İlham Əliyev: “Bütün problemlər həll olunacaq”

İlham Əliyev: “Bütün problemlər həll olunacaq”
  04 Oktyabr 2014    Oxunub:1974
“Bizim bütün şəhərlərimiz gözəl olmalıdır”

“İlk növbədə, sizi qarşıdan gələn Qurban bayramı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Sizə, Abşeron rayonunun bütün sakinlərinə, bütün Azərbaycan xalqına xoşbəxtlik, yeni uğurlar arzulayıram. Bu gözəl bayram ərəfəsində bu gün bu möhtəşəm mərkəzi biz birlikdə açırıq. Heydər Əliyev Mərkəzi doğrudan da, həm xarici görünüşü, həm də daxili dizaynı baxımından zövq oxşayır. Gözəl binadır, burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videomateriallar, fotoşəkillər, interaktiv lövhələr var. Müasir səviyyədə tikilmiş çox gözəl bir mərkəzdir. Mərkəzin yerləşdiyi meydan da abadlaşıb, gözəlləşib”.

AzVision.az xəbər verir ki, bu fikirləri prezident İlham Əliyev Xırdalan şəhərində Heydər Əliyev Mərkəzinin açılışında çıxış edərkən bildirib.

Ölkə başçısı Abşeron rayonunda, eləcə də Xırdalan şəhərində indiyədək çoxlu işlərin görüldüyünü diqqətə çatdırıb.

“Xırdalana şəhər statusu veriləndən sonra burada inkişaf daha da sürətli olmuşdur. İndi Xırdalan gözəl, abad şəhərdir və burada binalar tikilir, bərpa edilir, eyni zamanda, yollar salınır, sosial obyektlər inşa olunur, artıq Bayraq Meydanı yaradılıbdır. Bir sözlə, son illərdə Xırdalanın inkişafı çox sürətli olmuşdur və rayonda çox böyük işlər görülmüşdür. Yollar çəkilir, məktəblər, xəstəxanalar tikilir. Bir daha demək istəyirəm ki, bütün bunlar məni çox sevindirir. Çünki bizim əsas inkişaf istiqamətimiz sosial sahənin inkişafı ilə bağlıdır.

Bütün bölgələrdə, rayonlarda quruculuq işləri aparılır, şəhərlər abadlaşır və insanların yaşayış səviyyəsi yaxşılaşır. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, beynəlxalq mövqelərimiz daha da möhkəm olsun, insanlar daha da yaxşı yaşasınlar.

Bizim uğurlu inkişafımızın təməlini məhz ulu öndər Heydər Əliyev qoymuşdur. 1993-cü ildən bu günə qədər biz ancaq inkişaf yolu ilə gedirik. Ona görə Ulu Öndərin xatirəsini bu əziz bayram ərəfəsində biz böyük ehtiramla yad edirik. Biz Abşeron rayonunun timsalında Azərbaycanda aparılan iqtisadi, sosial islahatları görürük. Ümumiyyətlə, ölkəmizin sürətli inkişafı hər bir yerdə özünü göstərir. Əminəm ki, gələcək illərdə də Abşeron rayonunun inkişafı sürətlə gedəcək, burada bütün məsələlər öz həllini tapacaq, sosial problemlər bundan sonra da həll olunacaq”.

Prezident çıxışında həmçinin qeyd edib ki, bizim bütün uğurlarımızın təməlində düşünülmüş siyasətimiz dayanır.

“İki həftə bundan əvvəl biz “Əsrin kontraktı”nın 20-ci ildönümünü qeyd etmişik. Əgər o vaxt “Əsrin kontraktı” imzalanmasaydı, bu gün bu uğurlardan söhbət açmaq mümkün olmazdı. Neft-qaz sektorumuzun inkişafı, gəlirlərin düzgün bölüşdürülməsi bizi bu vəziyyətə gətirib çıxarıbdır. Mötəbər beynəlxalq təşkilatların hesablamalarında Azərbaycanda bu sahədə görülən işlər yüksək qiymətləndirilir.

Dünən Bakıda IV Beynəlxalq Humanitar Forumu öz işinə başlamışdır. Forumda iştirak edən qonaqlar, beynəlxalq təşkilatların nümayəndələri, dövlət xadimləri Azərbaycanda gedən inkişafı yüksək qiymətləndirmişlər. Onlar öz çıxışlarında Azərbaycanda sosial sahədə, xüsusilə yoxsulluğun azaldılmasında görülən işlərə yüksək qiymət vermiş və Azərbaycanı nümunə kimi göstərmişlər. Həqiqətən bu, belədir. Çünki son 10 il ərzində iqtisadi inkişaf templərinə görə bizim ölkəmiz qədər inkişaf edən ölkə olmamışdır. Bütün bunlar xalqın rifahı üçün edilir.

Ölkəmizin həm beynəlxalq mövqeləri möhkəmlənir, həm sosial sahədə böyük işlər görülür. Dünən işə başlamış Forum artıq dünya miqyasında nadir bir müzakirə meydanına çevrilibdir. Bunu biz etmişik. Çünki bu gün Azərbaycan bu bölgənin həm iqtisadi, həm mədəni mərkəzidir və bütün bunları biz özümüz yaratmışıq. Bütün bunlar Azərbaycan xalqının zəhməti hesabına yaradılıb. Biz bunu qiymətləndiririk və gələcəyimiz də çox uğurlu olacaqdır. Çünki hazırda icra edilən infrastruktur layihələri, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrası bizə əlavə imkanlar yaradacaq ki, - bu proqram 2018-ci ilədək başa çatacaq, - o vaxta qədər Azərbaycanda bir dənə də olsun icra edilməmiş infrastruktur layihəsi qalmasın.

O ki qaldı Abşeron rayonuna, burada işlər, qeyd etdiyim kimi, sürətlə gedir – həm sosial sahədə, eyni zamanda, abadlıqla bağlı böyük işlər görülür. Xırdalan şəhərinin siması tamamilə dəyişmişdir, indi gözəl, müasir şəhərdir və belə də olmalıdır. Çünki bizim bütün şəhərlərimiz gözəl olmalıdır. Azərbaycan xalqı buna layiqdir, biz də öz işimizlə çalışırıq ki, hər sahədə daha da yaxşı nəticələr olsun.

Bu gün bir neçə obyektin açılışı gözlənilir. Onlar da çox önəmlidir. Xırdalan üçün yeni imkanlar açılır və əminəm ki, həm Abşeron rayonunun, həm də ümumiyyətlə, ölkəmizin sürətli inkişafı bundan da güclü olmalıdır və olacaq.

Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanın əldə etdiyi uğurlar bu gün ən mötəbər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir və bizim təcrübəmiz indi başqa ölkələrdə də öyrənilir. Bunu biz etmişik, biz yaratmışıq.

Bu gün mənim Abşeron rayonuna səfərimin məqsədi həm sizlərlə görüşmək, həm də yeni obyektlərin açılışında iştirak etməkdir. Biz möhtəşəm mərkəzin açılışını qeyd edirik. Əlbəttə, gələcək inkişafla bağlı əlavə tədbirlər görüləcək. Bu məqsədlər üçün həm rayon səviyyəsində xərclərdən, həm də dövlət büdcəsinin xərclərindən istifadə olunacaq.

Bir sözlə, biz çox sürətli temp götürmüşük və çalışacağıq ki, gələcək illərdə də bu tempi saxlayaq. Çünki hələ görüləsi işlər çoxdur. Sizi, Abşeron rayonunun bütün sakinlərini bir daha qarşıdan gələn gözəl Qurban bayramı münasibətilə təbrik edirəm. Sağ olun”.

AzVision.az


Teqlər:





Xəbər lenti