“Deputat cəmiyyətə və mətbuata əlçatan olmalıdır”– Müsahibə

 “Deputat cəmiyyətə və mətbuata əlçatan olmalıdır”– Müsahibə
  13 Aprel 2015    Oxunub:2586
“Hələ ki, cavan və enerjiliyəm, namizədliyimi vermək istəyirəm”

AzVision.az saytının “Deputatın hesabatı” adlı layihəsi davam edir. Bu dəfəki müsahibimiz Milli Məclisin deputatı Çingiz Qənizadədir.

-Müsahibəyə ənənəvi olaraq bu sualla başlamaq istərdik: bildiyimiz kimi qarşıdan növbəti parlament seçkiləri gəlir. Bu il deputat fəaliyyətiniz başa çatacaq. İlk öncə geridə qalan 5 ilə nəzər salaq. Fəaliyyətinizi necə qiymətləndirirsiniz?

-Ümumiyyətlə beşinci ildir ki, parlamentdəyəm. Məncə fəaliyyətim qənatbəxşdir. 4 qanun layihəsinə edilmiş əlavə və dəyişikliklərin müəllifiyəm və bir neçə qanun layihəsinin üzərində işləyirəm. Bu illər ərzində həm TÜRKPA-nın nümayəndə heyətinin üzvü, həm də millət vəkili kimi bir sıra beynəlxalq tədbirlərdə iştirak etmişəm. Parlament üzvü kimi üzərimə düşən bütün vəzifələri çalışmışam vicdanla yerinə yetirim. Hər gün saat 10:00-dan 18:00-dək parlamentdə oluram. Odur ki, şikayətçilər və müraciət edən seçicilərimlə görüşmək imkanım kifayət qədərdir.

Rayonla bağlı isə seçkiöncəsi təbliğat kampaniyası zamanı seçicilərimə söz vermişdim ki, hər il seçildiyim bölgədə seçicilərə hesabat verəcəm.

Qeyd edim ki, 80 saylı İmişli-Beyləqan seçki dairəsində 50-ə yaxın kənd var. Hər il kəndlərin hər birində hesabat xarakterli görüşlərim olub. Ümumilikdə isə seçki dairəsində seçicilərimlə 200-ə yaxın görüşüm olub.

Seçki kampaniyası zamanı seçicilərimə üz tutaraq deyirdim ki, sizlərə su, işıq, yol çəkən deyiləm. Buna maddi imkanım da yol verməz. Sadəcə onlara söz verdim ki, sizin problemlərinizin həllinə çalışacağam.

İndiyədək seçicilərin problemi ilə əlaqədar baş nazir başda olmaqla, bir çox nazirliklərə müxtəlif müraciətlərim olub.

- Seçiciləriniz daha çox hansı problemlərə görə sizə müraciət edirlər?

- Sosial və hüquqi problemlər daha çoxdur. Bəzilərinin torpaq bölgüsü zamanı problemləri olub. Bəziləri “Aqrolizinq” ASC-nin regional bölməsindən şikayətlər edirdilər. Heydər Əsədov kənd təsərrüfatı naziri olduqdan sonra bu sahədə uğurlu islahatlar aparır və artıq bu sahədə mövcud olan problemlər öz həllini tapmaqdadır.

Seçicilərim müraciət edir ki, yolumuz bərbaddır, gəlin yolumuzu çəkin. Bildirmişəm ki, yol çəkməyə maddi imkanım yoxdur. Mən əmək haqqı ilə dolanan deputatam və buna maddi imkanım çatmır. Lakin bu problemi müxtəlif qurumların diqqətinə çatdırmışam.

- Bəs, builki seçkilərdə yenidən namizədliyinizi verəcəksinizmi?

-Sözsüz ki, namizədliyimi irəli sürəcəyəm. Böyük məmnuniyyətlə hazırda deputatı olduğum ərazidən namizədliyimi verməyi düşünürəm. Hələ ki, cavan və enerjiliyəm. Həm zehni, həm də fiziki qüvvəm imkan verir ki, növbəti 5 ildə də fəaliyyətimi davam etdirim. Ona görə də namizədliyimi verməyi düşünürəm.

-Tez-tez belə fikirlər səslənir ki, Milli Məclis üzvlərinin çoxunu yaşlı nəslin nümayəndələri təşkil edir. Sizcə, parlamentdə gəncləşmə siyasəti aparmaq lazımdırmı?

-Parlamentdə müəyyən yaşlı insanlar var ki, yaşı 70-dən yuxarıdır və yaxud da o yaş ətrafındadır. Onlar müəyyən elmi potensialı olan insanlardır. Onların çoxu elmi dərəcəsi olan alimlərdir, idarəedici və ziyalı insanlardır.

Seçkilərdə iştirak etmək hər bir insanın konstitusion hüququdur. Orada yaş məhdudiyyəti yoxdur. Hər kəs özü müəyyən etməlidir ki, fiziki gücü varmı ki, 5 il də işləsin. Vəzifəsini yerinə yetirməkdə özü problem görürsə, təbii ki, o könüllü kənarlaşıb getsə yaxşıdır.

-Milli Məclisdə tez-tez çıxışlar edirsiniz, jurnalistlər lazım gəldikdə sizinlə çox asanlıqla əlaqə saxlaya bilirlər. Amma bəzi həmkarlarınız var ki, onlar mətbuatdan qaçırlar, onların parlamentdə bir dəfə də olsun səsini eşitməmişik…

-Ad çəkmək istəməzdim, çünki həmkarlarımdan söhbət gedir. Ümumiyyətlə, belə hesab edirəm ki, deputat cəmiyyətə və mətbuata əlçatan olmalı, parlamentdə aktiv fəaliyyət göstərməlidir.

- Bəzi həmkarlarınız deputat fəaliyyəti ilə yanaşı, şəxsi bizneslə də məşğul olurlar. Mətbuatda bu haqda bir neçə dəfə yazılıb. Bilmək istərdik, sizin necə, şəxsi biznesiniz varmı, yoxsa sadəcə deputat maaşı ilə dolanırsınız?

-Sırf deputat maaşı ilə dolanıram. Hər hansı bir biznesim yoxdur və heç vaxt da olmayıb. Bundan əvvəl müxtəlif vəzifələrdə olmuşam və o zaman da bu haqda heç nə fikirləşməmişəm. Vaxtilə Bakı şəhər prokuroru işləmişəm, ədliyyə generalı rütbəsində olmuşam. Qeyri-hokumət təşkilatı rəhbəri olan zaman da heç bir xarici ölkədən, beynəlxalq təşkilatdan maliyyə yardımı almamışam.

Həmişə deyirdim ki, təşkilatım jurnalistlər üçün açıqdır və istənilən vaxt maliyyə sənədləri ilə tanış ola bilərlər. Dolanışıq üçün müəyyən yollar axtaran və hətta beynəlxalq təşkilatlardan, xarici dövlətlərdən maliyyə yardımı alıb, dövlətimizin imicinə zərər vura biləcək fəaliyyət göstərən insanlar var. Bunu qəbul edə bilmirəm.

Hər hansı bir yerdə gəlir gətirəcək biznesim yoxdur. Biznesi olan deputatlar varsa da, bunu özgəninkiləşdiriblər. Qanun deputatın bizneslə məşğul olmasını qadağan edir.

-Siz Hüquq üzrə Fəlsəfə doktorusunuz. Hansısa universitetdə dərs deyirsinizmi və yaxud da bu barədə fikirləşirsinizmi?

-Parlament seçkilərindən öncə Bakı Dövlət Universitetinə müraciət etmişdim. Rektor Abel Məhərrəmovdan xahiş etmişdim ki, orada mənə dərs verilsin. Sonra Milli Məclisə namizədliyimi verməli oldum. Deputat seçildikdən sonra iki yerdə işləyəcəyim təqdirdə Milli Məclisdəki iş keyfiyyətimin aşağı düşməsi ehtimalı ilə razılaşmadım və ona görə də tək burada işləməyi üstün tutdum. Maaşımız normaldır və hamı kimi dolanırıq.

-Yəqin ki, mətbuatdan da izləyirsiniz, hazırda iqtisadi böhranla əlaqədar bəzi dövlətlərdə deputatların maaşlarının azaldılması təklif olunur. Siz necə düşünürsüz, bizdə deputatların maaşının azaldılması və ya artırılmasına ehtiyac varmı?

-Əmək haqqının artırılması ölkənin iqtisadi gücündən asılıdır. Neftin qiyməti nə qədər ki, aşağıdır, heç bu barədə danışmaq olmaz. Amma ölkələr var ki, orada deputatların maaşı yüksəkdir. Türkiyədə səhv etmirəmsə deputatın əmək haqqı 6000 min dollara yaxındır. Hardasa bizim maaşlardan 2 dəfə artıqdır. Onlar ola bilsin ki, bu barədə düşünsünlər. Bizim maaşlar ötən il 300 manata yaxın artırılıb. Bu gün Azərbaycanda orta əmək haqqını hesablasaq görərik ki, deputatlar kifayət qədər maaş alır. Amma gələcəkdə ola bilər ki, iqtisadi gücümüz və gəlirlərimiz daha da artacaq, o zaman əmək haqqı məsələsi gündəmə gələ bilər.

- Çingiz müəllim, hazırda bəzi hüquq müdafiəçiləri var ki, onlar həbsdədir, buna görə Qərbdən bəzi təşkilatlar ölkəmizə təzyiqlər göstərməyə çalışırlar. Onların `siyasi məhbus` olduğu iddia edilir. Siz necə düşünürsüz, ümumiyyətlə ölkəmizdə `siyasi məhbus` varmı?

-`Siyasi məhbus` terminini işlətmək düzgün deyil. Hələ ki, Avropa Şurası özü bu kriteriyanı tam müəyyən edə bilməyib ki, `siyasi məhbus` dedikdə nə başa düşülməlidir. Bu gün Gürcüstanda Saakaşvilidən sonra hakimiyyətə gələn qüvvələr o dövrün nümayəndələrini həbs edirlər. Hətta Saakaşvilinin həbs edilərək xaricdən ekstradisiya olunmasını istəyirlər. Ermənistandakı vəziyyəti bilirsiz ki, onlar hansı formada hakimiyyətə gəliblər. Maraqlıdır ki, Avropa Şurası bu termini yalnız Azərbaycan barədə işlədir.

Amma ictimai-siyasi proseslərdə olub, cinayət törədən şəxslər dərhal özünü siyasiləşdirməyə maraqlıdır. Belə ümid edirlər ki, bu onların işini yüngülləşdirəcək, vaxtından tez azad oluna biləcək.

Vergidən yayınma və s. neqativ hallar var ki, özləri bunu həyata keçirirlər. Ona görə də bu adamların adlarının siyasi deyə, qabardılması yolverilməzdir. Qanun hamı üçün qanundur. Qanunu pozmuş şəxs təbii ki, qanun qarşısında məsuliyyət daşıyır.

- Onları dəstəkləyənlər daha çox hansı dövlətlərdir və bunda nə kimi maraqları var?

-İstəyirlər ki, Azərbaycan da Ermənistan kimi qoltuqaltı bir dövlət olsun. Oyuncaq bir hökumət olsun və istədiklərini həyata keçirsinlər. Bu onların istədiyi kimi reallaşsaydı təbii ki, burada Qarabağ məsələsinin ermənilərin xeyrinə həll olunması məsələsinə görə bizim milli maraqlarımıza təzyiqlər artacaq. Cənab Prezident də bütün məsələlərdə xalqın və dövlətin mənafeyindən çıxış edir.

Necə ki, Türkiyə bütün dünyada təkləndiyi kimi, Azərbaycan da türk dünyasına iad olduğu üçün bu cür dövlətlər tərəfindən təklənir və imkanları olduğu qədər bizi təzyiqlərə məruz qoymağa cəhd edirlər. Bunlar Avropanın aparıcı dövlətləridir, ABŞ-dır. Rusiya ilə bilirsiz ki, dostluq münasibətləri olsa da, beynəlxalq hüquq normalarına hörmət əlaməti olaraq Qarabağ məsələsində aktiv rol oynamaq istəmirlər. Ən azından iki girovumuzdan biri Rusiya vətəndaşı olduğu halda, onu geri almaq istəmirlər. Ermənistanda bir rus əsgəri tərəfindən erməni ailənin qətlə yetirilməsi və həmin əsgərin Rusiyaya aparılıb, orada mühakimə olunması müsbət həll olundu. Bu cür məsələlərdə bizə ikili standartlar nümayiş etdirirlər. Bizə üzdə dostuq deyirlər, amma təbii ki, uğurlarımıza sevinmirlər.

-Çingiz müəllim girovlar məsələsinə toxundunuz. Onların azad olunması üçün dövlət hansı addımları atmalıdır?

- Bizim bilmədiyimiz məqamlar var ki, dövlət və cənab Prezident bu istiqamətdə işlər aparır. İnanıram ki, beynəlxalq konvensiyaya uyğun olaraq mülki şəxslər girov düşərsə, öz ölkələrinə qaytarılması prinsipi bu iki şəxsə də tətbiq olunacaq. Olunmazsa, bu halda ermənilərin 10-15 nəfər adamını girov götürərək dəyişdirməliyik. Yəni zora-zor prinsipini işlədərək... Gördüyünüz kimi Azərbaycan dövləti hələlik buna üstünlük vermir, bütün beynəlxalq təşkilatları bu işdə aktiv olmağa çağırır.

Ağ evin sözçüsünə girovlarımızla bağlı sual veriləndə o demişdi ki, biz hələ kifayət qədər məlumatlı deyilik. Amma necə olur ki, bir QHT-çi 500 min pul alıb, vergidən yayınaraq qanunu pozursa, onun tutulduğu anda bəyanat verirsiniz, amma orada neçə aylardır əziyyət çəkən iki şəxs haqqında məlumatlı deyilsiz?!

- Yenə qayıdaq parlamentə. Parlamentdə deputatlarla münasibətiniz necədir, dostluq etdiyiniz həmkarlarınız varmı?

-Bu gün parlamentdə olan həmkarlarımın hər biri ilə çox yaxşı münasibətim var. Hər biri ilə dostcasına münasibətim var. Başda spiker Oqtay müəllim olmaqla, parlament rəhbərləri ilə istədiyim vaxt görüşüb, fikirlərimi çatdıra bilirəm. Parlamentin üzvləri ilə əməkdaşlığım, komitələrarası əlaqələrimiz var.

-Bakı şəhər prokuroru olduğunuz vaxtlardan indiyə kimi dostluq etdiyiniz məmur, nazir varmı?

-Hüquq-mühafizə orqanlarının böyük əksəriyyəti ilə yaxşı münasibətlərim var. Çünki hüquq-mühafizə orqanlarında işləmişəm. Ədliyyə Nazirliyində, prokurorluq orqanlarında çalışmışam. Bu gün yüksək vəzifədə olanların bir çoxu vaxtilə mənimlə birgə işləyib. Bəziləri tabeçiliyimdə olublar. Dostlarımın arasında generallar da var. Tələbə yoldaşlarım var ki, müxtəlif vəzifələrdə çalışırlar. Hər biriı ilə çox normal münasibətlərimiz var. Hesab edirəm ki, hüquq-mühafizə orqanları dövlətin onurğa sütunudur. Ölkədə asayiş baxımından stabillik olmasa, o ölkədə təbii ki, inkişaf ola bilməz. Ona görə də, bu qurumun sıravi əməkdaşından tutmuş nazirinə qədər hər birinə hörmətlə yanaşmaq lazımdır.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti