`Heydər Əliyev anamı çox istəyirdi...` – MÜSAHİBƏ

  11 Dekabr 2014    Oxunub : 24336
`Heydər Əliyev anamı çox istəyirdi...` – MÜSAHİBƏ
Heydər Əliyev ad günündə anama zəng edib təbrik edirdi, soruşurdu ki, ürəyi nə istəyir?”

Onunla təsadüfən yolda rastlaşdıq. Sözün açığı, ilk əvvəl kim olduğunu bilmədiyimiz bu xanıma yaxınlaşıb sakinlər arasında apardığımız sorğuyla bağlı fikirlərini öyrənmək istəyirdik. Sağ olsun, sorğumuzda iştirak edib sualımızı cavablandırdı. Sonra... sakitcə özünü bizə təqdim etdi: “Mən bilirsiz kiməm, Mirvarid Dilbazinin qızıyam”.

Bu təqdimat bizi çox təəccübləndirdi. Həm sevindik, həm də kədərləndik.. Kədərlədik ona görə ki, hamının sevimlisi olan Mirvarid Dilbazinin qızını axı niyə tanıya bilmədik?!

“Qızım məni tanımadığınıza təəccüblənmədim, axı mən özüm insanlardan kənar gəzirəm...”-deyə Xatirə Dilbazi (Rəşid qızı – özü belə yazmağımızı xahiş elədi – red) söhbətə başladı.

Anam çox məşhur insandır. Mən onunla fəxr edirəm. Mənim anamın kökü Qazaxın 3 kəndindəndir – Daş Salahlı, Xanlqılar, İncə dərəsi. Özü danışdığına görə, hələ uşaq yaşlarından şeir yazırdı. Anamın uşaqlıqdan şeirə marağı olub.

Anamgil iki bacı idi. Yaqut və Mirvarid Dilbazi. Heydər Əliyevin vaxtında dövlət müşaviri olmuş Vəfa Quluzadə mənim xalam Yaqut xanımın oğludur. Mirvarid xanımın da yeganə övladı mənəm.

AzVision.az mərhum şairə Mirvarid Dilbazirinin qızı Xatirə Dilbazi ilə müsahibəni təqdim edir:



- Sizi gördüyümüzə çox sevindik. Ananızla bağlı xatirələrinizi istərdik bizimlə bölüşəsiniz. Mirvarid xanımı necə xatırlayırsınız?

- Anam həmişə deyirdi ki, atası Paşa bəy oğul övladı gözləyirmiş. Ona xəbər veriblər ki, yenə qızın oldu. O da sevincindən əlindəki tüfəngdən atəş açıb və deyib ki, mənimçün fərqi yoxdur, təki fərli övlad olsun.

Sonra şəhərə gəlib vaxtilə Hacı Zeynalabidin Tağıyevin tikdirdiyi qızlar seminariyasında oxuyub. Daha sonra anamın şeirləri çıxır və Yazıçılar Birliyinə üzv olur. Yazıçılar Birliyində Səməd Vurğun həmişə ona “El oğlu” deyirmiş. Mirvarid xanım danışırdı ki, uşaq olanda kənddə haradasa qaçırmış, onda kimsə ağ mələyə bənzəyən bir nəfər gəlib deyib ki, sən şairə olacaqsan. Mən özüm də fikir vermişəm ki, bəstəkarlar, rəssamlar, yazıçılar, şairlər onlar hamısı anadan istedadla doğulurlar, özlərindən asılı olmayaraq.

- Ananız çox sevilən şairə olub. Bəs, atanızı necə xatırlayırsınız? Onlar necə tanış olublar?

- Anamla atam əmiuşaqları olublar. Rəqqasə Əminə Dilbazi mənim bibim, anamın baldızı idi. Anam öz əmisi oğlu ilə ailə qurub.

Sizə bir maraqlı hadisəni danışım: Anam 1942-ci ildə Qazaxa getmək üçün qatara minir, onda hamilə idi, Qazaxa məni dünyaya gətirmək üçün gedirdi. Bir müddət sonra halı pisləşir, özü də hərbi qatarda. Amma deyirlər ki, qatarda uşaq dünyaya gətirmək olmaz, onu düşürtmək istəyirlər, lakin mümkün olmur. Məcbur qalıb kupeni dəyişirlər. Mirvarid xanım danışır ki, çarəsiz oturub düşünmüş ki, halı necə olacaq. Onda da hələ 28 yaşı var imiş. Elə bu vaxt qapı açılır və bir gənc qız içəri girib deyir ki, mən sizin vəziyyətinizin yaxşı olmadığını eşitdim. Tibb universitetini bitirmişəm, amma təcrübə keçməmişəm. Beləcə mən qatarda dünyaya gəlirəm (gülür). Sonradan xalam Yaqut xanım gəlir və məni İncədərəsi kəndinə aparırlar. Mən orada böyümüşəm.

Anamın adının sonu D hərfi ilə bitir, bu sözün mənası “dünyaya gəlmək” deməkdir.

Dünyada insana anadan yaxın heç kim yoxdur. Düzdür, hamı yaxşı ana olmağı bacarmır. Mirvarid xanım çox yaxşı ana olub. O həm də Yaqut xanıma çox yaxşı bacı olub.

- Siz özünüz harada təhsil almısınız? Hazırda nə işlə məşğul olursunuz?

- Əvvəlcə 132 saylı orta məktəbi bitirmişəm. BDU-nun Şərqşünaslıq fakulətsində oxumuşam. Elə mühitdə böyümüşəm ki, həmişə kitabların əhatəsində olmuşam, həmişə oxumuşuq. Universiteti bitirəndən sonra bir müddəy Əlyazmalar İnstitutunda işlədim. 1965-ci ildə universiteti bitirəndən sonra anamın məsləhət gördüyü adamla ailə həyatı qurdum. O özü də çox tərbiyəli, mədəni insandır, Akademiya işçisidir. Qismət olsa 2015-ci ildə evliliyimizin 50 illiyi olacaq. Cəvahir və Lalə adlı qızım, 3 oğul nəvəm var.

- Yenidən ananızdan danışaq. Qeyd edirsiniz ki, hələ də olun ölümü ilə barışa bilmirsiniz. Mirvarid xanım ölümdən qorxurdumu?

- Hamı sağ olanda gümüş-qızıl yığırdı, mənim anam isə qəbir yeri almışdı və vəsiyyət etmişdi ki, onu Fəxri Xiyabanda yox, anası ilə bacısının yanında dəfn edək. Heç bir heykəl, qəbir daşında şəkil olmağını da istəmirdi. Kəfənini saxladığı yeri də göstərimişdi və bizə tapşırmışdı ki, özünüzü itirməyin, abırlı aparın.



Mən elə bilirdim ki, anam həmişə yaşayacaq...

2000-ci ildə zəlzələ olanda mən çox qorxmuşdum, mənə dedi ki, niyə qorxursan? El ilə gələn bəla toy-bayramdır. Bu insan ölümdən qorxmurdu. 2001-ci il iyulun 12-də dünyasını dəyişdi. Artıq 13 ildir. Hökumətin təşəbbüsü ilə yas mərasimi də oldu.

Keçən il İlham Əliyev, sağ olsun, anamın 100 illik yubileyini təşkil etdi. Evimizin qarşısında isə anamın xatirə lövhəsi vuruldu. Amma yeri görünür.

- Bəs, Mirvarid xanın, ana kimi necə ana idi?

- Anam nə vaxt yuxuma gəlsə, xeyir tapıram, işlərim avand olur. Hər dəfə də onu yuxuda görəndə məzarına gedib Yasin oxutdururam. Elə evin içində də həmişə onun ruhunun dolaşdığını hiss edirəm.

Gənc olanda pilləkənləri tez-tez çıxıb, gəlib qapını döyürdüm, anam gec açırdı, deyirdim ki, niyə belə ləng hərəkət edirsən, bir az tez ol. Onda gülüb mənə deyirdi ki, Xatirə, mənim yaşıma çatarsan, onda görərsən ki, qapı açmaq necə çətindir. İndi görürəm ki, haqlı imiş. Yaş öz işini görür.

O vaxtlar mobil telefonlar yox idi. Harada olsam şəhərdəki telefonlardan zəng edib anama xəbər verirdim ki, hardayam. Ola bilsin biz valideynlərimizlə çox az vaxt keçirmişik. Ona görə də indiki övladlardan xahişim odur ki, valideynlərini qədrini bilsinlər.

- Yəqin ki, Mirvarid xanımın çoxlu şair, yazıçı dostları olub. Onlardan kimləri xatırlayrısınız?

- Mən hələ orta məktəbdə oxuyurdum, amma yadımadır ki, qapı döyülürdü, Bəxtiyar Vahabzadə bizə qonaq gəlirdi. Onda hələ çox cavan idi, arıq oğlan idi. Anamla şeirlərini oxuyurdu. Xəlil Rza da çox qonağımız olub. O çox emosional adam idi. Mirzə İbrahimov, İsmayıl Şıxlı, Hüseyn Arif, Hüseyn Mehdi, Fikrət Qoca, Tahir Zöhrab, Mədinə Gülgün, Balaş Azəroğlunun evimizdə qonaq olduğunu xatırlayıram. Ola bilsin ki, bəzilərinin adını deməyi unutdum.



- Ananız sağ ikən çox sevilirdi. Dünyasını dəyişəndən sonra ona qoyulan qiymətdən razısınızmı? Keçmiş dostları, sənəd yoldaşları ölümündən sonra sizinlə maraqlanırdılarmı?

- Bilirsinizmi, anam özü ilə mənim ad günümü bir günə salmışdı, həmişə avqustun 18-i qeyd edirdik. Hər ad günündə də Heydər Əliyev ona zəng edib təbrik edirdi, soruşurdu ki, ürəyi nə istəyir? Hər dəfə də anam eyni cavabı verirdi ki, heç nə lazım deyil. Heydər Əliyev anamın xətrini çox istəyirdi. Sağ olanda anamın Heydər Əliyev sarayında 85 illik yubileyi keçirilmişdi. O “İstiqlal” ordenini alan ikinci adam idi. həmin tədbirdə Heydər Əliyev onu təbrik etdi və qucaqlayıb dedi ki, siz XX əsrin klassik şairəsisiz. Onun anama böyük hörməti var idi.

Anamın dostluq etdiyi adamların çox rəhmətə gedib, meydanda heç kim qalmayıb. Amma Mirzə İbrahimovun qızı, bəstəkar Sevda xanımla danışırıq. Amma çox adam ələkdən ələndi getdi. Mən heç kimdən küsüb inciyə bilmərəm, hər kəs öz problemləri ilə məşğuldur. Mənim bir devizim var – eləyən də sağ olsun, eləməyən də.

- Yaradıcı insanların övladları da adətən bu sahəyə yönəlir. Siz necə, şeir yazırsızmı?

- Gənc yaşlarımda “Pioner” qəzetində bir-iki hekayəm çıxıb. Amma sonra yazmadım. Anam həmişə deyirdi ki, bu, çətin yoldur. Qələmi əlinə alan kimi şair olmursan, məsuliyyətli işdir.

- Bizi üçün maraqlıdır ki, o dövrdə xanımların şeir yazmasına münasibət birmənalı deyildi. Mirvarid xanımın şeir yazmağına babanızın münasibəti necə olub?

- Babam çox tez rəhmətə gedib. Anam onu çox tez itirib. İndi anamdan qalan Pirşağıdakı bağdır. Ora “Şairlər bağı” deyərdik. O bağın hər nöqtəsində anamın xatirəsi var. Orada köhnəlmiş “Finskiy ev” var idi, amma çürümüşdü, onu düzəltdik, hasar qaldırdıq, bağlı yenidən diriltdik. Hərdən mənə deyirlər ki, o bağı sat. Mən isə deyirəm ki, onu edə bilmərəm. Məndən sonra övladlarım, nəvələrim nə edər özü bilər.

Fatimə Kərimli
Fotolar: Nuron məmmədov

Foto


Teqlər: