İlham Əliyev: “Reytinqimdə heç bir problem yoxdur”

İlham Əliyev: “Reytinqimdə heç bir problem yoxdur”
  21 Yanvar 2015    Oxunub:2275
Azərbaycanda keçirilən sorğulara görə, reytinqim 90 faizə yaxındır.

AzVision.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Berlində Almaniya Federativ Respublikasının Kansleri Angela Merkel ilə birgə keçirilən brifinqdə deyib.

İlham Əliyev alman jurnalistinin sualını cavablandırıb: `Mənim reytinqimdə heç bir problem yoxdur. Azərbaycanda keçirilən sorğulara görə, reytinqim 90 faizə yaxındır. Bu da son illər ərzində Azərbaycanda aparılan islahatlarla bağlıdır. Azərbaycan son 11 ildə iqtisadi cəhətdən dünyanın ən sürətlə inkişaf edən ölkəsi olub: "İqtisadiyyat 3 dəfədən çox artıb, işsizlik və yoxsulluq 5 faiz səviyyəsindədir. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanı iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görüb. Belə nəticələrlə, əlbəttə ki, hər bir rəhbərin reytinqi yüksək olmalıdır".

Ölkə başçısının sözlərinə görə, Azərbaycanda insan hüquqları təmin edilib: "Beynəlxalq təşkilatlar çərçivəsində bu məsələlər müzakirə edilir. Hər bir ölkədə problemlər var, o cümlədən də Azərbaycanda. Əsas məsələ ondadır ki, bu problemlər öz həllini necə tapır və hökumətin niyyəti nədən ibarətdir?"

Eyni zamanda dövlət başçısı vurğulayıb ki, Azərbaycanda tənqidi fikrə görə, ümumiyyətlə, fikrə görə heç kim təqib olunmur: "Bir daha demək istəyirəm ki, Azərbaycanda söz azadlığı tam təmin olunub. Yüzlərlə mətbu qurum var. Bunu da xatırlatmaq istəyirəm ki, sərbəst və azad söz olan ölkədə söz azadlığı boğula bilməz. Eyni zamanda, hesab edirəm, nailiyyətimiz ondan ibarətdir ki, Azərbaycanda dini azadlıqlar tam şəkildə təmin edilmişdir. Azərbaycanda multikulturalizm dəyərləri yüksək səviyyədə qorunur".

Prezident qeyd edib ki, bu baxımdan Azərbaycanın təcrübəsi digər ölkələr tərəfindən öyrənilir: "Azərbaycanda yaşayan bütün dinlərin nümayəndələri, bütün etnik qrupların nümayəndələri bir ailə kimi yaşayırlar. Heç bir qarşıdurma, anlaşılmazlıq yoxdur. Bir daha demək istəyirəm ki, biz şüurlu şəkildə bu yolu seçmişik, ümumbəşəri dəyərlərə sadiqik. Əgər Azərbaycanda real vəziyyətə nəzər yetirsəniz, görərsiniz ki, mənim sözlərimdə həqiqətdən başqa heç nə yoxdur. Əlbəttə, bu məsələlərin gələcək müzakirəsi də, əminəm ki, bu sahədə görülən işlərə daha böyük töhfə verəcək, bu istiqamətdə əlavə addımlar atılacaq, islahatlar dərinləşdiriləcək. Bir daha qeyd etmək istəyirəm ki, siyasi islahatlar iqtisadi islahatlarla tamamlanır. Azərbaycanda müasir dövlət qurulur. Biz müstəqilliyin 24-cü ilini yaşayırıq".


Teqlər:  





Xəbər lenti