Tovuzun icra başçısından kim razı, kim narazıdır?

Tovuzun icra başçısından kim razı, kim narazıdır?
  08 Aprel 2015    Oxunub:5287
AzVision.az-ın “İcra başçıları necə işləyir?” adlı layihəsi davam edir. Layihə çərçivəsində Azərbaycanın şəhər və rayonlarında söz sahibi olan icra başçılarının fəaliyyətindən bəhs edirik. Ölkə başçısının etimad göstərdiyi icra başçılarının fəaliyyətinə, gördükləri işlərə, yol verdikləri nöqsanlara həmin bölgədən olan tanınmışlar qiymət verirlər.

Layihəmizin üçüncü “qonağ”ı Tovuz rayonunun icra başçısı Tofiq Zeynalovdur.


Öncə Tofiq Zeynalovun tərcümeyi-halına nəzər salaq:

Zeynalov Tofiq Məhəmmədəli oğlu 17 iyul 1944-cü ildə Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub.Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun kənd təsərrüfatının mexanikləşdirilməsi fakultəsini və Bakı Ali Partiya məktəbini bitirib. Əmək fəaliyyətinə 1960-cı ildə Qovlar İnternat məktəbində kitabxana müdiri kimi başlayıb.

O, 1991-1992-ci illərdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 2000-2001-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əlaqələr idarəsində rəis müavini vəzifəsində işləyib. 2001-2002-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əlaqələr idarəsinin rəisi vəzifəsində çalışıb.

2002-2007-ci illərdə Tovuz Ərazi Kənd Təsərrüfatı idarəsinin rəisi vəzifəsində fəaliyyət göstərib.

O, prezident İlham Əliyevin sərəncamı ilə 2007-ci ildə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, dörd övladı var.


Tovuzdan olan tanınmışlar Tofiq Zeynalovun işindən razıdırlar, yoxsa narazı?

“Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev Tofiq Zeynalovun fəaliyyətindən narazı deyil:

“Tofiq Zeynalovu sovetlər dövründən tanıyıram .Yəni idarəçiliyin və idarəetmənin nədən ibarət olduğunu yaxşı bilən məmurdur. Ümumiyyətlə, Tovuz elə bir rayondur ki, burada əsasən yerli icra başçısı işini mükəmməl qura bilir. Əlbəttə ki, bunun da öz mənfi və müsbət xüsusiyyətləri var. Tovuzun Ermənistanla böyük ərazidə həmsərhəd olduğunu və daima hərbi münaqişələrin baş verdiyi bölgə olduğunu nəzərə alsaq, idarəçilik baxımından da çətin bir şəraitli rayon olduğunu görərik. Belə bir şəraitdə Tofiq Zeynalov zənnimcə, öz borcunu layiqincə yerinə yetirir və əlindən gələni edir. Yəni bu gün ümumən götürəndə Tovuzda qlobal bir siyasi və iqtisadi problem yoxdur”.

A.Nağıyev hesab edir ki, Tovuz sakinlərini düşündürən ən böyük problem yeni iş yerlərinin açılmasıdır.

“Hər kənddə iş yerlərinin açılması əhali arasında müsbət qarşılanar və köçmələrin qarşısı alınar, bu əsasən ermənilərlə həmsərhəd kəndlərə şamil edilməlidir. Həmin kəndlərdə bir sıra vergi tutulması ləğv edilməlidir. Gənclərin məşğulluğu üçün şərait yaradılmalıdır.
Digər bölgələrlə müqayisədə Tovuzda çətinliklər çoxdur, rayon mərkəzi Bakıdan 430 km aralıda yerləşir, müharibə şəraitindədir, bu da bir faktordur. Əlbəttə, rayon üçün istər Bakıda, istərsə də ölkədən xaricdə fəaliyyət göstərən və iş quran yerli biznes və iş adamları yaxından kömək etsələr, bir çox problemləri də həll etmək mümkündür”.

AzVision.az saytının Tovuzdan olan əməkdaşı Sevinc İltifatqızı təmsil etdiyi rayondakı vəziyyətdən danışıb.

Onun sözlərinə görə, Tovuz Qərb bölgəsində ən imkanlı rayonlardan biridir: “Rayon sakinlərinin çoxu Rusiyadan gələn qazancla yaşayır. Hətta kəndlərdə belə villalar tikilir, xarici maşınlar sürürlər. Buna baxmayaraq, rayonda təhsilin vəziyyəti demək olar ki, çox aşağıdır. Kənd məktəblərində müəllimlərin əksəriyyəti saxta diplomlarla işləyirlər və pulla məktəbə işə düzəlirlər. Bu da şagirdlərin səviyyəsinin aşağı düşməsinə səbəb olur.

Eyni zamanda rayonda iş yerləri demək olar ki, yoxdur. Oğlanlar ya Bakıya fəhləlik etməyə, bazarlarda işləməyə gəlir, ya da Rusiyaya üz tuturlar”.

Folklorşünas Məhərrəm Qasımlı Tofiq Zeynalovun işinə belə qiymət verib:

“O Tovuzda böyüyüb, daha sonrakı ictimai-siyasi fəaliyyəti də Tovuzla bağlı olub. Gənclik illərindən tutmuş ta indiki çağına kimi Tovuzun iqtisadi, mədəni həyatında çox yaxından iştirak edib. Dəyərli bir ziyalıdır. İlk dəfə Tovuzun zahiri görüntüsündən tutmuş daxili görüntüsünə qədər dəyişdirən adam Tofiq Zeynalovdur”.

Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanov da icra başçısının fəaliyyətini yüksək qiymətləndirir.

“Rayonda çoxlu tikinti işləri gedir, inkişafda əlbəttə ki, burada başçının müəyyən rolu var. Tofiq Zeynalovu mən Kənd Təsərrüfatı Nazirliyində işləyəndən tanıyıram. Onun özü və qardaşları da rayon üçün az iş görməyiblər. Və mən bunu müsbət qiymətləndirirəm. Tovuz döyüşən, sərhəd rayonudur. Əlibəyli kəndi güllənin altndadır, sərhəddə yerləşir, buna baxmayaraq, orada 60-dan çox rayon sakini bir ildə ali məktəbə daxil olub. Bu artıq Tovuzda təhsilin səviyyəsini göstərir ki, deməli rayonda mümkün olan nələrsə olunub”.

Tahir Əmiraslanovun fikrincə, Tovuzun başılıca problem iş yerlərinin az olmasıdır.

“Camaatın narazı qaldığı məqam odur ki, iş yerləri çox azdır. Təəssüfki, insanların çoxu işləmək üçün Bakıya gəlir. İşıq, qaz problemi isə daimi olan problemlərdir”.

Şair-publisist Əkbər Qoşalı da icra başçısının işini bəyənir.

“Tofiq Zeynalov təcrübəli insandır, qabaqlar da rayonda rəhbər olub, habelə sonralar başqa vəzifələrdə çalışıb. Onun xidmətləri danılmazdır. İcra başçısının, rayonun millət vəkillərinin ön cəbhədə qulluq edən hərbçilərimizlə sıx təması, onların döyüşə ruhlandırılması ən önəmli işdir.

Yəqin ki, başçıların ucqarlardakı kənd əhalisi ilə sıx-sıx görüşməsi, onların problemlərini öz dillərindən eşitməsi ümumi işin xeyrinə olardı.

İcra başçıları yerlərdə prezidentin nümayəndələridir. Onlar dövlət başçısını təmsil edirlər. Prezidentin etimadına, onun qarşıya qoyduğu vəzifələrə layiq olmaq hər bir başçının mü¬qəddəs vəzifəsidir. Prezidentimiz öz örnək fəaliyyəti ilə xalq üçün, ölkə üçün, dövlət üçün, gələcək üçün çalışmağın modelini yaradıb”.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti