“Azərbaycan təsadüfən seçilməyib” – Ziyafət Əsgərov

  10 İyun 2015    Oxunub : 1838
“Azərbaycan təsadüfən seçilməyib” – Ziyafət Əsgərov
“I Avropa Oyunlarının keçirildiyi məkan kimi Azərbaycan təsadüfən seçilməyib. Onu da qeyd edim ki, belə yarışları keçirmək üçün təkcə bir ölkənin idman infrastrukturlarının yüksək səviyyədə olması əsas deyil. Beynəlxalq yarışların keçirildiyi məkanlar seçilərkən həm də həmin ölkədəki ictimai-siyasi sabitlik, sosial-iqtisadi inkişaf, təcrübə və nəqliyyat infrastrukturunun vəziyyəti nəzərdən keçirilir. Azərbaycanda isə bu söylənən amillərin hər biri ən yüksək formada təmin edilib”.
AzVison.az-ın xəbərinə görə, bu fikirləri Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, qeyd olunanlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf siyasəti ilə yanaşı, idmana göstərdiyi qayğı Olimpiya ailəsinin də diqqətindən yayınmır: “Ona görə də dünyanın əsas idman qurumları bu fikirdədirlər ki, Azərbaycan mötəbər yarışları ən yüksək səviyyədə keçirə biləcək bir dövlətdir. Ölkəmizdə istənilən forum, konfrans, yarışın keçirilməsi üçün hər cür infrastruktur mövcuddur. Eyni zamanda Azərbaycan öz qonaqpərvərliyi, tolerantlığı ilə dünya dövlətləri sırasında öncül yerləri tutur. Bu gün mədəniyyətlərarası dialoqun beşiyinə çevrilən Azərbaycan tolerantlığa nümunə ölkədir. Əhalisinin əksəriyyətini müsəlmanlar təşkil etdiyi bu ölkə digər din və millətlərin sülh şəraitində və rahat yaşamasını təmin edib”.

Vitse-spiker vurğulayıb ki, Avropa Olimpiya Komitəsi inkişaf edən idman infrastrukturu ilə yanaşı, Azərbaycanın sahib olduğu bütün bu dəyərləri nəzərə alaraq I Avropa Oyularının ölkəmizdə keçirilməsi ilə bağlı qərar qəbul edib: “Bu, Azərbaycan dövlətinin və xalqının böyük qələbəsidir. Əlbəttə ki, hər kəs Azərbaycanın bu yarışı da çox yüksək səviyyədə keçirəcəyinə əmindir. Çünki ölkəmizdə indiyədək keçirilən Avropa və dünya çempionatları və ya digər beynəlxalq toplantılar bizim üçün gözəl təcrübə formalaşdırıb”.

Teqlər: