İcra başçısı özünü yandıran şəxsdən danışdı

İcra başçısı özünü yandıran şəxsdən danışdı
  08 Yanvar 2015    Oxunub:1844
“Meyiti tapılan şəxsin həmin ünvana heç bir aidiyyəti yoxdur. Yasamal rayonu, Mirzağa Əliyev küçəsi 108 ünvanında bir sakinin köçürmə ilə bağlı verilən kompensasiyanın miqdarına etiraz olaraq özünü yandırması barədə yayılan məlumatlar tamamilə əsassızdır".
AzVision.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, "Sovetski" məhəlləsi ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov deyib.

S. İslamov bildirib ki, həmin ünvanda ümumi həyət yerləşir. Onun sözlərinə görə, həmin ünvanda yaşamış Eldar Tağıyev hələ keçən ilin aprel ayında kompensasiyasını alaraq köçüb, mənzil isə boş qalıb:

"Eldar Tağıyev və ailə üzvləri Köçürmə Komissiyasında olub, köçürmə və kompensasiya ilə bağlı razılıqlarını bildiriblər. Aprel ayında da vəsaitlərini alıb, köçüblər, bu gün də sağ-salamat, yaxşı şəraitdə yaşayırlar. Həmin ümumi həyətdə digər qonşular da yaşayırlar. Bu gün səhər saatlarında qonşuların polisə verdiyi məlumata əsasən, orada yanmış meyit aşkarlanıb. Hüquq-mühafizə orqanları hadisə yerində olub, mən özüm də orada olmuşam. Həqiqətən köçürülmüş mənzildə yanmış kişi meyiti aşkarlanıb. Ancaq həmin meyitin həmin ünvana heç bir aidiyyəti yoxdur. Bu insanın şəxsiyyəti də məlum deyil. Əgər şəxsiyyəti məlum deyilsə, bəzi mətbuat orqanları nəyə əsaslanaraq qeyd edirlər ki, o, verilən kompensasiyaya etiraz əlaməti olaraq özünü yandırıb? Bunun heç bir əsası yoxdur. Ümumiyyətlə, həmin mənzildə yanğın olmayıb, meyit yanmış şəkildə mənzildə aşkar olunub. Ekspertiza həmin şəxsin kim olduğunu müəyyənləşdirər ki, hansı şəraitdə ölüb, öldürülüb, yaxud yandırılaraq ora atılıb. Bu məsələnin köçürülmə, kompensasiyanın azlığı, yaxud çoxluğu ilə heç bir əlaqəsi yoxdur".

S. İslamov bu gün Yasamal rayonu, Mirzağa Əliyev küçəsi 108 ünvanındakı ümumi həyətdə digər qonşuların heç bir problem olmadan yaşamaqda davam etdiyini qeyd edib: "Kimin arzusu varsa, müraciət edir və onların köçürülməsi təmin edilir. Kimin arzusu yoxdursa, əvvəlki qaydada yaşamağa davam edə bilər. Kiməsə məcburi kompensasiya verilməsi, köçürülməsi halı yoxdur, ola da bilməz. Kiməsə digər formada təzyiq də yoxdur. Bu gün biz ancaq ölçü və inventarlaşdırma işləri ilə məşğuluq. Arzusunda olan insanlar yenə də Köçürmə Komissiyasına müraciət edirlər və kompensasiya verilərək onların köçürülməsi təmin olunur. Ancaq kiməsə müraciət olunsun ki, gəl, səni köçürdürük, elə hal yoxdur".

S. İslamovun sözlərinə görə, hazırda "Sovetski" məhəlləsində çox böyük sürətlə inventarlaşdırma işləri aparılmaqdadır: "Bu gün qarşımızda duran əsas vəzifə odur ki, 6 mərhələ üzrə aparılacaq köçürmə işləri ilə bağlı yaşayış və qeyri-yaşayış obyektləri ilə bağlı ölçü və inventarlaşdırma işlərini başa çatdıraq, daha sonra köçürmə işlərini davam etdirək. Artıq 10 min 500 təsərrüfatdan 6 min 486 mənzildə tam ölçü və inventarlaşdırma işləri aparılıb və bu işlər davam etdirilir".

Qeyd edək ki, bu gün Yasamal rayonu Mirzağa Əliyev küçəsi 108 ünvanında sökülmüş evdə yanmış cəsəd aşkar edilib.


Teqlər:  





Xəbər lenti