Bakıda velosiped qadağasına DİN-dən cavab

Bakıda velosiped qadağasına DİN-dən cavab
  20 İyun 2015    Oxunub:3313
Bakıda velosipedçilərə yol polisi tərəfindən qadağa qoyulması ilə bağlı milli.az-ın dünən yaydığı məqalə geniş müzakirəyə və etiraza səbəb olub.
Daxili İşlər Nazirliyi həmin qadağaya rəsmi cavab verib.

Nazirliyin Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov sayta bildirib ki, "Bakıda velosipedçilərə müəmmalı qadağa" başlıqlı xəbərdə yol polisinin paytaxt küçələrində velosipedçiləri saxlayaraq onlardan yalnız səki ilə hərəkət etmək tələbindən bəhs olunur. O hesab edir ki, məlumatı hazırlayan müxbirin yol hərəkətinin ən müdafiəsiz iştirakçılarından biri olan velosipedçilərin təhlükəsizliyi üçün yol polisi əməkdaşlarının gördüyü qanuni işə belə münasibətinin özü müəmmalıdır.

Bakı küçə və prospektlərində avtomobillər üçün nəzərdə tutulmuş hərəkət zolaqları ilə, necə deyərlər, sağ-soluna baxmadan şütüyən dəbilqəsiz velosipedçilər həm öz həyatlarını təhlükə altına qoymuş olurlar, həm də nəqliyyat vasitələrinin normal hərəkətinə mane olurlar.

Eyni zamanda, onların belə nizamsız hərəkəti paytaxtımızda olan əcnəbilərdə mənfi təəssüratın yaranmasına da səbəb ola bilər. Yollarda hərəkətin təhlükəsizliyini təmin edən yol polisi əməkdaşları da belə hallarla rastlaşdıqda, ilk növbədə, məhz onların öz təhlükəsizlikləri üçün velosipedçilərdən yol hərəkəti qaydalarına uyğun - velosipedçilər üçün nəzərdə tutulmuş hərəkət zolağı ilə, əgər belə zolaq yoxdursa, onda küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə hərəkət etməyi tələb edir ki, burada da heç bir müəmma yoxdur, qanuni bir tələbdir.


Teqlər:





Xəbər lenti