Ali Hərbi Məktəbə tələbə qəbulu başladı

Ali Hərbi Məktəbə tələbə qəbulu başladı
  29 Mart 2015    Oxunub:1636
Azərbaycanda Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə 2015/2016-cı tədris ili üçün tələbə qəbulu elan edilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, tələbə qəbulu qaydalarına əsasən, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbula namizədlər Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan, buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli, 17 yaşı tamam olan və 19 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları sırasından seçilirlər.


Abituriyentlər Daxili Qoşunların Baş İdarəsində yaradılmış fiziki hazırlıq, hərbi-həkim və mandat komissiyalarında Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər (fiziki hazırlıq üzrə minimal normativlər: turnikdə dartınma - 6 dəfə; qaçış - 100 metr məsafəyə 15 saniyə və 1000 metr məsafəyə 4 dəqiqə; qolların üzərində bədənin döşəmədən qaldırılmаsı - 18 dəfə, arxası üstə uzanmış halda döşəmədən bədənin qaldırılması - 18 dəfə). Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin siyahısı müsabiqədə iştirak etmək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına göndərilir. İmtahanlar test üsulu ilə, 4-cü ixtisas qrupunun fənləri üzrə, azərbaycan və rus dillərində keçirilir.

Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşmə, imtahanların vaxtı, yeri və digər şərtlər TQDK tərəfindən müəyyən edilir və abituriyentlər bu məqsədlə Komissiyanın internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər. Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul olunmuş abituriyentlər dövlət hesabına geyim forması, yataqxana və yeməklə təmin edilirlər. Məktəbdə tədris azərbaycan dilində aparılır, təhsil müddəti 4 ildir.

Məzunlara müvаfiq hərbi iхtisаslаrlа bərаbər “fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisası və “leytenant” hərbi rütbəsi verilərək Daxili Qoşunlarda müvafiq vəzifələrə təyin edilirlər. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan, 2015-ci ilin aprel və iyul çağırışlarında hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də Daxili Qoşunlarda xidmətə qəbul üçün müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən abituriyentlər Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul edilmirlər. Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul üçün namizədlər Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə müvafiq sənədləri şəxsən təqdim etməlidirlər.

Ərizə və sənədlərin qəbulu 2015-ci il martın 1-dən aprelin 10-dək (bayran və bazar günləri istisna olmaqla) hər gün saat 10:00-dan 17:00-dək həyata keçiriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti