Əlil və şəhid ailələrinə ev veriləcək

Əlil və şəhid ailələrinə ev veriləcək
  18 Noyabr 2014    Oxunub:1953
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi ilə yaxın günlərdə daha 46 rayonda əlil və şəhid ailələri üçün fərdi evlərin inşasına başlanılacaq.
Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə,bundan əvvəl 6 rayonda - Ağdam, Ağcabədi, Yevlax, Bərdə, Şəki, Qəbələ rayonlarında fərdi evlərin inşasına başlanıb.

Beləliklə, ilkin mərhələdə ümumilikdə 52 rayonda hər birinin həyətyanı sahəsi olan 353 ədəd fərdi evin inşa edilərək əlil və şəhid ailələrinin istifadəsinə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Xırdalan şəhərlərində yaşayan və mənzil növbəsində olan müharibə əlilləri və şəhid ailələrinin çoxmənzilli yaşayış binalarında mənzillərlə təminatı həyata keçiriləcək.

Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli sərəncamına əsasən, 2014-cü il yanvar ayının 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 5731 nəfər müharibə əlili və şəhid ailəsinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, əlil və şəhid ailələri yaşayış sahəsinə ehtiyacı olan şəxslər qismində rayon (şəhər) icra hakimiyyətləri (İH) tərəfindən növbəyə götürülür və ƏƏSMN inşa edilmiş mənzillərin bölgüsünü rayon (şəhər) İH-lərinin təqdim etdikləri növbəlilik siyahıları əsasında həyata keçirir. Rayon (şəhər) İH-lərindən ƏƏSMN-ə təqdim olunmuş mənzil növbəliliyi siyahıları bu sahədə şəffaflığın və ictimai nəzarətin təmin olunması məqsədilə ƏƏSMN-nin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsində yerləşdirilib.

Burada həmçinin artıq mənzillə təmin olunmuş əlil və şəhid ailələrinin də siyahıları ictimaiyyətə təqdim olunur.




Teqlər:  





Xəbər lenti