İlham Əliyev: “Azərbaycanda bütün azadlıqlar təmin edilib”

İlham Əliyev: “Azərbaycanda bütün azadlıqlar təmin edilib”
  04 May 2015    Oxunub:2160
“XX əsrin əvvəlində Rusiya imperiyasının süqutu nəticəsində müsəlman Şərqində ilk demokratik, müstəqil respublika Azərbaycanda yaranıb. İşğal nəticəsində müstəqilliyimizi 70 il itirdik və müstəqilliyimizi yenidən 1991-ci ildə qazandıq. Azərbaycan o zaman daxili gərginlik, iqtisadi çətinlik və Ermənistanın işğalı ilə üzləşmişdi”.

AzVision.az-ın Apa-a istinadən verdiyi məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, müstəqilliyin ilk illərində Azərbaycanda siyasi və iqtisadi islahatlara başlanıb: “Siyasi sistem sovet sistemi, iqtisadiyyat isə planlı iqtisadiyyat idi. Siyasi və iqtisadi sistemin transformasiyası vacib idi. 1990-cı illərin ortalarından başlayaraq bu sahədə böyük irəliləyişlərə nail olduq. Azərbaycanda bütün azadlıqlar təmin edilib. Sərbəst toplaşma azadlığı təmin edilib, əhalinin 75 faizi internet istifadəçisidir. Biz geniş zolaqlı interneti ölkənin ən ucqar nöqtələrinə belə çəkirik. Biz dərk edirik ki, müasir idarəçilik, siyasi transformasiya olmasa, uğura nail ola bilmərik”.

“Azərbaycanın enerji resursları əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlib”-deyən Dövlət başçısı bildirib ki, bu islahatlar Ermənistanın təcavüzü fonunda həyata keçirilir: “1 milyon soydaşımız qaçqın və məcburi köçkündür, etnik təmizləmədən əziyyət çəkmişik. Ermənistan qoşunları Azərbaycanda etnik təmizləmə həyata keçirib. 20 ildən artıqdır, sülh danışıqları nəticə vermir. 21-ci əsrdə işğala görə bir dövlətin cəzalandırılmaması təəccüb doğurur. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi illərdir, masa üzərindədir, əməl olunmur. Bu da göstərir ki, beynəlxalq hüquq müəyyən maraqlar, müəyyən ölkələrin təsiri nəticəsində tətbiq edilir”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan qaçqın və məcburi köçkünlərlə bağlı humanitar fəlakətlə üzləşmişdi: “Bizə iqtisadiyyatı inkişaf etdirmək üçün sülh və sabitlik lazım idi. Biz işğal şəraitində ölkəmizi inkişaf etdirməli idik, çünki güclü olduqda hədəflərimizə nail ola bilərdik. Biz bu yolla getdik. Münaqişəni danışıqlar yolu ilə həll etməyə çalışırıq. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”.

“Əminəm ki, Azərbaycan Asiya İnkişaf Bankının dəstəyi ilə daha böyük inkişafa imza atacaq”-deyən dövlət başçısı qeyd edib ki, AİB ilə səmərəli əməkdaşlığın davam edəcəyinə əmindir: “Biz 23 ildir müstəqil ölkəyik. Ancaq Azərbaycan tarixinə, ənənəsinə görə tanınır. İnanıram ki, qonaqlar tarixi abidələrimizə baxmağa, Azərbaycanla geniş tanış olmağa vaxt tapacaqlar. Azərbaycanın Şərqlə Qərb arasında yerləşdiyi üçün multikultural dəyərlərdən bəhrələnib. Biz multikultural tarix və ənənəmizlə fəxr edirik. Azərbaycanın tolerant ölkə kimi inkişafına sadiqik. Biz bir neçə il əvvəl Beynəlxalq Multikulturalizm Mərkəzini təsis etmişik. Dini və irqi ayrı-seçkiliklə birgə mübarizə aparmalıyıq. Bizim səylərimizlə artıq Azərbaycan dünyada multikulturalizm mərkəzi hesab olunur”.

Prezident İ. Əliyev bildirib ki, XX əsrin əvvəllərində Rusiya imperiyasının süqutu nəticəsində müsəlman Şərqində ilk demokratik müstəqil respublika Azərbaycanda yaranıb. “İşğal nəticəsində müstəqilliyimizi 70 il itirdik, müstəqilliyimizi yenidən 1991-ci ildə qazandıq. Azərbaycan o zaman daxili gərginlik, iqtisadi çətinlik və Ermənistanın işğalı ilə üzləşmişdi”, - deyə o vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti