Vyetnamlılar Baş Prokurorluqda

Vyetnamlılar Baş Prokurorluqda
  11 Oktyabr 2014    Oxunub:1522
Azərbaycan Baş prokurorunun birinci müavini Rüstəm Usubov ölkəmizdə səfərdə olan Vyetnam Milli Assambleyasının Hüquq komitəsinin üzvləri ilə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az verilən məlumata görə, qonaqları salamlayan R.Usubov xalqlarımız arasında formalaşmış və ildən-ilə genişlənməklə dərinləşən ikitərəfli münasibətlər haqqında söz açaraq hər iki ölkənin müxtəlif dövlət təsisatları arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini xüsusi vurğuladı.

Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi istiqamətində aparılan köklü islahatlar, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, həmçinin qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat verildi.

Mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiya və rüşvətxorluq cinayətlərinə qarşı mübarizə məsələlərinin təşkili və həyata keçirilməsində prokurorluq orqanlarının üzərinə mühüm vəzifələrin qoyulduğu, bu sahədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən görülən işlər diqqətə çatdırıldı.

Milli Assambleyanın daimi Komitəsinin üzvü, Milli Assambleyanın Hüquq komitəsinin sədri, nümayəndə heyətinin rəhbəri Fan Trunq Li göstərilən yüksək qonaqpərvərliyə görə dərin minnətdarlığını bildirərək, Azərbaycan və Vyetnam arasında əlaqələrin sıx olduğunu, respublikamızın çox qısa zamanda yüksək nailiyyətlər əldə etməsini xüsusi vurğulayaraq məhkəmə-hüquq islahatları ilə bağlı həyata keçirilən tədbirləri də yüksək qiymətləndirdi.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparıldı və qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.


Teqlər:  





Xəbər lenti