Dövlət qurumlarında hansı nöqsanlar var? - SİYAHI

Dövlət qurumlarında hansı nöqsanlar var? - SİYAHI
  13 Fevral 2015    Oxunub:3241
“Vətəndaşların qəbulunun təşkilində narahatlıq doğuran məsələlərdən biri də odur ki, ayrı-ayrı hallarda yerlərdə qəbul düzgün təşkil edilmir, qəbul cədvəlləri bəzən formal xarakter daşıyır, onların tərtibinə lazımınca fikir verilmir. Halbuki, qəbul cədvəllərinin düzgün tərtib edilməsi eyni zamanda qəbulun yaxşı keçirilməsinə zəmanət verir”.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Vətəndaş müraciətlərinə baxılmasında yeni mərhələ, araşdırmalar, təhlillər və həll olunan problemlər” yazısında qeyd olunub.

PA rəsmisi hansı dövlət orqanlarında qüsurların olduğunu göstərib:

-Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi qəbul cədvəllərini təhlili edərkən aydın olur ki, bəzi iş günlərində qəbul nəzərdə tutulmur, qəbul saatları ya göstərilmir, ya da son dərəcə qısa vaxtla məhdudlaşdırılır, əlaqə nömrələri qeyd edilmir və digər qüsurlara yol verilir. Məsələn, Müdafiə Sənayesi, Maliyyə, Kənd Təsərrüfatı Nazirlikləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, Hesablama Palatası, Ticarət və Sənaye Palatası, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Bakı Ağır Cinayətlər Məhkəməsi, “Azərenerji” ASC, Qaradağ, Sabunçu, Füzuli, Göyçay, Kəpəz, Qəbələ, Neftçala, Tərtər və digər rayonların icra hakimiyyətlərinin qəbul cədvəllərində belə qüsurlar nəzərə çarpır.

Eyni zamanda, S.İsmayılov dövlət qurumlarından hansının daha yaxşı işlədiyini qeyd edib:

-Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat və Sənaye, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Vergilər nazirliklərində, Baş Prokurorluqda, Bakı şəhərinin Nərimanov, Nəsimi, Səbail rayonlarında, Şəki, Ağdaş, Ağstafa, Cəlilabad, Daşkəsən, Xocavənd, Qobustan, Laçın, Oğuz, Sabirabad, Samux, Şəmkir şəhər və rayonlarında qəbul cədvəlləri daha yaxşı tərtib edilib.

Nazirliklərlə yanaşı icra hakimiyyətlərinin də saytlarında yol verilən qüsurlardan söz açılıb:

-Bəzi yerli icra hakimiyyəti orqanlarının internet saytlarında qəbul cədvəlləri yenilənmir və lazımi informasiyalarla təchiz olunmur. Məsələn, Xızı və Neftçala rayon icra hakimiyyətlərinin saytlarında cədvəllər əvvəlki illərə aiddir. İmişli RİH-in saytında isə qəbul cədvəli ümumiyyətlə yerləşdirilməyib. Qəbul cədvəllərinin ictimaiyyətə çatdırılması məsələsi də vacib olduğuna görə yerli kütləvi informasiya vasitələrində elan edilməsi təmin olunmalıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti