“Bakı-Novorossiysk”in qaranlıq tərəfləri – TƏHLİL

“Bakı-Novorossiysk”in qaranlıq tərəfləri – TƏHLİL
  16 May 2013    Oxunub:10635
Rusiyanın baş naziri Dmitri Medvedyevin göstərişilə Rusiya ərazisindən Azərbaycan neftinin nəqlini nəzərdə tutan müqavilə ləğv olundu. 1996-cı ildə Rusiya ilə Azərbaycan arasında imzalanmış hökumətlərarası müqaviləyə əsasən, Bakı-Novorossiysk neft kəməri vasitəsilə illik 5 milyon ton neftin ixracı həyata keçirilirdi, yaxud keçirilməli idi.

Müasir dövrdə Bakı-Novorossiysk kəməri vasitəsilə neftin ixracı iqtisadi baxımdan ölkəmiz üçün artıq səmərəli hesab oluna bilməzdi. Belə ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri, eyni zamanda Bakı-Supsa dəmir yolu Azərbaycan neftinin ixrac ehtiyaclarını artıqlaması ilə ödəyir. Bakı-Tbilisi-Ceyhan neft kəməri eyni zamanda Türkmənistandan tankerlərlə daşınan neftin qərbə ixracına şərait yaradır.

Ümumilikdə 2012-ci il ərzində Bakı-Tbilisi-Ceyhan vasitəsilə 30 milyon tona yaxın neft ixrac olunub ki, bunun 3 milyon tonu Türkmənistan nefti olub. Bakı-Tbilisi-Ceyhan layihəsinin iqtisadi səmərəliliyi Qazaxıstanın da marağına səbəb olub və Astana bu layihəyə qoşulmağa səy göstərsə də, şimaldan müəyyən maneələrlə qarşılaşıb. Bu barədə daha sonra, hələlik isə Bakı-Novorossiysk kəmərinin Azərbaycan üçün səmərəsizliyinə dəlalət edən faktorlar açıqlanmalıdır.

Bakı-Novorossiysk kəməri vasitəsilə Qara Dənizə göndərilən neft burada “Azeri Light” markası ilə deyil “Urals” markası ilə satışa çıxarılırdı. Əslində Bakı-Novorossiysk kəməri Rusiyanın “Transneft” şirkətinin böyük neft kəmərləri şəbəkəsinin bir hissəsidir. Bakıdan uzanan kəmər Qroznıya, oradan Krasnodara, Krasnodardan isə Novorossiyskə gedir. Hər bir məntəqədə kəmərə başqa mənbələrdən neft əlavə olunur. Bu tədbirlər kəmərin iqtisadi rentabelliyini artırmaq məqsədi daşıyır, lakin ancaq Rusiyanın iqtisadi maraqlarına cavab verir. Belə ki, “Urals” markalı neft “Azeri Light” markalı neftdən orta hesabla 3 dollar ucuzdur. Azərbaycanın Bakı-Novorossiysk kəməri vasitəsilə illik 5 milyon ton neft nəql etməli olduğunu nəzərə alsaq, bu, ölkəmiz üçün illik 15 milyon ziyan deməkdir. Bir ton neftin ötürülmə xərci isə 15.67 dollar təşkil edir. Yəni illik 5 milyon ton üçün Azərbaycan 78 milyon dollar ödəməli idi.

Rusiya tərəfi müqavilənin ləğv olunma səbəbi kimi, Azərbaycanın il ərzində 5 milyon ton deyil, cəmi 2 milyon ton neft nəql etdiyini, bunun isə Bakı-Novorossiysk kəmərinin iqtisadi səmərəsini aşağı saldığını bildirir. Faktik olaraq, Azərbaycan 3 milyon ton az neft göndərməklə ümumilikdə 56 milyon dollara qənaət edib. Ehtimal etmək olar ki, Azərbaycan bilərəkdən ötürülən neftin həcmini azaltmaqla Rusiya ilə “məcburi” əməkdaşlıqdan boyun qaçırmağa çalışırdı. Azərbaycanın geosiyasi mövqeyi və Rusiyanın ölkəmizə qarşı heç bir əlavə təzyiq vasitəsinin olmaması Bakının müstəqil şəkildə özü üçün iqtisadi səmərəsi olan layihələri seçməsinə şərait yaradır.

Bakı-Novorossiysk kəmərini səmərəsiz edən digər faktor isə neftin Qara Dənizə nəql edilməsilə bağlıdır. Belə ki, Qara Dənizdən neft daşıyan tankerlər Türkiyəni Avropadan ayıran Bosfor və Dardanel boğazlarından keçməlidirlər. Bu boğazlarda isə ekoloji tələblərin yüksək olması, sıxlıq, iri yüktutumlu tankerlərin keçmə imkanlarının məhdudluğu əlavə xərclər yaradır.

Qeyd etmək lazımdır ki, Azərbaycanın son illər neft və neft kimya sənayesini daha da inkişaf etdirməsi ölkənin ixracla yanaşı, istehsal üçün xam neft ehtiyaclarını artırıb. Sumqayıtda kimya sənayesinin yenidən bərpa olunması, eyni zamanda Dövlət Neft Şirkətinin Türkiyədə iri neft-kimya müəssisəsinə sahib olması da bu sıradandır.

Azərbaycanın Bakı-Novorossiysk kəmərinə qoşulmaması daha çox Rusiyanı əlavə gəlirlərdən məhrum edəcək və kəmərin Bakı-Qroznı hissəsi istifadəsiz qalacaq. SOCAR prezidenti Rövnəq Abdullayevin kəmərin revers fəaliyyəti barədə “Transneft” şirkətinə ünvanladığı təklif Moskva üçün iqtisadi baxımdan əlverişli ola bilər. Söhbət ondan gedir ki, “Transneft”şirkəti kəmərin istifadəsiz qalmaması üçün Qroznıdan Bakıya neftin ixracını həyata keçirilə bilər. Belə olan halda, Azərbaycan Rusiya neftinin transpartyoru olacaq, eyni zamanda, özünün kimya sənayesinin ehtiyaclarını bu neftlə ödəyəcək. Kəmərin Azərbaycan hissəsi də istifadəsiz qalmayacaq və təbii ki, bu dəfə Rusiya tranzit xərclərini ödəməli olacaq.

Bakı-Novorosiysk məsələsində digər maraqlı məqam Qazaxıstan neftilə bağlıdır. Məlumdur ki, Azərbaycan Rusiyaya Qazaxıstandan Bakıya ixrac olunan neftin bu kəmər vasitəsilə ötürülməsini təklif etmiş, lakin Moskva razılaşmamışdı. Qazaxıstan özünün Tenqiz və Kaşaqan yataqlarından hasil olunan neftin Bakı-Tbilisi-Ceyhan neft kəmərilə nəqlini həyata keçirmək istəyir və illərdir bu layihə üzərində çalışır. Layihəyə əsasən Tenqiz və Kaşaqan neftinin Avropaya nəqli üçün Eskene-Kurık neft kəmərinin çəkilişi və BTC-yə tankerlər vasitəsilə qoşulması nəzərdə tutulur. Layihənin 2013-cü ildə reallaşması gözlənilsə də, hələlik müəyyən səbəblərdən yubanır. Bu layihəyə əsasən BTC vasitəsilə illik 38 milyon tona yaxın Qazaxıstan neftinin ixracı nəzərdə tutulur. Qazaxıstan neftinin BTC vasitəsilə ixracı Azərbaycan, Gürcüstan və Türkiyə üçün illik bir milyard dollardan artıq transit gəlirləri vəd edir. Təbii ki, bu layihə Qazaxıstanın mərhələli şəkildə Rusiyanın təsirindən çıxmasına imkan yaradır. Moskva eyni zamanda böyük tranzit gəlirlərindən məhrum olur.

Odur ki, Qazaxıstan neftinin ixracını öz ərazisindən həyata keçirilməsini təmin etmək üçün Putin hələ 2010-cu ildə Qazaxıstandan Xəzər dənizinin şimalı ilə neftin ixracını həyata keçirən “Kaspiyskiy Truboprovodnıy Konsorsium” şirkətinin texniki göstəricilərinin artırılması və neft ötürmə qabiliyyətinin illik 67 milyon tona çatdırılması barədə sərəncam imzalayıb. Bu istiqamətdə işlərin 2014-cü ildə başa çatması gözlənilir.

Qeyd olunanları nəzərə alsaq, aydın olur ki, Azərbaycan Rusiyanın cənubda neft tranziti sahəsində əsas rəqibinə çevrilib və ölkəmizin texniki imkanları və BTC-nin iqtisadi səmərəliliyi daha cəlbədici olduğu üçün Türkmənistan və Qazaxıstan ixracın Azərbaycan vasitəsilə həyata keçirilməsinə üstünlük verirlər. Təbii ki, paralel olaraq Azərbaycanın siyasi təsir imkanları artıq regional çərçivədən çıxaraq daha geniş müstəviyə keçir.

Tofiq Əsgərov


Teqlər:  





Xəbər lenti