Səlim Müslümov BMT-dən səsləndi

Səlim Müslümov BMT-dən səsləndi
  23 Sentyabr 2014    Oxunub:1311
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BMT Baş Assambleyasının “Əhali və inkişaf üzrə Qahirə konfransının Fəaliyyət Proqramı”nın 20 illiyinə həsr olunmuş 29-cu xüsusi sessiyasında çıxış edib.
AzVision.az nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir ki, Səlim Müslümov fəaliyyət proqramının qəbul olunduğu vaxt Azərbaycanın qarşılaşdığı problemlərdən danışıb: “Həmin dövrədək ölkəmizin ciddi siyasi, iqtisadi və sosial böhran vəziyyətində olması imkanları xeyli məhdudlaşdırmışdı. Xüsusən də bu vəziyyət Ermənistanın Azərbaycan ərazisinin 20 faizinin işğal etməsi və 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi ilə daha da mürəkkəbləşmişdi. Təbii ki, belə gərgin situasiya əhalinin həyat səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə, bu isə öz növbəsində demoqrafik proseslərin mənfi istiqamət almasına səbəb olmuşdu”.

Ötən 20 ildə Azərbaycanda əhali sakinliyi ilə bağlı məsələlərin həlli sahəsində həyata keçirilən tədbirləri diqqətə çatdıran nazir bildirib ki, postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda 1999-cu ildə Demoqrafik İnkişaf Konsepsiyası təsdiq edilib: “Konsepsiyanın icrası zamanı ölkənin demoqrafik potensialının reallaşdırılması məqsədilə əhali sağlamlığının möhkəmləndirilməsi, o cümlədən reproduktiv sağlamlıq, təhsilin keyfiyyətinin artırılması, əhalinin, həmçinin həssas qrupların məşğulluğunun təminatı, gender bərabərliyinə nail olunması, miqrasiya proseslərinin səmərəli tənzimlənməsi və sair istiqamətlərdə mühüm işlər görülüb.

Ölkənin mövcud səhiyyə və təhsil infrastrukturunun, demək olar, yarısı məhz son 20 ildə yaradılıb. Bu müddətdə Azərbaycan əhalisinin sayı 26 faiz artaraq 9,5 milyona çatıb və hazırda ölkədə əhalinin illik artım tempi 1,3 faiz təşkil edir. Bu müsbət demoqrafik proseslər eyni zamanda körpə və uşaq ölümü hallarının müvafiq olaraq 2,3 dəfə və 3,5 dəfə azalması ilə müşahidə olunub. Doğulanda gözlənilən ömür uzunluğu 4,6 il artaraq 74,2 yaşa çatıb. Uğurlu sosial-iqtisadi inkişaf strategiyası ölkədə yoxsulluq səviyyəsinin qeyd olunan dövrdə 11 dəfə azalaraq 5,3 faizə, işsizliyin 3,5 dəfə azalaraq 5 faizə enməsinə səbəb olub”.

Səlim Müslümov Azərbaycanda demoqrafik siyasətin ölkənin milli və demoqrafik xüsusiyyətlərinə, sosial-iqtisadi şəraitinə uyğun şəkildə aparıldığını, hazırda 2025-ci ilədək dövr üçün əhali sakinliyi və demoqrafik inkişaf üzrə dövlət proqramının hazırlandığını qeyd edib.


Teqlər:  





Xəbər lenti