`Azərİşıq`da təhvil-təslim aparılır

`Azərİşıq`da təhvil-təslim aparılır
  13 Fevral 2015    Oxunub:3938
Tanrıverdi Mustafayev: “Struktur dəyişiklikləri, islahatlar, yeniliklər olacaq”
Dövlət başçısının bir neçə gün əvvəl imzaladığı sərəncamla yaradılan “Azərİşıq”da artıq təhvil-təslim işləri başlayıb.

Bu barədə musavat.com-a ləğv edilən “Bakıelektrikşəbəkə”nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib: “Keçid dövrüdür, təhvil-təslimdir. Çox yüksək səviyyədə, sürətlə bu işlərə başlanıb”.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyevin sərəncamı ilə fevralın 10-da “Bakıelektrikşəbəkə” ləğv olunub və “Azərİşıq” yaranıb. Bundan sonra ölkədə enerjinin istehsalı ilə “Azərenerji”, onun paylanması ilə “Azərİşıq” məşğul olacaq.

“Azərİşıq”ın sözçüsü olaraq danışan T.Mustafayev bildirib ki, onlar Bakı şəhərindəki fəaliyyətlərini artıq rayonlarda da aparacaqlar: “Paytaxtda gördüyümüz işi gələcəkdə bütün rayonlarda edəcəyik. Bu, vəd deyil, reallıqdır. Rayonların, kəndlərin gecəsi gündüzündən gözəl görünəcək. Bakı şəhərində gördüyümüz işlər göz qabağındadır”.

Onun sözlərinə görə, struktur dəyişiklikləri, islahatlar olacaq, ancaq ixtisarlar gözlənilmir: “Hamı öz yerində qalıb, işləyəcək. Yeni islahatlar olacaq olacaq. Bakı şəhərində olduğu kimi, rayonlarda da artıq abonentlərin problemləri dərhal həll ediləcək. Yaranmış hər hansı problemə dərhal müdaxilə olunacaq. Günün istənilən saatında elektrik enerjisi ilə bağlı problem yaranıbsa, dərhal həllini tapacaq. Abonentin rahatlığı üçün çalışacağıq. Onu narahat edən məsələlərin aradan qaldırılması istiqamətində çalışacağıq. Həmçinin, elektron yeniliklər də çox olacaq. Prezidentin sərəncamı böyük bir etimad olduğundan, biz var-gücümüzlə çalışacağıq”.

T.Mustafayev qeyd edib ki, yeni kadrlara ehtiyac ola bilər: “Proses mərkəzdən idarə olunacaq. Yeni ixtisaslı kadrlara, xüsusən yerlərdə kadrlara ehtiyac ola bilər”.

Qeyd edək ki, sözügedən sərəncama müxtəlif yanaşmalar var. Ekspert İlham Şaban bildirib ki, bu, xarici kreditlərə çıxış imkanıdır.

“Ölkədə yeni bir paylayıcı monopoliyanın yaradılması çox güman ki, hökumətin ilin ikinci yarısında beynəlxalq maliyyə institutlarından yeni kreditlər almaq üçün atacağı addımlara hazırlıqdır. Ola bilsin, bir azdan “Sumqayıtelektrikşəbəkə” də “Azərİşiq”a birləşdirilsin. Çünki Dünya Bankının nümayəndəsi bu yaxınlarda belə bir fikir səsləndirmişdi ki, neftin qiymətinin aşağı düşdüyü bir vaxtda biz Azərbaycana iqtisadiyyatın inkişafı ilə bağlı yardım əli uzada bilərik. Bundan əvvəl isə reytinq agentlikləri dövlət şirkətlərinin proqnoz reytinqlərini, o cümlədən, “Azərenerji”nin reytinqini aşağı salaraq “neqativ”ləşdirdilər. Yəni kreditlər artıq əvvəlki kimi yaxşı şərtlərlə veriləsi deyil. Struktur islahatları aparmaq gərəkdir”, - deyə İlham Şaban sosial şəbəkə vasitəsi ilə fikrini bölüşüb.

O, bildirib ki, dövlət böhran ilində onun “boynunda oturan və faydalı iş əmsalı aşağı olan qurumların dövlətsizləşdirmə siyasətini gündəmə gətirməli idi. Hökumət müəyyən payı özündə saxlamaq şərti ilə o qurumları satışa çıxara bilərdi”.

İqtisadçı hesab edir ki, hökumət bu yolla həm külli miqdarda qazanc əldə edərdi, həm də büdcənin illik yükü azalmış olardı, üstəlik də büdcəyə ildən-ilə vergi daxilolmaları artardı.

Ekspert Natiq Cəfərli isə qeyd edib ki, hökumətin son zamanlar atdığı addımlara qiymət vermək, məntiqini izah etmək çox çətindir: “Görünən budur ki, hökumət qənaət rejiminə keçmək, izafi xərcləri azaltmaqla büdcənin yükünü xəfiflətmək istəyir. Bu istəyin olması açıq-aşkar görünür”.

O, həmçinin fevralın 11-də başqa sərəncamla “AzerGold”un yaranmasına diqqət çəkərək bildirib ki, hökumət planlı addımlar atmır: “Söhbət xərclərin azalmasından gedirsə, yeni qurum yaradılmasını necə izah etmək olar? Bu da onu göstərir ki, hökumətin doğru-dürüst proqramı yoxdur. Atılan addımlar planlı yox, pərakəndədir”.

Ekspertin sözlərinə görə, qonşu ölkələrdə, məsələn, Rusiyada bir neçə antiböhran proqramı cəmiyyətin iştirakı ilə müzakirə olunduqdan sonra onlardan biri qəbul edildi: “Azərenerji” ilə bağlı bu addımın atılması isə çoxdan gözlənirdi. Yəni bu qurumun enerji paylanmasında iştirakı düzgün deyildi. Bu, inhisarın möhkəmlənməsinə, vətəndaşlar üçün əlavə problemlərə səbəb olurdu. Amma bu qurumda görüləsi işlər də var. “Azərenerji” qapalı qurumdur, o, sağlamlaşdırılmalıdır. Bunun davamı gələcəkmi? Bu suala cavab vermək çətindir”.

AzVision.az


Teqlər:  





Xəbər lenti