Qanunsuz ovçular cərimələndi

Qanunsuz ovçular cərimələndi
  01 Dekabr 2014    Oxunub:3319
Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən noyabrın 24-dən 30-dək keçirilmiş reydlərin nəticələri açıqlanıb.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, reyd zamanı Samux rayonunun Palıdlı meşəsi adlanan ərazisində qanunsuz ovla məşğul olan Füzuli kənd sakini Əli Əliyev saxlanılaraq ondan 1 ov tüfəngi və 2 ovlanmış qaşqaldaq quşu götürülüb. Qanun pozucusu barəsində akt və protokol tərtib edilərək 1000 manat məbləğində cərimə olunub.

Sarısu Ovçuluq Təsərrüfatı ərazisində isə qanunsuz ov edən Saatlı rayonunun Musalı kənd sakini Namiz İsmayılovdan 1 ov tüfəngi, 8 ördək götürülüb. Təqsirkar şəxs barəsində akt və protokol tərtib olunaraq 1040 manat məbləğində cərimə və iddia tətbiq edilib.

Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində keçirilmiş reyd zamanı qanunsuz ov edən Neftçala rayonunun Dördlər kənd sakini Vüsal Həsənov saxlanılaraq ondan 1 ov tüfəngi götürülüb. İnzibati xətaya yol vermiş şəxs 1000 manat məbləğində cərimə olunub.

Qax Dövlət Təbiət Yasaqlığının ərazisində ovla məşğul olan Zaqatala rayonunun Tala kənd sakini Ramiz Qardaşov saxlanılaraq ondan 1 ov tüfəngi və 29 patron götürülüb. Qanun pozucusu 1000 manat məbləğində cərimə edilib.

Eyni zamanda, Cəlilabad rayonu Zəvvar Ovçuluq Təsərrüfatı, Lənkəran rayonu Haftoni qəsəbəsi və Xaçmaz rayonu Muxtadır-Sibiroba ərazilərində ov edən 3 naməlum şəxs saxlanılıb. Faktlarla bağlı aktlar tərtib olunaraq həmin şəxslərdən 3 ov tüfəngi, 5 patron götürülüb. Sənəd təqdim etməyən qanun pozucularının şəxsiyyətlərinin müəyyən edilməsi və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün aidiyyəti rayon polis şöbələrinə müraciət edilib.

Reydlər davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti