Mübariz Qurbanlı Şamaxıya gedib

Mübariz Qurbanlı Şamaxıya gedib
  11 Mart 2015    Oxunub:1249
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Şamaxıda “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, konfrans martın 10-da Şamaxı şəhər İncəsənət Təhsil Mərkəzində keçirilir. Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutan ikigünlük regional konfransda Şamaxı, İsmayıllı, Ağsu və Qəbələ rayonlarından dini icmaların rəhbərləri, din xadimləri, ziyalılar və gənclər iştirak ediblər. Konfrans iştirakçıları əvvəlcə Şamaxının mərkəzində Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev konfransı açaraq dövlət-din münasibətlərindən, ölkədəki tolerantlıq ənənələrindən, cəmiyyətdə sabitliyin möhkəmləndirilməsində maarifçiliyin əhəmiyyətindən danışıb. DQİDK-nin sədri Mübariz Qurbanlı konfransda çıxış edərək Azərbaycanda ümumbəşəri dəyərlərə malik olan İslamın tarixi, milli-mənəvi dəyərlərdə yeri, bu dəyərlərin yad təsirlərdən qorunması ilə əlaqədar zərurətdən bəhs edib. O, geosiyasi maraqların getdikcə şiddətlənməsinin təhlükəli həddə çatdığını, belə bir şəraitdə dünyada radikalizm meyillərinin güclənərək dəhşətli nəticələrə səbəb olduğunu vurğulayıb. Qeyd olunub ki, bu gün bəzi müsəlman ölkələrində baş verən hadisələr, silahlı toqquşmalar məhz geosiyasi maraqlardan irəli gəlir. İslamı istəməyən qüvvələr onu siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla gözdən salmağa çalışır, terrorla əlaqələndirmək istəyirlər.

Komitə sədri bu cür hallara qarşı birgə mübarizənin əhəmiyyətindən, bu sahədə maarifləndirmənin zəruriliyindən danışıb. Konfransda bildirilib ki, Azərbaycanda olan tolerantlıq, dövlət-din münasibətləri digər ölkələr üçün də nümunə ola bilər. Bu ənənənin qorunub saxlanılmasında hər kəsin, xüsusən də din xadimlərinin, ziyalıların üzərinə böyük məsuliyyət düşür. (ans press)


Teqlər:  





Xəbər lenti