“Əsas yük qadınların çiyinlərinə düşür” - Bahar Muradova

“Əsas yük qadınların çiyinlərinə düşür” - Bahar Muradova
  02 Oktyabr 2014    Oxunub:1935
“YAP budəfəki seçkilərə də güclü daxil olacaq və güclü, qalib çıxacaq”
AzVision.az xəbər verir ki, bu fikirləri Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova hakim partiyanın saytına müsahibəsində bildirib.

B.Muradova YAP-ın qarşıdan gələn bələdiyyə seçkilərinə ciddi hazırlaşdığını qeyd edib:

“Partiyamız seçkilərə yüksək səviyyədə hazırlaşır. Son vaxtlar bu istiqamətdə keçirilən tədbirlər bütün ictimaiyyətə məlumdur. Hesab edirəm ki, bu prosesdə qadınlarımız da fəaldır. Qadınların fəallığına ötən bələdiyyə seçkilərində çox yaxşı təkan verdik. Ötən bələdiyyə seçkiləri ərəfəsində Yeni Azərbaycan Partiyasının fəal işinin nəticəsi idi ki, bələdiyyə üzvləri içərisində 4 faizədək olan qadınların iştirakı 27 faizə qədər yüksəldi. Bu, çox böyük uğurdur və bilavasitə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı sayəsində əldə olunub. Eyni fəaliyyəti bu dəfə də davam etdirmək əzmindəyik. Bildiyimiz kimi, artıq YAP Qadınlar Şurasının rayon və şəhər təşkilatlarının rəhbərlərinin iştirakı ilə bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar müşavirə keçirilib və konkret tapşırıqlar yerlərdə icra olunmaqdadır. Yeni Azərbaycan Partiyasının seçkilərdə iştirak təcrübəsi, əldə etdiyi uğurlar və daim yeniliyə meyli imkan verir ki, biz istənilən vaxt bütün fəaliyyətimizi seçki relsi üzərinə keçirək. Ona görə də, bu seçkilərdə hər hansı çətinliyin və ya problemin olacağını düşünmürəm. Seçkiyə hazırlığın müvafiq mərhələsinə uyğun vəzifələr zamanında yerinə yetirilir.

Bildiyiniz kimi, bütün dünyada olduğu kimi, Azərbaycanda da seçki təşkilatçılığının əsas yükü qadınların çiyinlərinə düşür”.

B.Muradov seçkilərdə namizədlərin sayının kifayət qədər çox olacağını deyib.

“Çünki ötən 5 ildə seçilmiş namizədlərimizin uğurlu fəaliyyəti bizə digər qadın namizədlərin də özlərini bu posta layiq və güclü bilmələri üçün müvafiq qərar qəbul etmələrinə imkan verir. Qadınlar hər hansı vəzifəni qəbul etmək üçün çox düşünürlər, ancaq onu qəbul edəndən sonra çox yüksək səviyyədə yerinə yetirirlər. Ona görə də, hesab edirəm ki, seçkili orqanlarımızda təmsil olunan qadınların rolu və fəaliyyəti digər qadınları da bu işə ruhlandırır və biz çoxsaylı namizədlərin iştirakının şahidi olacağıq. Əlbəttə ki, nə qədər çox namizədimiz olacaqsa, onların içərisindən daha çoxlarının seçilmək şansı var. Bu səbəbdən, kişiləri də bu məsələdə qadınların işinə dəstək verməyə çağırırıq. Çünki qadınların bələdiyyələrdə iştirakı bütün mənalarda bu işin daha səmərəli, faydalı və müsbət nəticələrlə yadda qalmasına şərait yaradır.

Namizədlərin seçiminə də ciddi diqqət yetirmək lazımdır. Azərbaycanda çoxpartiyalı sistem mövcuddur və digər siyasi partiyaların nümayəndələri də bu prosesdə iştirak edəcəklər. Sağlam atmosferdə keçən rəqabət əlbəttə daha güclü namizədlərin seçilməsinə şərait yaradacaq. Ancaq əgər hər kəs yenə də bir birinin namizədlərini gözdən salmağa çalışacaqsa, milli maraqlar bir kənarda qalıb partiya mənafeyi güdüləcəksə bu bələdiyyə institutunun gözdən salınmasına "töhfəsini" verə bilər. Lakin YAP hər zaman olduğu kimi, bu məsələdə də əsas söz sahibi olduğuna görə düşünürəm ki, onun münasibəti üstünlük təşkil edəcək və seçicilərə öz seçimlərini etmək üçün şərait yaradılacaq”.

AzVision.az


Teqlər:  





Xəbər lenti