Xaricdə oxumaq istəyənlərin nəzərinə -SİYAHI

  11 Fevral 2015    Oxunub : 2836
Xaricdə oxumaq istəyənlərin nəzərinə -SİYAHI
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində gənclərin 2015-2016-cı tədris ilində xaricdə təhsil almaları məqsədilə seçilmiş ali təhsil müəssisələrinin və prioritet ixtisas istiqamətlərinin siyahıları təsdiq olunub.
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya sədrinin 9 fevral 2015-ci il tarixli, 8 nömrəli sərəncamı ilə təsdiq olunmuş siyahılara əsasən, 2015-2016-cı tədris ilində gənclər Dövlət Proqramı çərçivəsində dünyanın 33 ölkəsinin 419 ali təhsil müəssisəsində müvafiq prioritet ixtisas istiqamətlər üzrə təhsil almaq məqsədilə müraciət edə biləcəklər.

Məlumata görə, prioritet ixtisas istiqamətlərinin əhatəliliyinin genişlənməsi, yüksək texnologiyalar, sənaye, ekologiya kimi yeni ixtisas istiqamətlərinin əlavə olunması tələbələrə ölkənin inkişaf prioritetlərinə uyğun olaraq, geniş seçim imkanı yaradacaqdır. Prioritet ixtisas istiqamətləri I və II dərəcəli olmaqla müəyyən edilib. Bu il keçiriləcək müsabiqədə əsas üstünlük I dərəcəli ixtisas istiqamətlərinə veriləcəkdir. 2015-2016-cı tədris ili üçün gənclər Dövlət Proqramına yalnız müəyyən olunmuş prioritet ixtisas istiqamətləri üzrə müraciət edə biləcəklər.

Eyni zamanda, 2015-2016-cı tədris ili üçün Dövlət Proqramına namizədlərin seçimi prosesində təhsillərini xarici ali təhsil müəssisələrinin magistratura və doktorantura səviyyələrində davam etdirmək istəyən gənclər üstünlüyə malik olacaqlar.

Hazırda Təhsil Nazirliyi sənəd qəbulu prosesinin daha səmərəli təşkili məqsədilə hazırlıq işləri həyata keçirməkdədir və 2015-2016-cı tədris ili üçün Dövlət Proqramı çərçivəsində sənəd qəbulu prosesinin başlanması və başa çatması tarixləri haqqında ən qısa zamanda ictimaiyyətə əlavə məlumat verəcəkdir. Vətəndaşlardan sənəd qəbulu prosesi başlayana qədər sənədlərini Təhsil Nazirliyinə şəxsən və ya poçt vasitəsilə təqdim etməmələri xahiş olunur. Rəsmi şəkildə elan olunmuş sənəd qəbulu prosesindən kənar təqdim olunmuş heç bir sənəd nəzərə alınmayacaqdır.

Qeyd edək ki, ötən tədris ilində 572 tələbənin adı dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq hüququ qazanmış Dövlət Proqramı təqaüdçüləri siyahısına daxil edilib. Ötən ilki seçimlərdə bakalavriatdan sonrakı təhsil səviyyələrinə üstünlük verilib. Belə ki, seçimlər nəticəsində 309 nəfər magistratura, 44 nəfər doktorantura, 65 nəfər rezidentura təhsili almaq hüququ qazanıb.

Ölkəmiz üçün prioritet müəyyən olunan mühəndislik, tibb, informasiya texnologiyaları sahəsində yüksək göstəricilərə malik 154 tələbə isə baza ali tibb və bakalavriat səviyyələrində təhsil almaq imkanı əldə edib. Sevindirici haldır ki, ilk dəfə olaraq, ötən il 9 nəfər kənd təsərrüfatı, 14 nəfər isə təhsilin təşkili və idarəolunması kimi vacib sahələr üzrə təhsil almaq hüququ qazanıb.

Tələbələr əsasən, Türkiyədə, eləcə də Böyük Britaniya və digər ingilisdilli ölkələrdə təhsil almağa üstünlük veriblər. Sadalanan ölkələrlə yanaşı, ötən il Kanadada 29, Rusiyada 25, Avstraliyada 19, ABŞ-da 16 nəfər tələbə təhsilini davam etdirmək imkanı qazanıb.

Dövlət Proqramı çərçivəsində indiyədək 3185 gənc dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq üçün təqaüd qazanıb.

Sevinc İltifatqızı

Teqlər: