İlham Əliyev nazirlə görüşdü

İlham Əliyev nazirlə görüşdü
  15 Aprel 2015    Oxunub:1769
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də İtaliya Respublikasının iqtisadi inkişaf naziri Federika Quidinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazir Federika Quidi İtaliya Prezidenti Sergio Mattarellanın və Baş nazir Matteo Renzinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Federika Quidi ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığını dedi. Əlaqələrimizin möhkəmləndirilməsində enerji sahəsində əməkdaşlığın önəmini vurğulayan italiyalı nazir TAP layihəsi ilə bağlı ölkəsində həyata keçirilən işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Dövlətimizin başçısı Romada İtaliyanın Baş naziri Matteo Renzi ilə keçirdiyi görüşləri xatırlayaraq səfər zamanı qəbul edilmiş “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənın ölkələrimiz, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq əlaqələri baxımından əhəmiyyətini qeyd etdi. Ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev enerji təhlükəsizliyi sahəsində əməkdaşlığımızın önəmini vurğuladı. Dövlətimizin başçısı “Cənub” qaz dəhlizi layihəsinə toxunaraq, TANAP layihəsinin həyata keçirilməsində birgə səylərin əhəmiyyətini vurğuladı.

Prezident İlham Əliyev İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidinin Azərbaycana səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

Görüşdə Azərbaycan ilə İtaliya arasında kənd təsərrüfatı, yüksək texnologiyalar, sənayenin inkişafı və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Prezident Sergio Mattarellanın və Baş nazir Matteo Renzinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İtaliya Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti