Nazirdən süni qiymət artımı haqda tapşırıq

Nazirdən süni qiymət artımı haqda tapşırıq
  26 Fevral 2015    Oxunub:1628
Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov ölkəmizə gübrə idxal edən şirkətlərin nümayəndələri və müvafiq qurumların rəhbərləri ilə görüşüb.
AzVision.az xəbər verir ki, nazir ölkəmizdə fermer və sahibkarların gübrəyə olan tələbatı barədə toplantı iştirakçılarına geniş məlumat verib. Nazir bildirib ki, cari ildə respublikamıza tələbata müvafiq olaraq kifayət qədər gübrə gətirilib və biz kənd təsərrüfatı sahəsində, ümumilikdə ehtiyatda olan gübrələrin satışında vahid qiymət siyasəti yeritməliyik. Nazir şirkət rəhbərlərinə xatırladıb ki, bu gün ölkəmizə gətirilən gübrələr manatın keçmiş kursu ilə alındığına görə heç bir qiymət artımından söhbət gedə bilməz.

Gübrələr öz keyfiyyətinə görə müasir standartlara cavab verməli və kənd təsərrüfatı məhsulları istehsalçılarına 70 faiz güzəştlə "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin rayon Aqroservis filiallarında, həmçinin şirkətlərin satış məntəqələrindən satılmalı, eyni zamanda qiymətlər dövlətin müəyyən etdiyi qaydalara müvafiq olaraq sabit qalmalıdır.

Biz fermerlərin heç bir zərər çəkmədən maraqlarına münasib qiymətləri tənzimləməliyik. Bu gün fermerlərin gübrəyə olan tələbatı tam ödənilir. Gübrələrin keyfiyyəti Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən laboratoriyalarda ciddi yoxlanılacaq və nazirlik gübrə bazarında qiymətləri tənzimlənməsi üçün vaxtaşırı monitorinqlər keçirəcək.

Şirkətlərin nümayəndələri və qurumların rəhbərləri respublikaya idxal olunan gübrələrin qiymətinin tənzimlənməsi üçün öz təklifləri ilə bölüşüblər və dövlətin bu sahədə apardığı siyasətə dəstək verəcəklərini bildiriblər.

AzVision.az



Teqlər:  





Xəbər lenti