`Məmurlar ehsan süfrəsinə çay qoyur” - Mübariz Qurbanlı

`Məmurlar ehsan süfrəsinə çay qoyur” - Mübariz Qurbanlı
  05 May 2015    Oxunub:6431
`Gec-tez yas mərasimlərində insanların hansısa yeməklər verməsi aradan qalxacaq`
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Amerikanın səsi”nə müsahibəsində yas mərasimlərində ehsan, dini təhsil, qəbiristanlıq təsərrüfatı və maarifləndirmə işləri ilə bağlı aparılan işlərdən danışıb.

-Ölkədə dini maarifləndirmənin daha effektli olması üçün hansı tədbirlər planlaşdırırsınız?

-Biz dini maarifləndirmə istiqamətində böyük işlər görürük və bununla bağlı xüsusi proqramımız var. Dini maarifləndirmə işini yalnız Dini Komitə həyata keçirmir. Bu işdə Qafqaz Müsəlmanları İdarəsi, Bakı Beynəlxalq Multikuluralizmi Mərkəzi, o cümlədən Bilik Fondu, ali təhsil ocaqlarımız, hüquq-mühafizə orqanlarımız da yaxından iştirak edir.

Dini maarifləndirmə cəmiyyətin bütün təbəqələrini əhatə edən bir məsələdir. Media bununla bağlı geniş iş aparır. Bu yaxınlarda qəzet redaktorları və KİV rəhbərləri ilə birgə tədbir keçirdik, orada da bu fikir səsləndi. Bu, həm də ictimai əhəmiyyət kəsb edən bir məsələdir. Maarifləndirmə işini daha geniş səpkidə aparmaq ehtiyacı var. Burada əlbəttə, medianın rolunu, xüsusilə elektron KİV-in rolunu daha da artırmaq lazımdır. İnsanlarla geniş təmaslar qurmaq lazımdır, izahat işləri aparılmalıdır. Dini radikalizmi yaradan səbəblər aradan qaldırılmalıdır. Bu səbəblər aradan qaldırıldıqda biz hansısa mənfi nəticəni görməyəcəyik.

-Akademik dini təhsilin hazırkı durumu necədir? Dini təhsil müasir dünya ilə ayaqlaşan elitar dini korpusun yetişdirlməsi üçün bəs edirmi? Dini təhsil sahəsində hansı islahatlara ehtiyac duyursunuz?

-Dini təhsil dedikdə burada iki nüansa diqqət yetirmək lazımdır. Bir var din xadimi yetişdirirsiniz, dini ayinləri icra edən, dini ayinlərlə əlaqədar olan şəxsləri, mütəxəssisləri din üzrə tədqiqatçılar yetişdirirsiniz. Söhbət yenə tək İslamdan getmir. Bir də var ki, ümumilikdə cəmiyyətə dini bilginin verilməsi ilə əlaqədar fəaliyyəti genişləndirirsən. Bizdə din üzrə mütəxəssis yetişdirilməsi istiqamətində Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsi kifayət qədər kadr yetişdirir. Eyni zamanda Milli Elmlər Akademiyasının həm Şərqşünaslıq İnstitutu, həm də Tarix İnstitutu bununla bağlı işlər görür.

O ki qaldı professional din xadimləri məsələsinə, sovet dövründə dinimiz və din xadimlərimiz böyük basqıya məruz qaldığından arada bir fasilə yaranıb. Müstəqillik illərimizdə dini kadrların yetişdirilməsi ilə bağlı Heydər Əliyevin birbaşa tövsiyəsi, tapşırığı ilə Bakı İslam Universiteti yaradılıb, BDU-da ilahiyyat fakültəsi yaradılıb, mədrəsələr açılıb. Bunlar sırf din kadrları yetişdirməklə bağlı fəaliyyət göstərməkdədir.

Dini kadrların yetişdirilməsində Qafqaz Müsəlmanları İdarəsinin himayəsi altında da işlər görülür. Orada din xadimlərinə kurslar təşkil olunur və s. Amma bütövlükdə biz bu gün dini kadrların və din üzrə yüksək səviyyəli mütəxəssislərin hazırlığı ilə əlaqədər başlanğıc nöqtəsindəyik və hesab edirəm ki, bu işi daha da genişləndirmək lazımdır. Bunun üçün Bakı İslam Universitetini daha da genişləndirib dövlətin himayəsi altında bu məsələni daha yüksək səviyyəyə qaldırmaq mümkündür. Bunun üçün addımlar atılmalıdır.

-Yas mərasimlərində yeməklərin verilməsi ilə bağlı bəyanatların təsirləri olubmu? İndi bu sahədə durum necədir? Maarifləndirmə işləri davam etdirilirmi?

-Yas mərasimlərində yemək verilməsi məsələsi ilə əlaqədar Dini Komitənin tövsiyələri, o cümlədən QMİ Qazilər Şurasının fitvası öz təsirini göstərib. İndi Azərbaycanın əksər rayonlarında yas mərasimləri yalnız üçlə yekunlaşır. Əvvəllər bu daha uzun proses idi və cümə axşamları deyilən anlayış da aradan qalxıb. Aparılan işlərin öz müsbət nəticəsi olub. Çoxlu nümunələr də var. Hətta vəzifəli şəxslərin yaxınları vəfat edəndə onların da nümunə kimi yas mərasimlərində yalnız çay süfrəsi açdığının şahidi olmuşuq. Bu nümunələr də öz təsirini göstərməkdədir.

Mən hesab edirəm ki, gec-tez yas mərasimlərində insanların hansısa yeməklər verməsi aradan qalxacaq.

-Qəbiristanlıq təsərrüfatı sahəsində mövcud duruma münasibətiniz necədir? Qabaqcıl ölkələrdə qəbiristanlıqlar elektron xəritələşdirilib, qəbiristanlıq-park infrastrukturu inkişaf etdirlib. Azərbaycanda qəbiristanlıq təsərrüfatlarında nə vaxt nizam-intizam yaradılacaq?

-Azərbaycanda qəbiristanlıq təsərrüfatında nizam-intizam var. Sadəcə qəbiristanlıqlardakı vəziyyəti Avropanın xristian ölkələrindəki qəbiristanlıqlarla bir az müqayisə edəndə əlbəttə, Almaniyada, Fransadakı qəbiristanlıqlarla bizim qəbiristanlıqlar bir-birinə bənzəməyəcək. Çünki həmin ölkələr xristian ölkələridir. Siz bilirsiniz ki, hətta həmin ölkələrdə krematoriyalar var, ailə qəbiristanlıqları var. Onlar bizə aid deyil. Bizə xas deyil. İslam dini insan vəfat etdikdən sonra onun torpağa tapşırılmasını birmənalı vacib şərt sayır.

O ki qaldı qəbiristanlıqların sistemli şəklə salınmasına, bununla bağlı qanun hazırlanıb, Nazirlər Kabinetinə təqdim olunub. Həmin sənəd qanun və ya qərar formasında olacaq, amma sənəddə qəbiristanlıqlar, onların yerləşdiyi ərazilər, yaşayış məskənləri ilə qəbiristanlıqlar arasındakı məsafələr, qəbirlər, onların yerləşməsi islami ənənələrə uyğun verilib. Qəbirlər bir-birindən fərqlənməməlidir. Qəbir daşları eyni olmalıdır. O cümlədən qəbiristanlıqların idarəçiliyi, xidmət məsələləri də burada öz əksini tapıb.

Hətta sənəddə kimsəsiz insanlar, onların dəfni, şəhidlərlə bağlı, tanınmış dövlət, ictimai-siyasi xadimlər, onların dəfni ilə bağlı məsələlər və s. bunlar da tam şəkildə öz əksini tapıb. Bunlar sırf dövlətin nəzarətində olan qəbiristanlıqlar olacaq. Hansısa özəl və ya pullu qəbiristanlıqların yaradılmasından söhbət getmir.

Əlbəttə, bu yeniliklərdən sonra qəbiristanlıqlarımızda islami ənənələrimizə, dinimizə xas olmayan qəbirüstü abidələr, daşlar və s. yəqin ki, zaman-zaman yerini bu qaydalara verəcək.

Qəbiristanlıqların idarəçiliyi bələdiyyələrin və yerli icra hakimiyyətlərinin nəzarətində olduğundan onlar da yəqin ki, bu istiqamətdə addımlar atacaqlar.

Bu gün müasirləşən Azərbaycana uyğun şəkildə bütün sahələrdə olduğu kimi məzarlıq yerlərində də müəyyən sistemin yaranması vacibdir.


Teqlər:  





Xəbər lenti