində son 6 ayın uğurlarından biri də regional informasiya-hesablama mərkəzinin – DATA Mərkəzinin yaradılmasıdır ki, mərkəzin istifadəyə verilməsi sentyabr ayına planlaşdırılıb: "Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) bu DATA mərkəzinin resurslarının təxminən 30%-ni MDB və Mərkəzi Asiya ölkələrinin regional əməkdaşlığı üçün istifadə edəcəyini planlaşdırmışdır və mərkəzin açılışında Baş direktor səviyyəsində iştiraklarını bildirmişdir".

Nazir əlavə edib ki, kosmik sənayenin inkişafı istiqamətində "Azerspace-1" fəaliyyətini genişləndirib, 130-dan çox xarici televiziya kanalları, o cümlədən Gürcüstan, Türkiyə, Rusiya və bir sıra digər xarici ölkələrin telekanalları və xüsusi rabitə sistemləri peykin resurslarını kommersiya müqavilələri əsasında istifadə edir: "Maliyyə Nazirliyi tərəfindən koordinasiya olunan "Azərkosmos" ASC-nin səmərəli fəaliyyəti nəticəsində ötən il ixracdan 9 mln. ABŞ dolları, bu il isə 16 mln. ABŞ dolları gəlir götürülməsi planlaşdırılır və təxminən 6-8 mln. ABŞ dolları da Maliyyə Nazirliyi tərəfindən əlavə edilərək kreditlərin qaytarılması həyata keçirilir. "Azərkosmos" ASC-nin planlarına görə, 2016-cı ildən kreditlər öz gəlirləri hesabına ödəniləcəkdir. Hesabat dövründə Yer səthinin müşahidə peyki "Azersky" bir neçə fransız peyki ilə qruplaşmaya daxil olmuş və artıq kommersiya fəaliyyətinə başlamışdır. Hesablamalara görə, "Azərkosmos" ASC "Azersky" üçün kreditlərin verilməsində dövlət maliyyə resurslarına müraciət etməyəcək. Dövlət Sərhəd Xidməti artıq peyklərin xüsusi təyinatlı istifadəsinə başlamış, digər güc strukturlarına isə xüsusi xidmətlərin verilməsi üzrə müzakirələr aparılır. Sayca üçüncü peykin – "Azerspace-2"-nin 2017-ci ilə planlaşdırılan buraxılışı istiqamətində işlər davam etdirilir. Ümumiyyətlə, kosmik fəzada fəaliyyətimizdə əsas tələblərdən biri rentabellilikdir və bu sahədə I Avropa Oyunlarında radio-televiziya yayımında istifadə olunan dörd peykdən birinin "Azerspace-1"-in olması və onun həmçinin Oyunların ehtiyat rabitə sistemində istifadə olunması "Azərkosmos" ASC-nin dünya kosmik bazarında rəqabətlilik qabiliyyətinə çox müsbət təsir etmişdir".

Ə.Abbasov bildirib ki, nüvə texnologiyalarının sülh məqsədləri ilə istifadəsi sahəsində Milli Nüvə Tədqiqatları Mərkəzinin tikintisi davam etdirilib, regionda ilk olan, kənd təsərrüfatı və təbabətdə sterilizasiya məqsədli "Qamma şüalanma kompleksi"nin qurulması işləri başa çatmaq üzrədir və bu ilin noyabr ayında istifadəyə verilməsi planlaşdırılır: "Tədqiqat nüvə reaktorunun layihələndirilməsi üzrə Beynəlxalq Atom Enerji Agentliyi ilə razılaşdırılması ölkəmizdə bu sahə üzrə tənzimləyici orqan olan Fövqəladə Hallar Nazirliyi ilə birgə həyata keçirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə nüvə materialları yataqlarının arxeoloji axtarışına başlanılmışdır. Bu işlərdə məqsəd, əgər kifayət qədər resurslar tapılarsa, ölkəmizdə atom yanacağının istehsalı təkliflərini hazırlayıb hökumətə təqdim etməkdir".

Onun sözlərinə görə, İqtisadiyyat və Sənaye Nazirliyinin tövsiyələri və əməkdaşlığı ilə texnoloji-tutumlu və innovativ yönümlü məhsul və xidmətlərin istehsalı və əsasən qeyri-neft sektorunun ixrac potensialının gücləndirilməsinə yönələn bir neçə layihə üzrə təkliflərin hazırlanması başa çatmaq üzrədir: "Hesabat dövründə Sizin Fərmanınızla yaradılan Mingəçevir Yüksək Texnologiyalar Parkı, bu il istifadəyə verilməsi planlaşdırılan Pirallahı Yüksək Texnologiyalar Parkı, İKT-nin inkişafı üçün Dövlət fondu digər uyğun təşkilatlarla bərabər, xarici investorların diqqətini cəlb etmişdir. Bu gün bizim əsas məqsədimiz İKT sektorunun inkişafı üçün qeyri-dövlət maliyyə resurslarının cəlb edilməsi və onların düzgün istifadəsidir. Məsələn, "Azərpoçt" MMC Azərbaycan Mərkəzi Bankının dəstəyi ilə poçt sistemində maliyyə və bank xidmətlərinin inkişafı layihəsi üzrə Dünya Bankından götürdüyü kreditləri bu layihənin tətbiqi nəticəsində əldə etdiyi gəlirlərin hesabına qaytarır. Digər bir misal kimi, "Aztelekom"un regionlarda genişzolaqlı internetin inkişafı üçün heç bir zəmanət olmadan Amsterdam TRADE bankından götürdüyü və uğurla ödədiyi kreditləri gətirmək olar.

Bir məqamı da qeyd etmək vacibdir ki, bazarda aktivlik var, özəl sektor çox fəaldır. Nazirlik öz səlahiyyətləri çərçivəsində rəqabət mühitinin normal çərçivədə saxlanılması üçün müvafiq tədbirlər görür. Kiçik və orta güclü şirkətlər, talantlı gənclərdən ibarət "start-up"lar İKT sektorunda xüsusi aktivlik nümayiş etdirirlər və "start-up" şirkətlərinin inkişafı və vençur maliyyələşdirilməsi üçün özəl maliyyə mənbələrinin cəlb olunması istiqamətlərində hesabat dövründə ardıcıl işlər görülmüş və ilin sonuna qədər təkliflər paketinin hazırlanması nəzərdə tutulur".


Teqlər:  





Xəbər lenti