Bizdə qadın yol polisi niyə yoxdur? - AÇIQLAMA

Bizdə qadın yol polisi niyə yoxdur? - AÇIQLAMA
  21 Yanvar 2015    Oxunub:5267
Dünyanın bir çox ölkələrində yol-patrul xidmətində kişilərlə birlikdə xanımlar da işləyir. Amma ölkəmizdə bu hsahədə ancaq kişilər çalışır, xanım polislərə ras gəlmək mümkün deyil. Bu nə ilə bağlıdır, xanımlarımız yol polisi olmaq istəmir, yoxsa...?

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev AzVision.az-a açıqlamasında bildirib ki, xanımların yol partul xidmətində işləməsi üçün onlara müraciət daxil olmayıb.

Şöbə rəisinin sözlərinə görə, hazırda Azərbaycanda yol-patrul xidmətində işləyən xanım əməkdaş yoxdur.

“Yol-patrul xidməti ağır səyyar xidmət olduğundan, qadınlar bu sahəyə müraciət etmirlər. Buna görə də zərif cins nümayəndələri arasında bu sahəyə meyl edən olmayıb. Xidmətin çətinliyi ilə bərabər, müəyyən qədər milli mentalitet də burada rol oynayır. Qadınlar daha çox oturaq işlərə üstünlük verirlər. Amma yol-patrul xidmətində qadın əməkdaşlara zərurət var. Belə ki, ölkədə sürücü xanımların sayı get-gedə artır”.

Xatırladaq ki, ölkəmizdə Daxili İşlər Nazirliyi orqanlarında çalışan qadınlar əsasən 102 qaynar xətt, statistika, kadrlar, istintaq və digər bölmələrdə çalışırlar. Polis tərəfindən keçirilən əməliyyatlarda isə qadın polislərə rast gəlinmir. Bununla belə, Azərbaycanda polis peşəsinə maraq göstərən qızların sayında artım müşahidə edilir. 2013-cü ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasına 3 qız daxil olduğu halda, ötən il qəbul olan qızların sayı 6-ya çatıb. Amma bu göstəricini də yüksək saymaq olmaz. Hər il polis akademiyasına qəbul olunan oğlanların sayı qızların sayından 15-20 dəfə yüksək olur.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti