Ramil Usubov: `Onların qəhrəmanlığı unudulmayacaq`

Ramil Usubov: `Onların qəhrəmanlığı unudulmayacaq`
  06 May 2015    Oxunub:1716
"Müharibə veteranlarının mənalı həyat yolu və zəngin təcrübəsi yetişməkdə olan nəslə, həmçinin daxili işlər orqanlarının gənc əməkdaşlarına örnəkdir. Onların Vətənə sonsuz məhəbbəti, anda, dövlətə sədaqət rəmzinə çevrilmiş qəhrəmanlığı, əzmkarlığı unudulmayacaq".
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov faşizm üzərində Qələbənin 70 illik yubileyi ərəfəsində 1941-1945-ci illər müharibəsinin iştirakçıları olan polis veteranları ilə görüşündə deyib.

Nazir bu əlamətdar tarixin hər yerdə yüksək səviyyədə qeyd olunduğunu bildirib, müharibə illərində həmvətənlərimizin ön və arxa cəbhədəki böyük fədakarlığından və qəhrəmanlığından danışıb, məhz ulu öndər Heydər Əliyevin ali hakimiyyətə tarixi qayıdışından sonra 9 Mayın müstəqil Azərbaycanda dövlət səviyyəsində keçirilən bayramlar sırasına daxil edildiyini, cəmiyyətin ən dəyərli üzvləri kimi veteranlarımıza hər cür diqqət və qayğı göstərildiyini vurğulayib.

Ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin də müharibə iştirakçılarına hər zaman həssas və qayğıkeş münasibətini qeyd edən R.Usubov DİN rəhbərliyinin polis veteranlarının ehtiyacları ilə daim maraqlandığını, problemlərinin həllinə yardımçı olmağa çalışdığını diqqətə çatdırıb.

Daxili işlər naziri əlamətdar bayram münasibətilə veteranları ürəkdən təbrik edib, onlara cansağlığı arzulayıb, ən xoş arzularını bildirib.

Nazir son illər ölkə başçısının rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində böyük quruculuq işlərinin görüldüyünü xatırladıb, eyni zamanda, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin ölkəmizin son illər artan beynəlxalq nüfuzunun və iqtisadi gücünün, regionda lider dövlətə çevrilməsinin əyani göstəricisi olduğunu vurğulayıb. General-polkovnik R.Usubov sözügedən tədbirin yüksək təhlükəsizlik və əmin-amanlıq şəraitində keçirilməsi üçün Ali Baş Komandanın daimi diqqət və qayğısı ilə əhatə olunmuş daxili işlər orqanlarının qarşıya qoyulan bütün məsul vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.

İstefada olan milis polkovniki Müseyib İlyasov iştirakçılar adından çıxış edərək bu görüşə və ümumilikdə veteranlara göstərilən diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlığını bildirib.

Eldar Tanriverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti