AzVision.az simalarda – PORTRETLƏR

AzVision.az simalarda – PORTRETLƏR
  01 Oktyabr 2014    Oxunub:22328
Vüsal Məmmədov
AzVision.az saytının baş redaktoru

“İki il əvvəl biz AzVision-u yaradanda inanmırdıq ki...” Belə yazılar adətən bu cür şablonla başlayır. Hə, AzVision ölkədə onlayn media bumu yaşanan bir dövrdə yarandı. Amma çox tezliklə öz yerini tutdu və sübut etdi ki, ucuz oyunlara getmədən, ciddi sayt olaraq da tanınmaq, oxucu qazanmaq mümkündür.

Bunu biz necə etdik? Konkret məqsəd, düzgün strategiya və... doğru kollektiv! Tam səmimi deyirəm: Azərbaycanda ən gözəl kollektivlərdən biri AzVision.az-dadır. Mən bu kollektivi çox sevir və böyük bir sərvət sayıram.

Mənim üçün AzVision öz çəkisi və nüfuzu olan sayt, gündəlik 16-18 min oxucu, alexa-da 20-ci yer olmaqla yanaşı, həm də misilsiz bir kollektiv deməkdir.

Buyurun, sizi də bu gözəl kollektivlə tanış edirəm.

Şahanə Rəhimli



Ləqəbi: Şako
Ən məşhur sözləri:
- Başınızı it başı kimi əzərəm!
- Canım yanmasın!
- İtin-pişiyin olum, Allah!..


Bir evdə böyük qız nədirsə, AzVision-da Şako odur. Nazlı, işvəli, hərdən bir az qəzəbli, amma yazmaqdan tutmuş, qab yumağa qədər hər işə can yandıran... Təbii, redaksiyaya elçi gəlsə, onda da Şakonun böyük qız olduğunu nəzərə alacağıq, amma “gözü kor olmuşlar” hələ ki gəlib çıxmır.

Şakonun geyimləri redaksiyada əsas zarafat mövzularından biridir. Bəlkə də yeganə qızdır ki, paltarlarını əslində haradan və neçəyə aldığını gizlətmir. Öz aramızdır, bu zarafatlarda bir həqiqət payı da var: zalım qız taksi sürücülərinin qənimidir. Şako taksiyə oturdusa, həmin gün sürücü ac qalacaq – çünki heç biri ondan pul almır, daha doğrusu, istəyə bilmir. Pul-zad yaddan çıxır: Sumqayıtdan Bakıya o boyda yolu Şakonu qonaq eləməyi özlərinə müqəddəs borc bilirlər. Ağlınıza heç zad gəlməsin... Təsadüfdənmi, ya nədənsə bütün taksi sürənlər Şakonun “ellisi” çıxırlar.

Şakonun telefonla danışması bir ayrı aləmdir. Bir dəfə kimisə o qədər şirin-şirin dilə tuturdu ki, hətta Səbinə özünü saxlaya bilməyib, gedib Şakonu dişləmişdi. Çətinə düşəndə müsahibini söhbətə razı sala bilmək üçün “...vallah, heç nə eləməyəcəm... incitməyəcəyəm ki sizi” deyə, onları şirin dilə tutur.

Fatimə Kərimli



Ləqəbi: Fatoş / Cücə / Nardança
Ən məşhur sözləri:
- Uvvvv, beybi...
- Zalimsin, dünya!
- Mutluyuz, umutluyuz...
- Bu gün nə yeyəcəyik?


Cücəmizə hərdən “Şiddət Fatoş” da deyirik. Çünki bəzi adamlara necə əzab verə biləcəyini o qədər ləzzətlə təsvir edir ki, tanımayanlar onu sadist zənn edərlər. Bir dəfə dinə-imana gəlmək üçün Facebook profilində adını Fatimə Kərimlidən Hidayət Kərimliyə dəyişsə də, hidayət olunmadı.

Amma əslində Fatoş çox kövrək, incə naturası olan bir insandır. Aqressiyası sadəcə, mühiti özünə yad hesab edəndə baş qaldırır. Əsl cücə şiddətidir, yəni. Dostoyevskinin yaradıcılığını şumlayan, Kafkanı əzbər bilən insan başqa cür ola da bilməz.

Ateizmində allahlılıq, feminizmində qadınlıq gizlənən unikal bir insandır Fatoş. Özünə qapalıdır, hətta AzVision kimi səmimi bir kollektivdə də çox şeyi içində saxlayır. Bir də, ac olanda üzünü görmə!..

Sevinc İltifatqızı



Ləqəbi: Maral
Ən məşhur sözləri:
- İvit-ivit
- Nayır, nolamaz
- İş başka, aşk baska
- Hocam


Mərd, sədaqətli, güvənilən, səmimi, cəsarətli, sözü üzə deyən... Maral əla dostdur - xoş onunla dost olanın halına! Maralla bir yerdə baş kəsməyə də getmək olar. Həyatını etibar et, əmin ol ki, heç vaxt səni satmaz. Və əgər səndən üzü döndüsə, bunu əvvəlcə açıq şəkildə özünə deyəcək, heç vaxt arxadan gizli zərbə vurmaz. Üstəlik, çox gözəl yumor hissi var.

Maralın AzVision.az qarşısında xidmətləri çoxdur və böyükdür. Sayta çox can yandırır və xeyli də fayda verir. İP-nin nə qədər olması ilə ən çox maraqlanan da odur. Bir ara deyirdi ki, “İP-miz ilə nəfəs alıram”.

Amma bütün bunlarla yanaşı, Maralı bircə sözlə tanıtmaq lazım gəlsə, mən “Mərd” sözünü seçərdim.

Bu ay Maralımızın toyudur... Xoşbəxt ol, gözəl dostumuz, sən buna layiqsən!

Anar Rüstəmov



Ləqəbi: Rüstəm
Ən məşhur sözləri:
- Yediniz, durun işinizin başına...
- “Saçokluq” etməyin!


AzVision.az-ın redaktoru bir az qaraqabaqdır və bu, belə də olmalıdır – axı onunla eyni otaqda 4 qız da var. Qaraqabaq olmasa, qafa əldən gedər.

Amma Anarın çox sərrast və incə yumoru var, zarafat edəndə konkret hədəfi vurur. Üstəlik, qızlarla işləməyi xoşlamır.

Qətiyyən söz götürən adam deyil. Gənc olmasına baxmayaraq, kifayət qədər peşəkardır. İşini əla bilir. Güvənilən adamdır.

Jurnalistikanı çox sevir, bu peşə onun canındadır: bəzən Anarın yorulmadan nə qədər işləyə bildiyinə heyrət edirsən. Mən qarşıdakı illərdə Anarı Azərbaycan onlayn mediasında ən peşəkar redaktorlardan biri kimi görürəm.

Mirvari Nəcəf



Ləqəbi: Miriş
Ən məşhur sözü:
- Qoxunuz kəsilsin
- Məəəlllimmmm...
- Nə yeyəcük?


Miriş qəribə qızdır. Bəzən saatlarla qaşqabaqlı olur, bəzənsə elə qəhqəhə çəkir ki, qonşular şikayətə gəlirlər. Çox vaxt öz etibarlı dünyasına qapılır. Açıq deyəcəyəm: tanıdığım yeganə qızdır ki, hətta sevdiyi adamdan ayrılandan sonra belə, həmişə onu müdafiə edir və haqqında pis söz deyilməyə qoymur.

Amma eyni zamanda, içində bir əhli-keflik də var və hərdən bu naturasını bir qədər azadlığa buraxır. Qatı antifeministdir: kişinin güclü olmasının və qadını tabe etdirməsinin tərəfdarıdır.

Maraqlı, amma özünəxas yumor hissi var. Facebook-da qalmaqal qoparmağın böyük ustasıdır. Hər dəfə Miriş status yazanda fikirləşirik ki, görəsən, bu dəfə kiminlə dava düşəcək?

Bu arada, bəzən şiddətdə heç də Fatoşdan geri qalmır. Bir qaşqabaq tökür ki, Təbii Sərvətlər Nazirliyi çaşıb, havanın tutqun olması haqqında səhv proqnozlar verir. Kompüterə elə baxır ki, sanırsan, indi baxışları monitoru deşəcək.


Eldar Tanrıverdiyev



Ləqəbi: Pikaçu
Ən məşhur sözü:
(Qızlardan birinə zarafatla) - “Elə buna görə, səni boşadılar!”

Eldar aramıza təzə qatılıb. Onu hələ indi-indi çözməyə başlayırıq. İlk təəssüratlar belədir: savadlıdır, mədənidir, amma araşdırmalarımız hələ davam edir. Heç nəyə baxmayaraq, artıq kollektivlə tam qaynayıb-qarışıb. Lakin o da çox qapalıdır, hələ yavaş-yavaş açılışmağa başlayır.

Hərçənd, xüsusilə də qızlarla zarafatlarında artıq uzağa getməyi bacarıb. Uzaq demişkən, Sumqayıtdan gəlsə də, işə hamıdan tez çatanlardan biridir.

Anar Kəlbiyev



Ləqəbi: Anka
Ən məşhur sözü: Yetim

“Bu, köhnə temadır, Yetim...” Yəqin başa düşdünüz, Anar da Sumqayıt uşağıdır. Buradan irəli gələn bütün nəticələrlə birlikdə. Məsələn, Anar üçün “panyatka” anlayışı var və əsasdır. Meyxana xoşlayır, Sumqayıtın yetirdyi bütün “qıjı” müğənniləri tanıyır. Qalan şeylərin də hamısını demək olmur da... Böyük hərflərlə -Sumqayıt Uşağı.

Amma zarafatı bir kənara qoysaq, Anar yaşının azlığına baxmayaraq, bacarıqlı və istedadlı jurnalistdir. Yəqin ki, qarşıdakı illərdə imzasını kifayət qədər tanıdacaq. Qalmaqaldan uzaq adam olması da onun bir müsbət cəhətidir.

Səbinə Həsənova



Ləqəbi: Səbiş
Ən məşhur sözü:
- Səni sevirəm
- Millət, neyniyirsiz?

AzVision.az-ın ingilis dilli versiyasının redaktoru içimizdəki ən savadlı və təcrübəli jurnalistlərdən biridir. İTV-də və Lider-də uzun müddət ingilis xəbərlərini təqdim etsə də, AzVision-u bütün əvvəlki iş yerlərindən daha çox sevir. Və bu sevgi qarşılıqlıdır.

Zahiri və daxili gözəlliyi bir-birini tamamlayan, xanım-xatınlıq etalonu sayıla biləcək Səbiş, həm də çox kövrək və həssas insandır. Həm də küsəyən... Həm də etibarlı... Həm də sadiq...

Üstəlik, çox ləzzətli yemək bişirir: redaksiya əhli ağızlarının dada gəlməsini istəyəndə məhz Səbişdən yemək bişirməsini xahiş edirlər.

Nuron Məmmədov



Ləqəbi: Manıs
Ən məşhur sözü: Qlamur

Redaksiyamızın sonbeşiyidir Manıs – cəmi 19 yaşı var. Amma əla fotoqrafdır, çalışqandır... Bircə qlamur tutqusu olmaya. Onu bu xəstəlikdən qurtarmaq üçün hətta “qlamur” sözünün “qıl” sözündən yarandığını da dedik, amma yenə də xeyri olmadı.

Zalım manısa deyirik, get filankəsi çək, deyir ki, “qlamur deyil axı...”.

Ən böyük arzusu qlamur qızla evlənməkdir.

Hə, bir də manıs depressiyaya düşmək üzrə fəlsəfə doktorudur. Onun müntəzəm depressiyaları əsl mərasimdir: qəmgin mahnılar oxudur, məzlum sifət alır, gözlərinə qalaktika miqyaslı kədər çökür...


Emin Piri



Ləqəbi: Şair
Ən məşhur sözü:
- Mən əsgərlikdə olanda...

Hazırda ölkənin 3 ən yaxşı gənc şairindən biri olan Emin həm də AzVisionçudur. Cəsarətli erotik şeirlərilə də tanınır. O şeirlər daha da cəsarətli ola bilərdilər, əgər Emin atasından qorxmasaydı...

Zarafatı qırağa qoysaq, Emin yaxşı oğlandır, amma bir az özünə qapalıdır, bir də bütün şairlər kimi hərdəmxəyaldır və fantaziyası güclüdür.

Emin də AzVisionun gerçək təəssübkeşidir və saytımızı doğrudan çox sevir, özünü buranın bir parçası hiss edir. İndi yaradıcılıqla daha çox məşğul ola bilməsi üçün bizimlə vidalaşmaq üzrədir, amma harada olsa da, daim bir AzVisionçu olaraq qalacaq.

Ülkər Qurbanəliyeva



Ləqəbi: Ləzgi qızı / Duzsuz
Ən çox işlətdiyi söz:
- A znayeş?..

Vzglyad.az-ın kıvırcık tərcüməçisi çox duzlu qızdır – o dərəcədə ki, bir dəfə “redaksiyanın ən duzsuz adamı kimdir” sorğusunda özünə səs vermişdi. Zarafatlardan incimir və bütün aqressiyalara sakit yanaşır.

Üzünü adətən nahar vaxtı mətbəxdə görürük, qalan vaxtlar başını aşağı salıb işini görür.

Axır vaxtlar Fatoşla möhkəm dostlaşıblar və bununla bağlı özünün maraqlı zarafatı var. Allah gerçəyindən qorusun!

Leyla Murad



Vzglyad.az-ın Leylası redaksiyada səsi ən az eşidilən əməkdaşdır. Sakit gəlir, sakit işləyir, sakit gedir. Aradabir nahar vaxtı sakit-sakit nəsə toxuyur – sözün hərfi mənasında, iplərlə. Qısa ətəklərilə redaksiyanın interyerinə gözəllik qatır. Əgər redaksiyalar arasında model müsabiqəsindən-zaddan olsaydı, göndərərdik, gedib əsas mükafatı alıb qayıdardı...

Qalereya




Teqlər:  





Xəbər lenti