İlham Əliyev Bolqarıstana niyə gedib? - ŞƏRH

İlham Əliyev Bolqarıstana niyə gedib? - ŞƏRH
  04 Mart 2015    Oxunub:2636
Qarabağ problemini həll etmək üçün yeni addım...

Prezident İlham Əliyev ötən gün Bolqarıstana rəsmi səfərə gedib. Ölkə başçısının Sofiya səfəri ilin əvvəlindən gözlənilirdi. Cari ildə bir sıra xarici səfərlərdə olan İlham Əliyevin Bolqarıstan səfəri də maraq doğurur.

Politoloq Elman Nəsirov prezidentin Sofiya səfərini AzVision.az-a şərh edib. O, vurğulayıb ki, Bolqarıstan həm Avropa İttifaqına, həm də NATO-ya daxil olan ölkədir, bu baxımdan İlham Əliyevin səfəri ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir.

“Eyni zamanda ilin başlanğıcından etibarən prezidentin intensiv səfərləri çərçivəsində Bolqarıstan səfəri xüsusi rola malikdir. Azərbaycanın 2007-ci ilin mayın 23-də qəbul etdiyi milli təhlükəsizlik konsepsiyasında aydın şəkildə qeyd olunur ki, Azərbaycanın xarici siyasətində Avroatlantik məkana inteqrasiya xüsusi rola malikdir:

Bu nöqteyi -nəzərdən prezidentin Bolqarıstan səfəri həm Avropa İttifaqı, həm də NATO ölkəsinə səfər kimi dəyərləndirilməlidir. Bolqarıstan Azərbaycanın enerji baxımından potenasial tərəfdaşıdır”.

Politoloq hesab edir ki, Bolqarıstan səfəri ikitərəfli əlaqələrin inkişafı baxımından da kifayət qədər önəmlidir:

“Prezidentin müəyyən etdiyi xarici siyasətə görə, Azərbaycan dövləti ikitərəfli əlaqələr formatına üstünlük verir. Əlaqələrin yüksək səviyyədə olması çoxtərəfli formatda da öz təsirini edir. Məhz ikitərəfli əlaqələrin hesabına 2011-ci il oktyabrın 24-də BMT-nin 155 dövləti bizim lehimizə səs vermişdi. Bu baxımdan Avropa bizim üçün mühüm istiqamətdir və Avropa ölkələri ilə ikitərəfli əlaqələrə xüsusi diqqət yetilirilir. Bu yaxınlarda Cənub Qaz Dəhlizinin Bakıda keçirilən toplantısına Bolqarıstan tərəfi də qatılmışdı və prezident çıxışında qeyd etdi ki, Bolqarıstan Nabucco ölkəsi idi və Cənub Qaz Dəhlizi reallaşdıqca Nabucco ölkələri də bu layihəyə qoşulmağa başlayır. Yəni prezidentin bu səfəri həm də enerji sahəsində yeni tərəfdaşla əlaqələrin inkişafı xarakteri daşıyır”.

E.Nəsirovun fikrincə, bu səfər həm də Azərbaycanın üzləşdiyi bir nömrəli problem - Ermənsitanın təcavüzü ilə bağlı məsələdə mövqeyinin möhkəmləndirilməsinə xidmət göstərəcək: “Eyni zamanda Xocalı şəhərində törədilən faciənin Bolqarıstanda tanıdılması, Azərbaycanda keçiriləcək Avropa Olimpiya oyunlarına bu ölkənin diqqətini cəlb etmək, qeyri-neft sektoru, turizm, kənd təsərrüfatı, ticarət sahəsində Azrbaycanın geniş imkanlarının nümayişi baxımından önəmlidir. Hesab edirəm ki, əməkdaşlığımız üçün yeni imkanlar açıla bilər”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti