Qiymət artımı ilə bağlı daha bir AÇIQLAMA

Qiymət artımı ilə bağlı daha bir AÇIQLAMA
  04 Mart 2015    Oxunub:3461
Qərzəkli meyvələrdə qiymət artımı müşahidə olunur.

Bunu AzVision.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib.

M. Hacıyev qeyd edib ki, bazar və yarmarkalarda satılan bütün kənd təsərrüfatı məhsullarının qiyməti ilə bağlı hər gün mütəmadi olaraq nazir Heydər Əsədova məlumat verilir.

Nazirlik rəsmisi həmçinin qeyd edib ki, kənd təsərrüfatı məhsullarının qiymətlərində elə də böyük artım müşahidə olunmur:

“Yarmarkalar keçirilməmişdən öncə hər həftə Bakı şəhərinin 4-5 bazarında monitorinqlər aparılır. Bu monitorinqlərin əsasında yarmarkalardakı qiymətlər tənzimlənir. Bizim apardığımız monitorinqlər göstərir ki, hazırda kənd təsərrüfatı məhsullarının qiymətlərində elə də böyük qiymət artımı müşahidə olunmur. Xüsusilə də quşçuluq, ət, yumurta və digər kənd təsərrüfatı məhsullarında, meyvə-tərəvəzdə, kartofun qiymətində artım yoxdur. Qərzəkli meyvələrdə isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 3-5 fazi qiymət artımı müşahidə olunur”.

Daha sonra nazirlik rəsmisi bazar və yarmarkalarda alıcılara təqdim olunan kənd təsərrüfatı məhsullarının qiymətlərini açıqlayıb: “İndi bazara daha çox yerli məhsullar çıxarılır. Artıq Azərbaycan quş əti ilə özünü tam təmin edir. Yumurtanın qiyməti son iki il ərzində ən aşağı hədd olan 5-7 qəpiyə düşüb. Toyuq ətinin qiyməti 2 manat 40 qəpikdən, 2 manat 80 qəpiyə qədərdir. Son üç ildə mal və qoyun ətinin də qiymətində ucuzlaşma müşahidə olunur. Mal ətinin qiyməti 6 manat, qoyun ətinin qiyməti isə 7 manat civarında dəyişir. Yarmarkalarda isə bu qiymətlər tam fərqlidir. Yarmarkada mal ətinin qiyməti 5 manat və 5 manat 50 qəpikdir, qoyun əti isə 6 manat arasında dəyişir”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti