Bakıda bina formalı məzarlıqlar salına bilər

Bakıda bina formalı məzarlıqlar salına bilər
  16 Yanvar 2015    Oxunub:4083
“Azərbaycanda bina formalı məzarlardan istifadə olunması mümkündür”.
Bunu AzVision.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib.

O, təmtəraqlı qəbirüstü abidələrin tikilməsindən sonra qəbirlərin itməməsi və nəticədə qəbirstanlıqların sahəsinin artmasına münasibət bildirib.

Hacı Şahin qeyd edib ki, qəbiriüstü abidələrin təmtəraqlı tikilməsi, bahalı mərmərdən istifadə olunması şəriət qaydalarına ziddir və israfçılıqdır:

“İsrafçılıq dinimizdə böyük bir günahdır. Biz belə etməklə mərhumun ruhuna fayda verə bilmərik. Əksinə ona xərclənən vəsaiti daha xeyrli işlərə ehsan niyyəti ilə sərf etsək daha faydalı olar. Ehsan yalnız yemək demək deyil. Qəbirüstü abidələrin təmtəraqlı tikilməsi şöhrətpərəstlikdən xəbər verir. Yəni bu artıq bir rəqabət prinsipinə çevrilib. Bəzi insanlar bu məsələdə də bir-biri ilə rəqabət aparırlar. Artıq bu zehniyyəti dəyişməyimizin vaxtı çatıb. Bununla əlaqədar olaraq qanunvericilikdə müəyyən dəyişikliklər edilə bilər”.

Daha sonra din xadimi yeni dəfn metodlarının tətbiqinin mümkünlüyündən də söhbət açıb. O, qeyd edib ki bina formalı məzarların qurulması mümkündür:

“Dinimizə görə insan dəfn olunanda torpağa basdırılması vacib şərtdir. Məzarların üst-üstə olması da mümkündür. Bəzi dövlətlərdə bu təcrübədən istifadə olunur. Amma cənazə hər halda torpağa dəfn olmalıdır. Bu isə sadə qayda da aparılmalıdır. Məzar itdikdən sonra ora başqa bir insan dəfn oluna bilər. Bu məsələləri din xadimləri insanlarla müazakirə etməlidirlər, həm də qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir ki, məcburi formada bu qaydalar tətbiq olunsun. Bütün müsəlman ölkələrində qəbirlər çox sadədir. Yalnız qəbirlərin üzərində sadə bir əlamət qoyulur. Başqa ölkələrdə bizdəki kimi bahalı daşlardan istifadə olunmur. Bir meyidin üzərindən digər meyidin qoyulmasına təbii ki, icazə verilmir. Əgər topaq qat-qat olarsa belə dəfn metodunu tətbiq etmək olar. Bu zaman da hər bir cənazə torpaq üzərində olmalıdır və torpağa basdırılmalıdır. Mərtəbə-mərtəbə məzarlar tətbiq oluna bilər, ancaq cənazələr torpaq üzərində olmaq şərti ilə bu baş tuta bilər. Bu dünyada tətbiq olunan yeni bir praktikadır. Məzarlar bina şəklində qurularsa, mərtəblər torpaqdan olarsa, cənazələr ora dəfn oluna bilər. Bununla bağlı şəriət cəhətdən yeni yanaşmalar tətbiq oluna bilər. Bunu birmənalı şəkildə qadağan edən bir şeyə də rast gəlməmişəm. Əgər meyit ikinci mərtəbəyə qoyulursa, ora da torpaqdan ibarət olmalıdır və meyit torpağa qoymalıdır”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti