Hacı Məmmədov həkim nəzarətindədir

Hacı Məmmədov həkim nəzarətindədir
  12 Fevral 2015    Oxunub:2075
“Hacı Məmmədovun səhhətində elə də ciddi problemi olmasa da həkim nəzarətindədir. Şəkərini o öz üsulları ilə müalicə edir”.
Bunu AzVision.az-a açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov deyib.

O, qeyd edib ki, müavini Elçin Şirinov ilə birlikdə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) müvəqqəti saxlanma yerində və istintaq təcridxanasında monitorinq keçiriblər.

E. Behbudov bildirib ki, monitorinq zamanı orada saxlanılan Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun vəziyyəti ilə maraqlanıblar:

“Hacı Məmmədovla görüşmədim. Çünki o heç kəslə görüşmək istəmir. Oranın rəhbərliyindən Hacı Məmmədovun vəziyyətini soruşdum. Hacı Məmmədovun psixikasında heç bir problem yoxdur. O özünü normal hiss edir. Hacı Məmmədov həkim nəzarətindədir. Şəkərini də o öz üsulları ilə müalicə edir”.

Daha sonra E. Behbudov H. Məmmədovun saxlandığı kameradakı şəraitdən də söhbət açıb.

“Hacı Məmmədovun kamerasında televizor və radio var. Bu qanuna uyğun olaraq edilib. Qanuna görə ömürlük həbs cəzasına məhkum olan şəxslərə televizor və radio verilməlidir”.

Hüquq müdafiəçisi qeyd edib ki, H. Məmmədovu bir müddət öncə müalicə mərkəzinə də aparıblar:

“Onu Ədliyyə Nazirliyinin tabeliyində olan müalicə mərkəzinə aparıb müayinə etdiriblər və geri qaytarıblar”.

E. Behbudov həmçinin DİN-nin sabiq baş əməliyyat müvəkkilinin ailəsi ilə olan münasibətlərindən də danışıb: “O, heç kəslə görüşmür. Ailəsini də yanına buraxmır. Hacı Məmmədov yalnız evdən göndərilən azüqəni qəbul edir”.

Xatırladaq ki, keçmiş polis polkovniki Hacı Məmmədov adam oğurluqları və qətllərdə təqsirləndirilib. O, 2005-ci ilin martında Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi “Qara kəmər” əməliyyatı zamanı həbs olunub və ömürlük həbs cəzasına məhkum edilib.

Hafiz Əhmədov


Teqlər:





Xəbər lenti