Dindarlar prezidentə təşəkkür etdi

Dindarlar prezidentə təşəkkür etdi
  06 İyun 2015    Oxunub:1540
Azərbaycandakı qeyri-islam təmayüllü dini qurumların rəhbərləri Azərbaycan respublikasının prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, müraciətdə Azərbaycanda yaşayan yəhudi, xristian və digər dinlərə mənsub müxtəlif dini qurumların rəhbərləri ölkə başçısının qayğısı nəticəsində qeyri-islam təmayüllü dini icmalara dövlət büdcəsindən maliyyə yardımı göstərilməsinə görə prezident İ. Əliyevə təşəkkürünü bildirib:

“Biz, Azərbaycanda yaşayan yəhudi, xristian və digər dinlərə mənsub müxtəlif dini qurumların rəhbərləri Zati-Alinizin qayğısı nəticəsində qeyri-islam təmayüllü dini icmalara dövlət büdcəsindən maliyyə yardımı göstərilməsinə görə Sizə sonsuz təşəkkürümüzü bildirir, vahid vətənimiz olan doğma Azərbaycanımızın tərəqqisi və firavan günlərə qovuşması naminə həyata keçirdiyiniz möhtəşəm işlərdə böyük uğurlar, möhkəm cansağlığı, uzun ömür arzulayırıq”.

Müraciətdə dini qurumlara dövlət büdcəsindən maddi yardım göstərilməsinin artıq bir ənənə halını aldığı vurğulanıb: “Biz bunu təqdir etməklə yanaşı, həm də dövlət-din münasibətlərinin tənzimlənməsində Azərbaycana xas xüsusiyyət kimi qiymətləndiririk. Hesab edirik ki, beynəlxalq ictimaiyyət və dünyəvi dövlətlər dini qurumlarla münasibətdə bu yanaşmanı nümunə kimi qəbul etməlidirlər. Bu gün Azərbaycan Sizin bacarıqlı və fədakar rəhbərliyiniz altında Ulu Öndər Heydər Əliyevin yolu ilə inamla və sürətlə irəliləyir, ölkəmizin xoşbəxt gələcəyinin təməli daha da möhkəmlənir. Sizin apardığınız siyasətin uğurunu təmin edən ən önəmli cəhət Ümummilli Liderimizin alternativsiz siyasi xəttinə sonsuz sədaqətiniz və Azərbaycan xalqının – ölkəmizdə yaşayan müxtəlif millətlərin və dinlərin mənsublarının inam və etimadını qazanmağınız, xalqa arxalanmağınızdır".

Müraciətdə qeyd olunub ki, prezident İ. Əliyev dini, milli mənsubiyyətinə fərq qoymadan bütün ölkə vətəndaşlarının ən ümdə hüququ sayılan din və vicdan azadlığının etibarlı təminatçısıdır: “Siz hər bir azərbaycanlının prezidenti kimi dini, milli mənsubiyyətinə fərq qoymadan bütün ölkə vətəndaşlarının ən ümdə hüququ sayılan din və vicdan azadlığının etibarlı təminatçısısınız".


Teqlər:





Xəbər lenti