İlham Əliyev xanımı ilə sərgidə - FOTOLAR

İlham Əliyev xanımı ilə sərgidə - FOTOLAR
  03 Aprel 2015    Oxunub:3395
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 3-də Bakı Ekspo Mərkəzində “AITF-2015” XIV Azərbaycan Beynəlxalq turizm və səyahətlər, “HOREX Caucasus-2015” IX Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar, həmçinin “CIBS-2015” II Xəzər Beynəlxalq kater və yaxtalar sərgiləri ilə tanış olublar.


Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verdi ki, “AITF-2015” sərgisi çərçivəsində dünyanın 42 ölkəsini təmsil edən, ümumilikdə, 371 şirkət tərəfindən 80-dək turizm istiqaməti nümayiş olunur. Sərgidə öz milli səyahət büroları və səfirliklərinin dəstəyi ilə Argentina, Bolqarıstan, İran, Gürcüstan, Dominikan Respublikası, Hindistan, Malayziya, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri, Sloveniya, Tailand, Türkiyə və digər ölkələrdən 17 milli qrup iştirak edir. Milli stendlər arasında debütant ölkə Maldiv Adalarıdır. İştirakçıların 60 faizi xarici, 40 faizi isə yerli şirkətlərdir. Eksponentlər arasında turoperatorlar, milli turizm təşkilatları, otel şəbəkələri, sanatoriyalar, pansionatlar, müalicə-sağlamlıq və SPA mərkəzləri, idman və ekoloji turizm obyektləri var.

“AITF-2015” sərgisində Azərbaycanın turizm imkanları da geniş təqdim olunur. Gəncə, İsmayıllı, Lənkəran, Masallı, Mingəçevir, Naxçıvan, Qəbələ, Qax, Quba, Zaqatala, Xaçmaz, Şəki və digər rayonlar respublikamızın turizm poitensialını nümayiş etdirir. Sərgidə ənənəvi olaraq qonaqları regionun tarixi-mədəni irsi ilə tanış edən Qarabağ stendi də təqdim olunur.

“HOREX Caucasus” sərgisi ilə tanışlıq zamanı isə bildirildi ki, yaxın gələcəkdə ölkəmizdə çoxsaylı beynəlxalq tədbirlərin keçirilməsi ilə əlaqədar mehmanxana, restoran, idman kompleksləri və biznes mərkəzlərinin intensiv tikintisi reallaşdırılır. Bu isə “HOREX Caucasus-2015” sərgisinin əhəmiyyətini daha da artırır. Belə ki, məhz bu sərgidə yeni inşa edilmiş və gələcəkdə tikiləcək obyektlər üçün “Mehmanxana, restoran və kafelər” (“HoReCa”) sektoru üzrə aparıcı beynəlxalq istehsalçı və distribüterlərin təklif etdikləri bütün zəruri avadanlıq və ləvazimatları, eləcə də qida məhsulları və içkiləri seçmək mümkündür. IX Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisində Azərbaycan, İtaliya, Koreya Respublikası, Litva, Rusiya və Türkiyənin aparıcı şirkətləri iştirak edir.

Diqqətə çatdırıldı ki, “CIBS-2015” II Xəzər Beynəlxalq kater və yaxtalar sərgisinin iştirakçıları arasında isə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası, “Arcadia Marine House”, Azərbaycan Üzgüçülük Federasiyası, “Baku Marine Service”, “Regal Boats”, “Seagull Caspian” və digər şirkətlər yer alıblar. İştirakçıların coğrafiyası Azərbaycan, ABŞ və Ukraynanı əhatə edir. Sərgi su-motor texnikasını, eləcə də aktiv istirahət üçün müvafiq məhsulları, habelə sənayenin ən son texnoloji nailiyyətlərini təqdim edir.

Prezident İlham Əliyev sərginin işinə uğurlar arzuladı.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti