`Erməni vəhşiləri məscidlərimizi yerlə-yeksan edib` - İlham Əliyev

`Erməni vəhşiləri məscidlərimizi yerlə-yeksan edib` - İlham Əliyev
  22 İyun 2015    Oxunub:3711
İyunun 22-də Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini qəbul edib. AzVision.az xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış edib. Görüş iştirakçılarını salamlayan Prezident İlham Əliyev dedi:

- Hörmətli səfirlər, mən sizi ürəkdən salamlayıram. Bizim görüşlərimiz Ramazan ayında ənənəvi xarakter daşıyır və sizi görməyimə çox şadam. Xahiş edirəm ki, mənim səmimi salamlarımı və xoş arzularımı təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına çatdırasınız.

Təmsil etdiyiniz ölkələr ilə Azərbaycanın çox sıx əlaqələri var. Biz ikitərəfli formatda gözəl əməkdaşlıq edirik və bu əməkdaşlıq gündən-günə dərinləşir. Biz maraqlıyıq ki, müsəlman ölkələri ilə siyasi, iqtisadi əlaqələrimiz, mədəniyyət sahəsində əlaqələr daha da inkişaf etsin. Eyni zamanda, biz beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik. Xüsusilə, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında bizim əməkdaşlığımız çox yüksək səviyyədədir.

Son vaxtlar İslam Əməkdaşlıq Təşkilatı ilə bizim əlaqələrimiz daha da inkişaf edir. Aprel və may aylarında Ciddədə və Bakıda təşkilatın baş katibi ilə mənim görüşlərim olmuşdur. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın uğurlu inkişafını qeyd edir, Azərbaycanda gedən işlərə çox yüksək qiymət verir. Biz də təşkilatın fəal üzvü kimi çalışırıq ki, ölkələr arasındakı həmrəyliyi daha da gücləndirək. Ümumiyyətlə, Azərbaycanın mövqeyi bundan ibarətdir ki, İslam həmrəyliyi daha da möhkəmlənməlidir və müsəlman ölkələri bir-birinə daha da böyük dərəcədə dəstək verməlidir. Xüsusilə ölkələrimizi narahat edən məsələlərdə bu dəstəyə daha da böyük ehtiyac var. Biz bu dəstəyi görürük, xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində Azərbaycanın mövqeyi müsəlman ölkələri tərəfindən dəstəklənir. Həm BMT-də müsəlman ölkələrinin mütləq əksəriyyəti bizim mövqeyimizi dəstəkləyir. İslam Əməkdaşlıq Təşkilatı isə dəfələrlə münaqişə ilə bağlı reallığı, ədaləti, beynəlxalq hüququ və Azərbaycanın mövqeyini əks etdirən qətnamələr qəbul etmişdir. Bu dəstəyə görə təşkilatın üzvü olan ölkələrə bir daha təşəkkürümü bildirmək istəyirəm.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması region üçün ən böyük təhlükə mənbəyidir. Bildiyiniz kimi, uzun illərdir ki, ölkəmizin ərazi bütövlüyü Ermənistan tərəfindən pozulub, bir milyondan çox azərbaycanlı öz doğma torpağından qaçqın və köçkün vəziyyətinə düşmüşdür, xalqımıza qarşı Xocalı soyqırımı törədilmişdir. İşğal edilmiş torpaqlarda bütün binalar dağıdılıb, yerlə-yeksan edilib. Erməni vəhşiləri məscidlərimizi də dağıdıb, yerlə-yeksan ediblər. Amma biz o torpaqlara qayıdandan sonra bütün tarixi, dini abidələrimizi bərpa edəcəyik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır. Ermənistan isə beynəlxalq hüquq normalarını kobudcasına pozur və BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmir. Ancaq haqq, ədalət, o cümlədən tarixi ədalət və beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir. Ədalət bərpa olunacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək.

Keçən bayramdan ötən dövr ərzində ölkəmizin həyatında çox əlamətdar hadisə baş vermişdir. Bakıda ölkəmizin ən böyük məscidi - Heydər məscidi tikilib istifadəyə verilmişdir. Azərbaycan dövləti öz tarixi keçmişinə, tarixi abidələrinə çox böyük diqqətlə yanaşır. Bizim bütün tarixi məscidlərimiz əsaslı şəkildə təmir olunub, bərpa edilib. Bizim qədim və müasir dini abidələrimiz bütün müsəlman aləminin sərvətidir. Dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı məscidi Azərbaycanda yerləşir, 743-cü ildə tikilmişdir. O, bir memarlıq əsəridir. Dünyanın ən yeni məscidlərindən biri olan Heydər məscidi 2014-cü ildə Bakıda tikilmişdir. Bu məscid də gözəl memarlığa malik olan bir sənət əsəridir. Yəni, bu, bir daha ölkəmizin öz keçmişinə, xalqımızın öz dininə olan hörmətini əks etdirir.

Biz bundan sonra da çalışacağıq ki, müsəlman ölkələri arasındakı həmrəyliyi gücləndirək. İki ildən sonra Bakıda İslam Həmrəylik Oyunları keçiriləcək. Əminəm ki, bu Oyunlar bütün müsəlman ölkələrini biri-biri ilə daha da sıx birləşdirəcək.

Hörmətli səfirlər, sizi bir daha salamlayır və sizə fəaliyyətinizdə uğurlar arzu edirəm.

Sonra İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak çıxış edib:

- Cənab Prezident, bu gün bizi qəbul etdiyinizə görə Sizə təşəkkür edirəm. Bu, bizim üçün artıq ənənəyə çevrilib. Bu görüş bizi çox sevindirir. İlk növbədə, icazə verin, həmkarlarım - İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin səfirləri adından Sizə müqəddəs Ramazan ayı münasibətilə təbriklərimi çatdırım.

Ulu Tanrıdan bu ayın Sizə, Azərbaycana və bütün İslam dünyası ölkələrinə sülh, firavanlıq və inkişaf gətirməsi üçün dualar edirik. Həmçinin fürsətdən istifadə edərək Sizi birinci Avropa Oyunları və iki ildən sonra keçiriləcək İslam Həmrəylik Oyunları münasibətilə təbrik etmək istərdim.

Cənab Prezident, icazə verin, qeyd edim ki, bu möhtəşəm Oyunlara ev sahibliyi etməklə Azərbaycan dünyaya özünü sülhsevər ölkə kimi təqdim etdi.

Cənab Prezident, bu şərafətli ayda biz müqəddəs Ramazanın mənəvi dəyərlərini nümayiş etdiririk. Sizin də artıq qeyd etdiyiniz kimi, biz İslam həmrəyliyinə və birliyinə töhfələr veririk. Çünki bizim – İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin çox böyük yeraltı, yerüstü təbii sərvətləri və əhalisi var. Təbii ki, bu müqəddəs Ramazan ayında biz əsas məsələmiz olan Fələstinin timsalında İslam faciəsini xatırlayırıq. Ölkələr arasında birliyin olmaması səbəbindən Fələstin hələ də işğaldan əziyyət çəkir. Bu müqəddəs ayda biz, həmçinin Dağlıq Qarabağ faciəsini, Azərbaycanın bu mühüm hissəsinin onun əlindən necə alındığını xatırlayırıq. Sizin də qeyd etdiyiniz kimi, bu, bütün regionda sülh və təhlükəsizlik üçün real təhdidə çevrilib. Bu ayda biz, həmçinin əksər müsəlman ölkələrində əziyyət çəkən qaçqın və məcburi köçkünləri xatırlayırıq. Bu ayda biz Tanrıya onların probleminin həlli və evlərinə qayıtmaları üçün dualar edirik.

Cənab Prezident, bu müqəddəs ayda biz, həmçinin İƏT səfirləri olaraq Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə həll edilməsini, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını və məcburi köçkünlərin evlərinə qayıtmalarını və bununla bağlı müvafiq beynəlxalq qətnamələrin yerinə yetirilməsini istəyirik.

Cənab Prezident, mən və həmkarlarım Sizinlə eyni hissləri paylaşırıq. Avropa Oyunlarının möhtəşəm açılışı bizi heyrətləndirdi. Oyunlar hərtərəfli və mükəmməl təşkil olunub. Biz Azərbaycanın 2017-ci ildə İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməsini səbirsizliklə gözləyirik. Biz İƏT-in üzvləri kimi bu Oyunlarda iştirak etmək həvəsindəyik. Bu Oyunlara ev sahibliyi etməklə Azərbaycan bir daha özünü Şərq ilə Qərb arasında körpü kimi təqdim etdi. Azərbaycan, həmçinin özünü Şərq ilə Qərbin sevgi və sülh körpüsü, tolerantlıq, başqalarını qəbul etmək, terrorizmlə və terrorçularla mübarizə nümunəsi kimi təqdim etdi. İnşallah, hər haqq-ədalət Azərbaycanın tərəfində olacaq.

Cənab Prezident, bu müqəddəs ayda Azərbaycan xalqına və hökumətinə səmimi salamlarımızı və hörmətimizi çatdırmaq istərdik. Təşəkkür edirik.

Sonda xatirə şəkli çəkdirilib.

Qalereya




Teqlər:  





Xəbər lenti