Başqa hansı qurumlar ləğv edilə bilər?

Başqa hansı qurumlar ləğv edilə bilər?
  10 Fevral 2015    Oxunub:5103
Prezident İlham Əliyev son günlər bir sıra rəhbər vəzifələrdə kadr dəyişikliyi həyata keçirir. İlin ilk mühüm dəyişikliyi ötən ayın sonlarında baş tutub. Belə ki, prezidentin sərəncamı ilə 3 rayonun – Göyçay, Ucar və Qubanın icra başçıları dəyişdirilib. Dövlət başçısı bundan əlavə Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamenti də ləğv edib.

Dəyişikliklər bununla bitmədi. Prezidentin digər fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilərək səlahiyyətləri iki dövlət qurumuna verilib. Dünən daha iki vəzifəli şəxs prezidentin sərəncamı ilə başqa vəzifəyə təyinat alıb. “Azərbaycan Dəmir yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov nəqliyyat nazirinin müavini, “Azəryolservis” ASC-nin rəhbəri Cavid Qurbanov isə Arif Əsgərovun postuna gətirilib.

Maraqlıdır, son günlər dövlət strukturlarındakı bu islahatlar nədən xəbər verir? Daha hansı vəzifəlilər öz postlarını itirməli olacaq?

Millət vəkili Zahid Oruc AzVision.az-a son günlər dövlət idarələrində aparılan islahatlardan danışıb. Deputat bildirib ki, kadr məsələlərinin, yerdəyişmələrin, yaxud hər hansı bir qurum haqqında verilən qərarların müstəsna olaraq səlahiyyət sahibi ölkə başçısıdır. Yəni bu onun səlahiyyətində olan məsələdir:

- İlk növbədə onu deyək ki, dövlət idarəetmə sisteminin effektli qurulması daha önəmlidir. Məsələn, söhbət Dövlət Torpaq Xəritəçəkmə Komitəsindən və onun səlahiyyətlərinin digər qurumlara verilməsindən gedirsə, bunu hansısa neft qiyməti ilə əlaqələndirmək yalnışdır. Çünki 27 milyard dollarlıq büdcə xərcləri fonunda həmin komitənin xərclər smetası cəmi 5 milyon dollardan ibarətdir. Razılaşaq ki, bu çox kiçik rəqəmdir.

Vergilər Nazirliyi departamentinin ləğv olunmasına gəlincə, deputat onu da bildirdi ki, qarşıdakı dövrdə də belə addımlar atıla bilər: “Milli Məclisdə bu məsələyə toxunacağam, öz mövqeyimi, təkliflərimi gündəmə gətirəcəyəm. Meliorasiya və Su Təsərrüfatı ASC-nin Kənd Təsərrüfatı Nazirliyinə birləşdirilməsi düzgün olardı. Çünki bu qurum ölkədə aqrar siyasətin başında dayanır. Onun əsasını irraqasiya, su təsərrüfatının qurulması, münbit torpaq fondlarının yaradılması onlara subsidiyalar və s. təsir göstərilməsi, vətəndaşların kənd təsərrüfatı həyatında aktivləşdirmək dayanır. Əgər belədirsə, niyə bu qurum ayrıca fəaliyyət göstərməlidir?” .

Nazirlər səviyyəsində kadr dəyişikliyinə də münasibət bildirən Z.Oruc yaxın vaxtlarda analoji kadr dəyişikliyini proaqnozlaşdırmağın çətin olduğunu söylədi: “Çünki ölkə rəhbəri 2013-cü ildə prezident seçildikdən sonra noyabrda öz komandasını formalaşdırıb. Təbii ki, orada müəyyən dəyişikliklər var. Nəzərə alın ki, bir neçə qurumun rəhbəri dəyişib. Məsələn, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri dəyişdi. Bundan başqa Əli Əhmədov baş nazirin müavini, iki nazirliyə isə yeni şəxslər təyin olundu. Əslində prezidentin komandasının böyük bir hissəsində dəyişikliyin edildiyini deyə bilərik. Ən önəmli məsələ əvvəlki dövrdə vəzifədə çalışmış, yeni təyinat almış insanların daha böyük əzmlə çalışmaq və vətəndaşlar qarşısında öhdəliklərinin yerinə yetirilməsidir. Məsələn Dövləy Torpaq və Xətirəçəkmə Komitəsindən danışırıqsa, insan üçün ən önəmli o səlahiyyətin hansı dövlət qurum tərəfindən asılı olmayaraq onun şəffaf, operativ “ASAN xidmət” modelində çalışmasıdır. 400 mindən artıq insan evlərinin qanuni sənədləşməsini gözləyir. İnsan üçün önəmlidir ki, buna hansı qurum baxır, baxsın, onun yaşadığı yer üzrə sahibliyini təsdiq etsin. Həmin şəxs də yaşadığı yerə qeydiyyata düşə bilsin. Hesab edirəm ki, bu təyinatların, hökumət qurumları arasındakı birləşmələrin aparılmasının özəl mənası vətəndaşa, xalqa xidmətin yüksək səviyyədə aparılmasıdır”.

Gültəkin ƏLƏSGƏR


Teqlər:  





Xəbər lenti