“Freedom House”un növbəti qərəzi

“Freedom House”un növbəti qərəzi
  05 Dekabr 2014    Oxunub:1804
Azərbaycanla bağlı qərəzli mövqeyi ilə fərqlənən “Freedom House” təşkilatının «İnternetdə azadlıq 2014» hesabatı əvvəlkilərdən heç nə ilə seçilməyib.

Ölkəmizə qarşı qarayaxma kampaniyası aparan bu təşkilat hesabatında Azərbaycanı `qismən azad` ölkələr siyahısında göstərib. Ermənistan kimi iqtisadi, siyasi tənəzzüldə olan ölkənin internet azadlığına görə ölkəmizdən yüksək pillədə göstərilməsi “Freedom House”un Azərbaycana qarşı qərəzli mövqeyindən xəbər verir.

Halbuki Ermənistanda insan azadlıqlarının, o cümlədən internet azadlığının hansı səviyyədə olması hər kəsə bəllidir. Azərbaycanın hər bir bölgəsində azad internet mühitinin mövcud olduğu təqdirdə ölkəmizin `qismən azad` ölkə kimi tanıdılması sözügedən təşkilatın qeyri-obyektiv mövqeyini açıq-aşkar göstərir.

Azərbaycanın Xarici İşlər Nazirliyi “Freedom House” təşkilatının hesabatını ciddi qəbul etməyib. Nazirliyin mətbuat vidmətinin rəhbəri Hikmət Hacıyev AzVision.az-a açıqlamasında belə bir qeyri-ciddi hesabata şərh verməyəcəklərini deyib:

“Biz elə bir təşkilatın hesabatına şərh vermirik”.

Xatırladaq ki, ölkə prezidenti İlham Əliyev də dəfələrlə çıxışında bu məsələyə toxunaraq Azərbaycanda internetin tam azad olduğunu bəyan edib.

Dövlət başçısı diqqətə çatdırıb ki, demokratiyanın və əsas azadlıqların təşviqi bizim üçün prioritetdir. Azərbaycanda bütün əsas azadlıqlar təmin edilib.

`Azərbaycanda mətbuat azadlığı, azad internet var. Vətəndaşlarımızın 70 faizdən çoxu fəal internet istifadəçisidir`.

Prezident həmçinin qeyd edib ki, insan azadlıqlarının qorunması müasir İnternet şəbəkəsinin vacib fəaliyyət istiqamətlərindən biridir.

`İnternet mediasının inkişafı, İnternetdə fikir və söz azadlığı, sosial şəbəkələrin genişlənməsi, hökumətin açıq və şəffaf fəaliyyətinin təmin olunması, vətəndaşların idarəçilik proseslərinə cəlb edilməsi qlobal şəbəkənin insanlara verdiyi yeni imkanlardır`.

Prezidentin fikrincə, Azərbaycanda İnternet azadlığı var. Belə ki, ölkədə İnternet-radio və İnternet-televiziya proqramları, elektron qəzet və jurnallar, xarici və daxili sosial şəbəkələr geniş yayılıb. Minlərlə bloger Azərbaycanın İnternet məkanında sərbəst fəaliyyət göstərir.

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov da çıxışlarından qeyd edib ki, Azərbaycan vətəndaşları mövcud qanunvericilik çərçivəsində öz fikirlərini istənilən məkanda, mediada, internetdə tam sərbəst ifadə edirlər. Bu baxımdan ölkəmizdə internet tam azaddır.

Nazirin sözlərinə görə, Azərbaycanda internet istifadəçilərinin sayının daim artması bunun bariz nümunəsidir.

`Hazırda ölkə əhalisinin təxminən 70%-dən çoxu internet istifadəçiləridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev internet azadlığının və internetdən məhdudiyyətsiz istifadənin təmin olunduğunu dəfələrlə qeyd edib`

İnternet azadlığı ilə bağlı “Freedom House” təşkilatının hesabatı Azərbaycan əleyhinə yönəlmiş ilk addım deyildi. Bu təşkilat demək olar ki, hər bir hesabatında ölkəmiz əleyhinə mövqeyi ilə seçilir. Bu isə Azərbaycan rəsmilərinin haqlı etirazları ilə qarşılanır. Etirazlara, təniqlərə baxmayaraq “Freedom House” qərəzli mövqeyindən əl çəkmir ki, çəkmir...

Qeyd edək ki, “Freedom House” təşkilatı ötən gün «İnternetdə azadlıq 2014» hesabatında qeyd olunub ki, Azərbaycanın qonşuları olan Gürcüstan 26, Ermənistan isə 28 balla azad ölkələr siyahısındadır. Ukrayna (33), Qırğızıstan (34), Azərbaycan (55), Rusiya (60), Qazaxıstan (60) «qismən azad» ölkələr sırasındadır.

Rüstəm İsmayılov
AzVision.az



Teqlər:  





Xəbər lenti