Deputatdan təklif: bu qurumlar ləğv edilməlidir

Deputatdan təklif: bu qurumlar ləğv edilməlidir
  13 Fevral 2015    Oxunub:2838
“Bu günlərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv olunması və səlahiyyətlərinin 3 dövlət qurumuna verilməsi, “Azərenerji“nin bir sıra səlahiyyətlərinin yeni yaradılan “Azərİşıq“ ASC-yə birləşdirilməsi və s. addımlar təqdirə layiqdir”.
AzVision.az xəbər verir ki, bunu millət vəkili Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. Onun sözlərinə görə, bu dövlət, hökumət sisteminin funksional təyinatlarını dəqiqləşdirmək və təkrarçılığın aradan qaldırılması üçündür:

“Bu insanlar tərəfindən yüksək qarşılanır. Torpaqla bağlı məsələlərin vahid bir qurumda olması həm də ona imkan verəcək ki, 400 mindən artıq insanın torpaq sahəsi öz təsdiqini tapacaq. Düşünürəm ki, hökumətin bu istiqamətdə islahatları davam edəcək”.

Milli Məclisin üzvü bildirib ki, bir sıra qurumlar var ki, digər hökumət strukturlarına birləşdirilə bilər:

“Melorasiya və Su Təsərrüfatı Cəmiyyəti ölkənin aqrar sahəsinə yönəlmiş bir qurumdur. O baxımdan bu qurumu Kənd Təsərrüfatı Nazirliyinə birləşdirmək olar. Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya imtahan verənlərin 45 mindən 41 mini xalq dili ilə desək kəsilib. Bu da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına birləşdiriləcək qurumdur. Həmçinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi İqtisadi İnkişaf Nazirliyinə birləşdirilə bilər. Amma buradan belə nəticə çıxmalı deyil ki, həmin iş yerləri itiriləcək. Onlar öz ixtisaslarına görə işlə təmin ediləcək, digər qurumlarda yerləşdiriləcəklər və bununla bağlı qaydalar da mövcuddur”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti