İlham Əliyev: “Maliyyə vəziyyətimiz yaxşıdır”

İlham Əliyev: “Maliyyə vəziyyətimiz yaxşıdır”
  12 Aprel 2015    Oxunub:2305
“Son illər ərzində regionların inkişafı proqramı çərçivəsində çox işlər görülüb. Əsas məqsəd yerli istehsalın, iş yerlərinin yaradılması və ixrac potensialımızın gücləndirilməsidir”.

AzVision.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Astarada ictimaiyyət nümayəndələri ilə görüşündə deyib.

“Astaraçay” MMC-nin çay emalı fabrikində yaradılan şəraitlə tanış olan prezident əminliklə bildirib ki, vaxt gələcək Azərbaycan öz çayını daha da böyük həcmdə dünya bazarlarına çıxaracaq.

“Çünki buna nail olmaq üçün bütün imkanlar var. Dövlət siyasəti aparılır, bizim maliyyə vəziyyətimiz kifayət qədər yaxşıdır. İlin birinci rübünün yekunları da çox müsbətdir. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Gələcəkdə biz kənd təsərrüfatının, sənayenin, qeyri-neft sektorunun hesabına daha da inkişaf edəcəyik.

Mən çox şadam ki, son illərdə cənub bölgəsində gördüyümüz işlər nəticəsində böyük infrastruktur layihələri icra edilmişdir. Astarada on ildən çoxdur ki, elektrik stansiyası fəaliyyət göstərir. Qazlaşdırma uğurla gedir. Astara rayonunun qazlaşdırılması 75 faiz səviyyəsindədir. İndi içməli su layihəsi icra edilir. Ümid edirəm ki, gələn ilin sonuna qədər Astara təmiz içməli su ilə təmin ediləcək. Yollar çəkilir, Bakı-Astara magistral yolu inşa edilir. Biz bu layihəni müəyyən mərhələlərə bölmüşük. İş yerlərinin, yerli istehsalın yaradılması da əlbəttə ki, diqqət mərkəzindədir”.

Prezidentin sözlərinə görə, belə kompleks yanaşma imkan verir ki, Azərbaycan iqtisadiyyatı neft amilindən daha az asılı olsun və dayanıqlı inkişaf təmin edilsin. Bununla bərabər, Astarada gözəl abadlıq işləri aparılır, bulvar salınıbdır, mən bunu alqışlayıram. Bu, insanların rahatlığı, istirahəti üçün gözəl bir təşəbbüsdür. Bildiyiniz kimi, indi Azərbaycanın müxtəlif yerlərində bulvarlar salınır. Vaxtilə bir bulvarımız var idi - Bakı bulvarı.

“Onun uzunluğu təqribən 3,5 kilometr idi. Bir aydan sonra Bakıda yeni açılışlar olacaq. Biz bulvarı genişləndiririk və Bakı bulvarının uzunluğu 16 kilometr olacaq. Digər şəhərlərdə, çaylar boyu yerləşən şəhərlərdə, dəniz kənarındakı şəhərlərdə bulvarlar salınır. Mən bunu alqışlayıram. Bu, gözəllikdir, müasirlikdir, insanların rahat yaşaması üçün edilən gözəl hədiyyədir.

Abadlıq, quruculuq, sosial infrastruktur. Yadımdadır, keçən dəfə Astarada olarkən xəstəxananın açılışını qeyd etmişdik. Məktəblər tikilir, kənd yolları salınır. Demək olar ki, Astara rayonunun əksər kəndlərini birləşdirən kənd yolları tikilibdir, biri bu gün açılacaq. Biz digər kənd yollarının da tikintisinə nail olacağıq ki, Azərbaycanda bir dənə də təmirsiz kənd yolu qalmasın. Məqsəd bundan ibarətdir. Son illərdə bu sahəyə kifayət qədər böyük vəsait ayrılmışdır. Yollar tikilir, çünki yol olmasa inkişaf da olmaz. Eyni zamanda, yol olanda insanlar özlərini daha da rahat hiss edirlər. Yol həm sosial, həm də iqtisadi layihədir. İnfrastruktur layihələri bizim fəaliyyətimizin birinci mərhələsində ona görə prioritet daşıyırdı, çünki onlar olmasa inkişaf mümkün deyil. Biz elektrik stansiyaları tikməsəydik, bu gün bu müəssisənin də yaradılmasına heç bir imkan olmazdı. Çünki enerji generasiyası, qaz xətləri, infrastruktur, yollar - bunlar hər bir ölkənin inkişafını şərtləndirir. Ondan sonra isə dövlət investisiyalarının yatırılması, kreditlərin verilməsi, sahibkarlığın inkişafı, belə gözəl müəssisələrin yaradılması prosesi başlamışdır”.

Ölkə başçısı deyib ki, burada mindən çox insan işlə təmin ediləcək. Bu, işsizliyin aradan qaldırılması üçün çox gözəl addımdır: “Eyni zamanda, ənənəvi olaraq çay plantasiyalarında qadınlar daha çox işləyirdi, fəaliyyət göstərirdi. Bu da çox vacibdir ki, ailədə hər iki valideyn işlə təmin edilsin. Qadınlar üçün çay plantasiyalarında işləmək Azərbaycanda ənənəvi xarakter daşıyan haldır. Hesab edirəm ki, müasir şəraitdə işləmək, əlbəttə, hər bir insan üçün çox önəmlidir. Gözəl müəssisədir, əminəm ki, burada insanlara, fəhlələrə yaxşı baxacaqlar, onların maaşı da, yeməyi də, iş şəraiti də yaxşı olacaq. Əminəm ki, bu fabrik gələcəkdə öz fəaliyyətini genişləndirəcək. Çünki həm Lənkəranda, həm Astarada, digər yerlərdə imkanlar genişdir, kənd təsərrüfatı, çayçılıq. Siz burada, eyni zamanda, çəltikçiliklə də məşğulsunuz. Bu da çox önəmlidir, bu zonanın ənənəvi kənd təsərrüfatı sahəsidir. Ölkəmiz bax, bu cür inkişaf edəcək, o cümlədən Astara.

Astara gözəl rayondur, Azərbaycanın gözəl guşəsidir, gözəl təbiəti, iqlimi, insanları var. Çox şadam ki, burada həm abadlıq işləri görülür, eyni zamanda, gözəl müəssisələr yaradılır. Bu, mənim Astaraya son illər ərzində yeddinci səfərimdir. Bu, özlüyündə sübut edir ki, Astaraya nə qədər böyük diqqət göstərilir. Mən bundan sonra da burada gedən işləri daim nəzarətdə saxlayacağam”.


X X X

Rayon ictimaiyyətinin nümayəndələri Astaranın hərtərəfli inkişafının daim diqqət mərkəzində saxlandığına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə söhbət etdi.

Prezident İlham ƏLİYEV: Yaxşı işləmisiniz. Görürəm ki, medallarınız çoxdur. Harada, hansı sahədə işləmisiniz?

SAKİN: Fermada işləmişəm, kənd təsərrüfatı sahəsində.

Prezident İlham ƏLİYEV: Yəni, yaxşı işləmisiniz ki, sizi o vaxt təltif ediblər.

SAKİN: Bəli, ulu öndər Heydər Əliyevin dövründə işləmişəm.

Prezident İlham ƏLİYEV: Lap yaxşı. Bəs o vaxtdan çayçılıqda işləyənlər var?

SAKİN: Bu şəkildə gördüyünüz kimi, düz 33 il bundan əvvəl biz Ulu Öndəri bu məkanda qarşılamışdıq. O vaxt bizimlə çox səmimi söhbət etdi. Onun bizə bir tövsiyəsi oldu ki, çayçılıq, çay bitkisi çox müqəddəs bitkidir. Onun halallığa çox ehtiyacı var. Bu gün mən çox şadam, ümumiyyətlə, astaralıların hamısı çox şaddır ki, Siz onun tövsiyəsini davam etdirirsiniz. Çayçılıq bizim rayona xas olan təsərrüfatdır. Rayonun iqlimi buna imkan yaradır. Çayçılığın inkişafına göstərdiyiniz diqqətə görə çox sağ olun. Biz daim Sizi dəstəkləyirik. Allah Sizi qorusun. Bir daha Astaraya xoş gəlmisiniz.

Prezident İlham ƏLİYEV: Sağ olun.

SAKİN: Cənab Prezident, xoş gəlmisiniz, Sizin ziyarətiniz də qəbul olunsun. Bu bölgə bizim üçün əzizdir, müqəddəsdir. Sizin gəlişiniz bu bölgəni bizim üçün daha da təravətləndirdi. İlk çay bitkisi 1812-ci ildə məhz bu bölgədə əkilib. İndi Sizin qayğınızın nəticəsində biz çayçılığı inkişaf etdiririk. Sizin tapşırığınızla cənub bölgəsində çayçılığın genişləndirilməsi regionların inkişafı ilə bağlı Dövlət proqramına daxil edildi. Həmin ildən biz yeni plantasiyalar salmağa başladıq. Sizin sayənizdə qısa müddətdə 450 hektar çay plantasiyası salmışıq. Gördüyünüz bu çay fabriki də şəxsən Sizin sayənizdə tikilib. İnanın ki, indiyədək belə bir fabrik bu bölgədə, respublikada olmayıb.

Prezident İlham ƏLİYEV: Heç vaxt olmayıb.

SAKİN: Hamısı Sizin diqqətiniz sayəsində olub.

Prezident İlham ƏLİYEV: Əminəm ki, bundan sonra belə fabriklərin sayı çox olacaq - həm burada, həm digər yerlərdə. Çünki çayçılıq bizim ənənəvi kənd təsərrüfatı sahəmizdir. Çox istəyirəm ki, həm daxili bazarı biz özümüz təmin edək, həm də ixrac edək. Xaricdə də görsünlər ki, Astara çayı nə qədər gözəldir, ləzzətlidir, keyfiyyətlidir. Çünki bizdə, ümumiyyətlə, Azərbaycanda kənd təsərrüfatı məhsullarının hamısı keyfiyyətlidir. İndi bəzi xarici ölkələrdə məhsullara o qədər kimyəvi maddələr vurur, məhsulu artırmaq üçün o qədər müxtəlif yollara əl atırlar ki, məhsul da öz keyfiyyətini, dadını itirir. Azərbaycanda bütün meyvə, tərəvəz, kənd təsərrüfatı məhsulları təbiidir, gözəldir, keyfiyyətlidir, o cümlədən də çay. Ona görə çox istərdim ki, biz Astara çayını dünyanın aparıcı ölkələrinin mağazalarında görək. Belə fabriklə buna nail olmaq mümkün olacaq. Şadam ki, biz bu gün bu ənənəni bərpa edirik. Siz tamamilə haqlısınız ki, Ulu Öndər həmişə bu bölgədə olarkən deyirdi ki, çayçılıq çox əhəmiyyətli sahədir.

SAKİN: Astaraya səfərləri zamanı birinci olaraq çay plantasiyasına gəlirdi.

Prezident İlham ƏLİYEV: Sonra - 1990-cı illərdə Azərbaycana qayıdanda da çox heyfsilənirdi ki, bu sahəyə lazımi diqqət göstərilməmişdir. Demək olar ki, biz çayçılığı itirirdik. Biz gərək onun siyasətini davam etdirək. Çalışırıq ki, davam etdirək. Belə gözəl müəssisələrin yaradılması ölkəmizin gücünü göstərir. Görürəm, burada xarici mütəxəssislər də var, sizi də salamlayıram. Sağ olun, siz də bizə kömək edirsiniz. Təbrik edirəm.

SAKİNLƏR: Çox sağ olun.

AzVision.az


Teqlər:  





Xəbər lenti