Azərbaycanın CNN-lə əməkdaşlığı

Azərbaycanın CNN-lə əməkdaşlığı
  18 Dekabr 2014    Oxunub:1455
Azərbaycan nüfuzlu CNN telekanalı ilə 2006-cı ildən əməkdaşlığa başlayıb və 2012-ci ildən etibarən bu televiziya kanalı ilə planlı şəkildə birgə fəaliyyət uğurla davam etdirilir.
AzVision.az-ın Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirlik və CNN televiziya kanalı arasında əməkdaşlıq çərçivəsində həmin kanalda ölkəmizə həsr olunmuş müvafiq videoçarxların, habelə verilişlərin hazırlanması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu müddət ərzində ölkəmizə həsr olunmuş iki videoçarx hazırlanıb və həmin çarxlar nümayiş etdirilib. CNN-in məşhur "Eye on" verilişinin Azərbaycana həsr olunması, habelə Atoz.az saytının yaradılması təmin edilib.

Bununla yanaşı, məşhur kanalın ölkəmizlə bağlı verilişlər yayımlaması çərçivəsində qeyd etmək yerinə düşər ki, Davos şəhərində keçirilmiş Dünya İqtisadi Forumu zamanı CNN televiziya kanalının məşhur müxbiri Riçard Kvest ölkəmizin iqtisadi inkişafı mövzusunda Azərbaycan Prezidenti İlham Əliyevdən müsahibə götürüb.

Bu il CNN telekanalı ilə əməkdaşlığın davamı olaraq Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında hazırlanmış ölkəmizin turizm imkanlarına həsr olunan 1 dəqiqəlik və 45 saniyəlik videoçarxların nümayiş etdirilməsi Azərbaycanın turizm ölkəsi kimi dünyaya tanıdılmasında mühüm rol oynayır.

Bir vacib məqamı qeyd etmək lazımdır ki, CNN telekanalını Avropa, Yaxın Şərq, Afrika və MDB ölkələrindən gün ərzində 182 milyon tamaşaçı izləyir və Azərbaycana dair yayımlanan həm verilişlər, həm də reklam çarxları milyonlarla auditoriya tərəfindən izlənilir.

Məlumat üçün bildirmək istərdik ki, Azərbaycanın yüksək imicinin təbliğatının aparılması, ölkəmizdə həyata keçiriləcək beynəlxalq tədbirlərin işıqlandırılması və turizm imkanlarının tanıdılması baxımından növbəti 2015-ci ildə də əməkdaşlığımızın davam etdirilməsi planlaşdırılır.


Teqlər:





Xəbər lenti