Ruhu azan `fake` millət - I yazı

Ruhu azan `fake` millət  - I yazı
  02 Oktyabr 2014    Oxunub:5583
Aydın Cəfərov

Ölkə insanında bir dözümsüzlük, aqressiya müşahidə edirəm. Metroda, avtobusda, hava limanında, məktəbdə, idmanda, ucu-bucağı bilinməyən tıxaclarda, istirahətdə və hər yerdə. Haradandır bu neqativ və dağıdıcı enerji?


Tıxaclarda yaşı 50-dən yuxarı "kişilərin" sosium qaydaları və əxlaq normalarına tüpürərək çıxdıqları oyunlar heç bir məntiqə sığmır. İnsan insanın bu qədərmi düşməni ola bilər, ibtidai instinktlərin bu qədərmi köləsi olmaq olar? Deyirlər, insan yaşlaşdıqca müdrikləşir. Bu adamlar 50 yaş üzərində belə tərbiyəsizliklər edirlərsə, görün "evrim" öncəsi 18-25 yaşlarında nə oyunlardan çıxıblar...

Gənc qız özünə qəsd üçün çoxmərtəbəli binanın çardağına çıxır, aşağıda toplaşan yüzlərlə "qana susamış" insan bunu telefonlarına çəkərək "tez ol at özünü, çıxıb gedək, işimiz-gücümüz var" deyir.... Kütlə qurban istəyir... Mel Gibsonun inkləri, Ku-kluks-klan kimi. Harada dəfn elədi bu millət mərhəmət, şəfqət hissini...

Ağzı özükimilərlə qeybətə qızışan “ana”nın baxımsız qalmış uşağı yıxılanda başı betona çırpılır. Onun bir müddət sonra başı parçalanan uşağının harayına çatanda körpəni ona yardım etmış yad insanların əlindən alaraq qanına-yarasına baxmadan, acımadan döyməsi hansı məntiqə sığır?!.. (Şahidi olmuşam) Bu, nə yersiz "tərbiyə və tənbeh" üsuludur, bu hadisədə tənbeh olunası yalnız bioloji valideyin adına iddia edə biləcək həmin qadının özü deyilmi?

Məktəbə dərsə gedən uşağın "o, bizm takımdan deyıl" çağırışıyla heç tanımadığı digər bir məktəbli qrup tərəfindən vurulub başının partladılmasınımı deyım?.. Lazım olmayan vaxt, lazım olmayan yerdən keçirmiş - yox, dərsə gedirmiş.
Nə imiş, nə olmuş hambalın suçu...
Yoldan təsadüfən keçən bir qoçu
Sınamaq istəmiş öz naqanını
Günahsız hambalın tökmüş qanını...

Allahdan danışıb Allaha inanmayanlar, debatlarda, mitinqlərdə qışqırsalar da heç bir əqidəyə sadiq olmayanlar, dövlətdə işləyib dövlətə qulluq etməyənlər, vicdanı ölü, keçilməz qırmızı xətləri, "olmaz"ları olmayanlar zümrəsi yetişir. Nə sevgi var, nə sayğı, nə də hörmət. Nə qorxu var, nə öhdəlik, nə də xidmət...

Həyat - yeganə qaydası sağ qalmaq olan qənimət və nüfuz savaşlarının getdiyi döyüş meydanıdır. “Sağ qalmaq” deyəndə söhbət fiziki mənada sağlıqdan gedir - kütləvi psixoz, daxili ölüm kimsənin umrunda belə deyil... Sonu bəlli olmayan bu davada ruh daim əzabdadır - demək bədən də qışqıracaq... Yeni-yeni klinikalar açılacaq, özündən qaçan insan da iranlı və türk plastik cərrahlarının bıçaqları altında qurtuluş axtaracaq...

90-cı illərdə (tələbəlik illərim) Bakıda ən çox rast gəlinən saatsaz və ayaqqabı təmiri köşkləri idi. Adamda belə bir təəssürat yaranırdı ki, bu ölkədə zaman dayanıb, ayaqqabılar da yolsuzluqdan cırılıb. İndi bunlardan əsar-əlamət qalmayıb. "Mediumlar"la məsləhətləşib, şadlıq saraylarında əməlli yeyib-içdikdən sonra özəl klinikalarda müalicə olunursan...

Cadugərlik, ektrasenslik, ezoterika tamam başqa mövzudur... Dərin depressiya illərində keçim çətinlikləri içində çarpışan Amerikada gerçəklik hissini itirən millət qurtuluşu cadugərlərdə axtarırıdı. Bu, kütləvi bir şəkil almışdı. Depressiya sovuşduğunda, bu təlabat da öz-özlüyündə yoxa çıxdı...

Müəllimi, biznesmeni, məmuru, ziyalısı, siyasətçisi cadugərlər tərəfindən zombiləşdirilən (üstəlik buna görə pul verən) millətin ruhu işğal altındadır... Biz oxumamaq, təhsil almamaq üçün pul verən nadir tapıntılarıq... Biz işdə oturub necə pul qazanmaq haqqında fikirləşən fərqli zümrəyik... Oxumaq istəməyənlər "oxuyur", işləmək istəməyənlər də "işləyir"...

Televiziyalarda aparıcının qonağına sual verib, sonra müsahibinə imkan vermədən isterik şəkildə durmadan çərənləməsi adamın xəstə ruh halından xəbər verir. Müzakirələrdə insanların bir-birinə qarşı ünsiyyət, davranış mədəniyyəti bir yana - nifrət, aqressiya və dözümsüzlüyü açıq-aşkardır.

Bədən dili və danışıq fərqli şeylər mesajlayır. "Necəsən?" deyə hal-əhavl tutduğun hər kəs özü də fərqinə varmadan , şüuraltı səviyyədə "Şükür Allaha, hər şey yaxşıdır" deyə standart cavablar verir... Baxırsan, bədən, mimika, jestlər qışqırır... Bu adamdan belə səs çıxa bilməz axı... Hər şey "fake"...

Ekranlarda, küçədə, parkda, restoranda, tıxaclarda, ailədə, idarə və nazirliklərdə, hətta xəstəxanalar və psixoloqların özlərində də klinik psixoz və depressiya əlamətləri uzaqdan görünür.

Ölüsünə dənizə baxan yerdə məzar yeri alan, tabutunun əl işləmələrinə milyonlar xərcləyən bir qövm gerçəklik hissini itirməyibmi?

Telefon alıb, zənglərə cavab vermədən onunla yalniz "facebook"a, "WhatsApp"a şəkil çəkən bir toplumun halı nə? Mətbuat problemlərini müzakirə edənlərin hansı dildə danışdıqlarının bəlli olmaması, mədəni inqilab etmək iddiasında olanların şəxsi gigiyenasının olmaması cəmiyyətin klinik ölüm simptomu deyilmi?

Verdiyi sözdən, razılaşmadan, əhddən heç bir əzab çəkmədən vaz keçən bir gənclik var... XX əsrin əvvəlində cahillik və savadsızlıq heç də indikindən çox deyildi... Sağalmağa, qurtuluşa, maariflənməyə bir dirəniş var. Hər kəs öz halından məmnundu... Xoşbəxt olmaq istəməyən birini kimsə xoşbəxt edə bilməz... Həyata müsəlman doğulan mİllətin inanmadığı Allah da "istəyin ki, verim" deyir...

Qazanılmış uğursuzluq sindiromu, ümüdsizlik, süstlük, çarəsizlik, yoxa çıxmış özgüvən, dözümsüzlük, aqressiya - Bu kütləvi psixoz və depresiyyadır. Bu neqativ millətin içini yeyir...

Nədir bu halımız?


Teqlər:  





Xəbər lenti